ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcəklər

2 Aprel 2011 13:08
Bu barədə Trend-ə ATƏT-in mətbuat xidmətindən məlumat verilib. "Həmsədrlərin səfərində məqsəd Soçi görüşündə əldə olunan müsbət impulsa əsaslanaraq baza prinsiplər əsasında müzakirələrin davam etdirilməsidir", - mətbuat xidmətindən deyiblər.

Həmçinin, bütün tərəflərin iştirakı ilə atəşkəs rejiminin pozulmasının araşdırılmasına dair Soçidə götürülən öhdəliklərin yerinə yetirilməsi üzrə konkret təkliflər də müzakirə olunacaq.

Xatırladaq kİ, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev və Ermənistan prezidenti Serj Sarkisyan Soçidə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə birgə bəyanat qəbul ediblər. Sənəddə deyilir ki, liderlər 2010-cu il oktyabrın 27-də qəbul etdikləri bəyannamənin reallaşdırılması məsələlərini nəzərdən keçiriblər. Eləcə də prezidentlər ən qısa müddətdə hərbi əsirlərin dəyişdirilməsi prosesinin başa çatdırılması barədə razılığa gəliblər. Bundan başqa, sənəddə "bütün mübahisəli məsələlərin dinc yolla həll edilməsi və ATƏT Minsk qrupunun həmsədrlərinin himayəsi altında tərəflərin iştirakı ilə atəşkəs xəttində ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin iştirakı ilə mümkün insidentlərin araşdırılmasına" cəhd qeyd olunur.

Milli.Az