Berlində Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirilib - FOTO
1 Aprel 2011 14:19
Milli.Az xəbər portalının AzərTAc-a istinadən verdiyi məlumata görə, Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin və türk diaspor təşkilatlarının nümayəndələrinin iştirak etdikləri aksiyada əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı və "Kaya" səyahət bürosunun dəstəyi ilə keçirilən aksiyada Ermənistanın şovinist və terrorçu siyasətini pisləyən şüarlar səslənib, 1918-ci il 31 mart hadisələrinə dair çıxışlar olub.
Aksiyada bəyanat da qəbul edilib. İştirakçılar dünya birliyinin diqqətini 1918-ci ilin mart-aprel aylarında ermənilərin törətdikləri qanlı hadisələrə cəlb edib, beynəlxalq ictimaiyyəti Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılığa obyektiv hüquqi-siyasi qiymət verməyə çağırıblar. Beynəlxalq təşkilatların ünvanına Azərbaycanın ədalətli mövqeyini dəstəkləmək, soyqırımı dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistana qarşı sanksiyalar tətbiq etmək, respublikamızın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpa edilməsi işinə biganə yanaşmamaq və s.çağırışlar səslənib.
Almaniyanın bir sıra ictimai-siyasi qurumlarına, dövlət və qeyri-dövlət təşkilatlarına 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı məlumatlar göndərilib.
Aksiyanın sonunda bəyanat imzalanmış və Ermənistan səfirliyinə təqdim edilib.
Milli.Az
