Cəbhəçilərlə müsavatçılar liberallara niyə cavab vermədi?
1 Aprel 2011 11:48
Azərbaycan Yaşıllar Partiyasının (AYP) qərargahında AYP sədri Mais Gülalıyev, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan və Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev arasında dünən görüş keçirilib. VİP-in mətbuat xidmətindən verilən məlumata görə, üçtərəfli görüşdə ölkədəki mövcud vəziyyət və müxalifətdaxili proseslər müzakirə olunub.
Partiya sədrləri apardıqları müzakirələr zamanı müxalifətdaxili inteqrasiya prosesinin perspektivinə dair məsələyə xüsusi diqqət yetiriblər. Əldə olunan razılaşmaya əsasən, bu istiqamətdə məsləhətləşmələr davam etdiriləcək.
Liberal Partiyasının sədri Əvəz Temirxan Milli.Az xəbər portalının əməkdaşı ilə söhbətində bildirdi ki, görüşdə müzakirə edilən əsas məsələ müalifət düşərgəsindəki aparıcı qüvvələrin inteqrasiya və əməkdaşlığı, belə əməkdaşlığın perspektivləri olub.
"Müxalifətdaxili əməkdaşlıq təəssüflər ki, arzuolunan səviyyədə deyil. Ciddi və səbatlı dialoqa ehtiyac var. Biz hesab edirik ki, müxalifət düşərgəsinin aparıcı qüvvələri olan 8 partiya bir araya gəlməli, nüvə və lokomotiv rolunu oynamalı, əsas ağırlığı öz üzərilərinə götürmək şərtilə İctimai Palatada təmsil olunan və olunmayan, digər qurumlarda olan və olmayan - müxalifətin bütün geniş kəsimini bir araya gətirməklə müzakirələrə başlamılıdır. Belə müzakirələrə, əməkdaşlığa və tərəfdaşlığa ehtiyacımız var", - Əvəz Temirxan dedi.
Onun sözlərinə görə, belə təşəbbüsün reallaşdırılmasına başlamaq təklifi ilə Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyalarına müraciət ediblər. Lakin liberalların müraciətinə hələ də cavab verilməyib.
"Nə yazıq ki, onlar müraciətimizə cavab vermədilər, münasibət və ya mövqelərini də açıqlamadılar. Ümumiyyətlə, müxalifət daxilində əməkdaşlığa mane olan qüvvələr var. Həmin qüvvələrin adlarını açıqlayaraq müxalifət daxilində yeni qarşıdurmaya səbəb olmaq istəmirəm. Cəmiyyət hər şeyi görməlidir və görür də", - ALP sədri dedi.
Orxan Hun
Milli.Az