İlk buktreyler festivalının qalibləri məlum olub - FOTO

23 Aprel 2016 11:47

Aprelin 22-də Nizami Kino Mərkəzində ilk buktreyler festivalının nəticələri açıqlanıb.

Milli.Az bildirir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə reallaşan festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Qaliblərin təqdimetmə mərasimində çıxış edən festivalın təsisçisi, kinoaktyor Ruslan Sabirli bildirib ki, cəmiyyət üçün faydalı olan festival çox böyük maraqla qarşılanıb. Festivala təqdim edilən işlərdən 21-i qəbul olunub və münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, kinoaktyor Ruslan Sabirli tərəfindən irəli sürülən bu təşəbbüs böyük marağa səbəb olub. Belə təşəbbüslərin nazirlik tərəfindən daim dəstəkləndiyini söyləyən Vaqif Əliyev bildirib ki, layihə gənclərdə kitaba marağın artmasına imkan verir. Layihəni yüksək qiymətləndirən nazir müavini vurğulayıb ki, videoçarx vasitəsilə kitabın məzmununu qısa şəkildə tamaşaçıya çatdırmaq özü bir istedaddır.

Sonra qaliblərin adları açıqlanıb. Birinci yerə Elçin Quliyev, ikinci yerlərə Natiq Axundov və Fərid Rəsulov, 3-cü yerlərə isə Asif Əliyev, Elmin Əliyev və Elçin Elxanlı layiq görülüblər. Birinci, ikinci və üçüncü yerlərin sahibləri müvafiq olaraq 1000, 800 və 500 manat pul mükafatı və diplomla təltif ediliblər. Səbinə Quliyevaya isə tamaşaçı simpatiyasına görə diplom təqdim edilib.

Qeyd edək ki, qaliblər xalq yazıçısı Çingiz Abdullayev, ssenarist, rejissor, əməkdar incəsənət xadimi Ramiz Fətəliyev, kinorejissor Elxan Cəfərov, rejissor, klipmeyker Ülviyyə Könül, kinooperator Nadir Mehdiyev, festivalın təsisçisi, kinoaktyor Ruslan Sabirlidən ibarət münsiflər heyəti tərəfindən seçilib. Festivalın obyektiv keçirilməsi məqsədilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda qiymətləndirilib. Sonda isə yekun olaraq Təşkilat Komitəsi hər bir münsifin verdiyi qiyməti toplamaqla qalibləri müəyyənləşdirib.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az saytında, həmçinin www.facebook.com/BooktrailerFest "facebook" səhifəsində əldə etmək mümkündür. 

Milli.Az