Feysbuk dostlarından biri ilə yazışırdıq, xahiş etdi ki, onun üçün dua edim.
İman gətirmiş insanlar bir-birlərindən dua edilməsini istərlər, bu, onlar üçün normal haldır.
Mənim düşüncəmə görə, dua etməyin istənilməsi - müəyyən mənada ehtiyacların üstüörtülü şəkildə dilə gətirilməsidir ki, dua istəyən şəxs - dostun səni öz narahatçılıqları ilə çox yükləmək istəməz, amma sənə güvəndiyi üçün öz vəziyyət və halından səni bir qədər xəbərdar edər.
Dostuma dərin dəstək olmaq istədiyimdən, qisa cavabla kifayətlənmədim.
Ona yazdım ki, bir başqa dostumdan mənim üçün dua edilməsini istəyəndə onun mənə yazdığı cavab məni düşündürmüşdü və əhvalımı yaxşılaşdırmışdı, ona görə də həmin cavabı ona göndərirəm.
Dostum yazmışdı: "Allah bütün duaları eşidəndir və ya bütün duaları eşidən Allah var".
Bilmirəm dostum bu sətrləri oxuyub nə fikirləşdi, amma geriyə - mənə dua etməyin əhəmiyyətini vurğulayan, bu barədə düşünməli olduğuma işarə edən bir cavab yazdı.
O, yazdı ki, müsəlmanlar üçün örnək olan böyük İslam alimləri namazlardan sonra bütün müsəlmanlarlar üçün dua edirlər və Allahın yer üzərində möhkəm dəlili olan, bəşəriyyətdə zülmə və istibdada son qoyacaq rəhbər Mehdi Sahibəz-Zaman (ə.f) da onun üçün dua edilməsini istəyir.
Bir neçə fikir mübadiləsindən sonra dua barəsində nəticələrə gəlduk. Razılaşdıq ki, dua edilməsi insandan ona aid olan müəyyən bir vaxtın, düşünmənin, düşüncənin - bir sözlə bir sıra mənəvi faktorların sərf olumasıdır.
İnsan dua etməyə qərar verəndə onu edib-etməmək barədə seçim edir. O, dua edərkən sərf etdiyi şeylər vasitəsilə iradə edir. İradə etdiyi üçün isə dua dəyərli bir şeyə çevrilir.
Dua - insani əxlaqdır və ya insana aid olan əxlaqdandır.
Dua edilməsi insani keyfiyyətdir və ya əsil insan dua edə bilər.
Dua səmimi edilər. Çünki dua edən onu edərsə, kiminsə bunu bilməsinə ehtiyac duymaz. Yəni duanı təklikdə, kiməsə nümayiş etdirmədən edər. Burada duanın niyyəti xalisdir. Onun baş verməsində insan və Allah iştirak edər. Duanı edən onu Allaha xatir edər, bir başqası üçün etməz. Duanı özündən ayırar, sərf edər.
Bu söhbətdən sonra mən dostum üçün dua etmək istədim. Amma bir anlığa dayandım. Bu zaman onun da bu duanı gözlədiyini hiss edirdim.
Dostuma dedim ki, birinci dəfədir ingiliscə dua edirəm, ona görə də fikirlərimi dua şəklində ifadə etmək mənə çətin gəlir (Dostumla ingiliscə yazışırdıq).
O, isə cavab yazdı ki, çox narahat olmayım, insanlar duaları sözlə deyil, qəlbən dərk edirlər.
Onda mən cəsarətləndim və onun üçün dua etdim. Cavab olaraq, o da mənim üçün dua göndərdi və mən bu duanın təsirini, uzaqdan gəlməsinə baxmayaraq, öz üzərimdə hiss etdim.
Dualar - bizim yaşayışımızın bir hissəsidir.
Yaşlı insanlarda ən xoşuma gələn cəhətlərdən biri - onların söhbətə dua ilə başlaması və söhbəti dua ilə başa çatdırmasıdır. Uşaq olanda niyə bu halın mənə bu qədər xoş təsir etdiyini başa düşmürdüm. Onu xatırlayıram ki, dua edən insanların yanında olanda əmin-amanlıqda olurmuşuq kimi, bütün qorxu və təşvişdən azad olurduq. Bu insanlardan çəkinmirdik, onların yanında olmağa can atırdıq. Necə deyərlər, adamın "ürəyi açılırdi".
Həm də belə insanlar çox idi. O qədər ki, biz elə bilirdik bütün dünyada insanlar elə belədir.
Əlbəttə, dua deməyən insanlar da vardı.
Dualar - diləklərdir. İnsanların bir-birlərinə olan arzularıdır.
Diləklər bir insanın digərini əziz tutduğunu bildirmək üçün, dəyər verdiiyini bildirmək üçün olan sözlərdi. Bu sözlər - rahat sözlərdi. Onlar nə tərifdir ki, özü ilə qarışıq fikirlər daşıyır, nə də bir başqa şeydir. Onlar - içdən gələn səmimi, dəyərli sözlərdir.
Duaların xüsusi qüvvəsi və təsiri var.
Onlar insanı pərvazlandırır. Onları eşidən, oxuyan insanlar gözəl, müsbət hisslərlə dolur, onlar insanı süstlükdən çıxarır və hərəkətə sövq edir.
Duanın sözləri qəzəbli insanı sakitləşdirir, xəstənin qarışıq fikirlərinə aydınlıq gətirərək, onu yüngülləşdir və şəfasını sürətləndirir.
Dinimizdə olan salamlaşma da belə, duadır. İnsana sülh arzulayır.
Salam olsun sənə deyirik - "Sülh olsun üzərinizə" nəzərdə tuturuq.
Salavat da Həzrət Peyğəmbər (s) və onun pak Əhli-Beytinə (ə) Allahdan rəhmət göndərilməsi haqda olan özünəməxsus bir duadır.
Dualar insanın nə cür olduğunu bəyan edər. Qəlbi kin və nifrətlə, ədavətlə dolu olan biri dua etməz, etsə də, onun duasının təsiri olmaz.
Dua sağlam qəlblərdə olar, bu qəlblərdən hasil olar, çıxar və təsir də qoyar.
Sağlam qəlblər - o qəlblərdir ki, daim Allahla olar, Onu çağırar, Onu zikr edər, Onun buyurduqlarını edər və Onunla qərar verər.
Sağlam qəlb - o qəlbdir ki, onu Allahın varlığına dərin inam idarə edər.
Birinin dua istəməsi - onun buna olan mənəvi tələbatından xəbər verir. Bu, onun qəlbinin göstəricisidir.
Duanı istəyən onun dəyərindən xəbərdardır.
Birinə dua ediriksə, bu, bizim qəlbimizin halına bir işarədir.
Dua - bizim istəklərimizdi. Duanın adi sözlərdən fərqi var. O, tərif deyil. Tərifdə bir az qarışıqlıq var, həvayi-nəfs var.
Dauda isə onu edənin və edilənin ona ehtiyacı var.
Bu ehtiyac səmimi, gözəl, doğru bir ehtiyacdır.
Duanın ifadə olunmasında Allah tanınılıb, burada Ona təzim, ona itaət var.
Beləliklə, dua etmək onu eşidənə yaxşı hisslər aşılayır. Bu hisslərlə dolan insan, dua edən insana qarşı bundan da yaxşı fikirlərlə dolur.
Bu münasibətdə həvayi-nəfsin qıc olması baş verir. Dua edilməsi davamlı hal aldıqda həvayi-nəfsin baş qaldırmaması üçün zəminə hazırlanlr.
Mümkündür ki, bu ab-havada söhbət edən insanlar onlara aid ola biləcək pislikləri bir kənara qoysunlar və söhbət əsasında daha yaxşı nəticələr əldə edə bilsinlər.
Duanın gözəlliklərindən biri də odur ki, ondan sui-istifadə etmək olmur. O, tamamilə qəlbə aid olduğu üçün əgər sui-istifadə olunubsa, təsir qoymur. Yalançı dualar olmur, belə duaların sadəcə yaşamaq gücü olmur.
Dua - sağlam qəlbin məhsuludur. O, hətta edilibsə və sağlam qəlbə aid deyilsə, söz olaraq yaşayır, dua olaraq deyil.
Dualar dilək olduğu üçün qəlbdən gəlir. Qəlbin hansı şəkldə olması duanın aqibətini müəyyən edir.
Nurani cəmiyyətin tərkib hissəsidir dualar. Amma həqiqi dualar və bu duaları deyən həqiqi qəlblər.
deyerler.org