DİN və Baş Prokurorluq qatil barəsində məlumat verənə pul ödəyəcək
3 Mart 2010 13:37
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilir.
DİN-in mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, anonimlik tam təmin edilməklə, məlumat təsdiqlənəcəyi halda, 10.000 manat pul mükafatı veriləcək.
DİN və Baş Prokurorluq fotorobotu bir daha təqdim edərək onu
tanıyanlardan və ya yerini bilənlərdən Baş Prokurorluğun 440-78-59,
Daxili İşlər Nazirliyinin 590-93-31, 492-73-96, "102 Zəng Xidməti" və
Sumqayıt Şəhər Polis İdarəsinin 497-64-53 nömrəli telefonlarından
birinə zəng vurmağı xahiş edir.
Qeyd edək ki, fevralın 20-də saat 07:30 radələrində Sumqayıt şəhərində naməlum şəxs "Makarov" tipli tapançadan atəş açaraq valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevi qətlə yetirib, onun atası İsmayıl Balayevə isə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir. Cinayətdə şübhəli bilinən şəxs təxminən 25-30 yaşlı, boyu 170-175 sm, atletik bədən quruluşlu, ağ bənizli, saçları qısa şabalıdı rəngli, gözləri qıyıq formalıdır. Azərbaycan dilində sərbəst danışır. Həmin şəxsin fotorobotu hazırlanaraq kütləvi informasiya vasitələri ilə yayımlanıb.
Milli.Az