Ümid edirəm ki, Azərbaycan ağırlıqqaldıranları Olimpiya oyunlarında ölkəmizi layiqincə təmsil edəcəklər, bayrağımızı yüksəkliyə qaldıracaqlar və Rio-de-Janeyroda Azərbaycanın himni səslənəcək.
Trend-in məlumatında görə, bunu bazar günü jurnalistlərə ağır atletika üzrə milli komandanın baş məşqçisi Nizami Paşayev deyib.
Onun sözlərinə görə, keçmiş Avropa Çempionatında göstərilən nəticə kifayət qədər yaxşıdır: "Bildiyiniz kimi, bu Avropa Çempionatına 8 idmançı ilə getdik, bizim dörd nümayəndəmiz var idi, həm kişilərin, həm də qadınların yarışında. Əsas məqsədimiz Olimpiadaya lisenziya qazanmaq idi. Boyanka Kostovanın nəticəsi çox yaxşıdır və mən ümid edirəm ki, o, Olimpiadada bu uğurunu təkrarlayacaq".
Yığmanın baş məşqçisi həmçinin ölkə rəhbərliyinə və federasiyaya yaradılan şəraitə görə təşəkkürünü bildirib və Rio-de-Janeyrodan qələbə ilə qayıtmağa söz verib.
Öz növbəsində, sonuncu Avropa Çempionatının "qızıl"ını qazanan Azərbaycan idmançısı Boyanka Kostova qeyd edib ki, öz nəticəsindən razı qalıb: "Mən çıxışımdan razıyam və düşünürəm ki, məşqçilər də razıdırlar. Ümumilikdə yarışlar yaxşı keçdi, hesab edirəm ki, lazım olanı etdim. Qabaqda Rioda Olimpiya oyunları var, ümidvaram ki, medal qazanacam. Olimpiadada rəqabət daha yüksək olsa da, əsas rəqiblərim kimi Çin və Tailand idmançılarını görürəm. Mənim medalım göstərdi ki, hal-hazırda Avropada mənim rəqibim yoxdur".
Milli.Az