Avropa çempionatında ilk "onluğa" düşə bilmədi

12 Aprel 2016 10:24

Norveçin Fyorde şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışın ikinci günündə də podiuma çıxan Azərbaycan millisinin üzvləri medal qazana bilməyiblər.

Belə ki, 62 kq çəki dərəcəsində mübarizə aparan Allahyar Abışov birdən qaldırma hərəkətlərində 3 cəhddən cəmi 1-ni uğurla bitirib. O, 121 kq çəkini ram etməklə B qrupunda 1-ci, ümumilikdə 9-cu olub.
 
Abışov təkanla qaldırmada 10-cu yeri tutub. Həmyerlimiz ilk yanaşmasında 142 kq çəkini başı üzərinə qaldırsa da, ardınca sifariş etdiyi 151 kq çəkinin öhdəsindən gələ bilməyib.
 
Toplamda 263 kq (121 kq + 142 kq) toplayan Allahyar 18 idmançı arasında 11-ci olub.
 
Qeyd edək ki, ondan öncə körpücük üzərinə çıxan Elmar Alıyev (56 kq) 7-ci, Mərziyyə Məhərrəmova (48 kq) 11-ci və Gülçin Əlizadə (53 kq) 20-ci pillədə qərarlaşmışdılar. Yarış isə aprelin 17-də başa çatacaq.

Milli.Az