Bakı kilsəsində cadu təmizlənir?
15 Aprel 2011 08:50
Kilsədə bir gün
Başqa dinlərə qayğının, tolerant yanaşmanın ölkəmizdə mühüm ictimai xətt olduğunu təkcə özümüz yox, bütün dünya bilir. Bəs görəsən, ölkəmizdə əhalinin böyük əksəriyyətini təşkil edən müsəlmanlar, xristian dininin məbədi olan kilsələrə baş çəkirmi, elə xristianların özləri necə, kilsələrə axını fəaldır, ya yox? Ümumiyyətlə, kilsədə nə var, nələr baş verir?
Milli.Az xəbər portalı Bakıdakı Provoslav Kilsəsindən reportajını təqdim edir.
Reportajı hazırlamaq marağım hamının "28 may" ətrafı kimi tanıdığı ərazidə yerləşən Provoslav Kilsəsinin yaxınlığından keçərkən qarşılaşdığım mənzərənin təəsüratı ilə yarandı. Artıq neçə vaxt idi ki, kilsənin kənarında qırıq dəmir çarpayının üstünə cır-cındırını yığmış bir rus qadınının və əqli cəhətdən normal olmadığı açıq görünən 12-13 yaşlı qız uşağının yaşadığı küçə həyatı diqqətimi çəkirdi. Darvaza qarşısında dayanıb sanki keçidhaqqı yığırmış kimi dilənən rus qadından bu insanlar barədə nə bildiklərini soruşanda o, çox həvəslə danışdı. Dediyinə görə, kilsə həmin insanlara kömək etmək istəyib, amma qadın razı olmayıb. Səbəbini də belə izah etdi ki, dəlidirlər. Qadının sözlərinə görə, buna baxmayaraq kilsə qadını qoruyub və mütəmadi olaraq qidalarını verib. Həmin yerdə dolaşan rus uşaqları da kilsə işçilərinin və oraya ibadətə gələn insanların onlara ərzaq verdiyini dedilər. Bu minvalla "bomj"lar demək olar ki, qida baxımından əziyyət çəkmirlər. Qadın həmin insanlara yardım edənlər arasında azərbaycanlıların daha çox olduğunu söylədi. Dedi ki, neçə ildir burada işləyir. Əvvəl tibb bacısı olub, indisə... Vəzifəsini demədən ona uzatdığım 20 qəpiyi aldı və gülümsəyərək mənə uğurlar dilədi.
Bilmək istədim görüm kilsə bir müsəlmanı necə qarşılayacaq.
Qapıda duran rus qadın mənə kömək etmək istəyi ilə "içəridə işləyən qadınlar var, cadunu götürmək istəsən onlara müraciət et" dedi. İlkin olaraq belə bir nəticəyə gəlmək olardı ki, kilsəyə gələn müsəlmanları daha çox fala baxdırmaq üçün qəbul edirlər.
Kilsənin daxili qapısının kənarında ibadət etmək istəyənlər üçün lazımi qaydaları göstərən tablo ilə qarşılaşdım. Tabloda yazılır ki, kilsəyə başaçıq, qısa və idman geyimlərilə daxil olmaq olmaz. Amma qaydalara əməl etməyənlərə də pis reaksiya verilməli deyil, əksinə, onlara başa salınmalıdır. Vəzifələrdən biri də kilsəyə pənah gətirənləri gülərüz, mehriban qarşılamaq, bir qədər təbliğat aparmaqla onları Allah qonaqlarının dualarının boş getməyəcəyinə inandırmaqdır. Bu gün hansısa xiristian da müsəlmanın ibadət etdiyi Məscidlərə üz tuturlar. O, hansı dinə xidmət etməsinin fərqində deyil, sadəcə, öz Allahına dua edir.
Kilsəyə daxil olan insanın diqqətini ilk növbədə salonun alaqaranlıq fonunda divar boyu düzülən ikonaların qarşısındakı şam işıqları çəkir. Kilsənin alaqaranlığı ağ tüstüyə qərq olub. İnsanların hərəkəti ilə fəzada yaranan duman burulğanı, şam işıqlarının rəqsi və hər tərəfdən səni izləyən ikonalar ruhani bir aura yaradıb. İkonaların qarşısından keçən insanlar hərəsi bir, yaxud bir neçə şam yandırır. Elə ikonalar var ki, orada şam daha çoxdur. İçəridə tam sakitlikdir, arabir ataların astadan oxuduğu dua səsləri eşidilir. İkonaların qarşısında üç-bir, iki-bir dayanan qadınların, gənclərin sifət cizgiləri onların özlərinə qapanaraq dua etdiklərini, Allahdan nəsə dilədiklərini açıq ifadə edir. Kimlərsə kilsədə xidmət edən Ataların dualarının sədası altında ikonalara baş əyir, kimlərsə bir-bir onların qarşısından keçərək əllərini üzlərindən sinələrinə və sol çiyinlərindən sağa doğru apararaq xaç çəkirlər. Elələri də var ki, gözləyirlər...
Müsəlman olsam da, kilsəyə girəndə "Allahın evidir" deyib dualar etmək istədim. Hər bir ikonanın qarşısından keçib dayandım, dua edərkən "onlardan hansının qarşısında dayansam daha savab olar" deyə, düşündüm. "Kilsədəyəmsə hər birinin ziyarətinə gəlmişəm" analmının daha doğru olduğunu fikirləşdim. İkonaların qarşısında dayanıb bir qədər ətrafa tamaşa edəndən sonra hamı kimi mən də şam yandırmaq istədim.
Kilsə şamları əsas qapının yanındakı otaqlardan birində satılır. 30 qəpiyə bir ədəd şam aldım. Dedilər ki, şamı kilsədəki yanan şamlardan alovlandıra bilərəm. Qapıdan içəri daxil olarkən sol tərəfdəki kürsüdə duran, sonradan dualar oxuduğunu bildiyim qadına yaxınlaşdım. O, mənə çox şeyi anlatdı. Əvvəl onu deyim ki, şam almaq üçün mənə o yol göstərmişdi. Çünki ilk dəfə kilsəyə daxil olub, sadəcə ikonaların yanından keçib "nə etmək lazımdır" deyə düşünərkən "mən də bir şam yandırım" deyə qərara gəlmişdim və "gerisini Allah özü bilər" deyə düşünmüşdüm.
Şam əlimdə ikonaların qarşısından keçdim və "harda yandırım" deyə düşüncələrə o qədər qapıldım ki, hətta öz-özlüyümdə bir qədər utandım da. Nəhayət, kilsədəki saysız-hesabsız ikonaların arasından seçdiyim mələyin, yəni qanadlı insan təsvirli ikonanın qarşısında dayandım və şamı orada yandırdım. Orada bir şam var idi, həm də "tək yanmasın" dedim. Lazım olan qaydada dua edə bilmədiyim üçün, əlbəttə ki, fikrimdən yaxşı şeylər keçirmək istədim... "Bilirsiniz, mən kilsəyə birinci dəfədir gəlirəm, buranın qaydalarını bilmirəm" deyə, ilk yaxınlaşdığım həmin qadından yenə də kömək istədim. Adı Anna olan bu qadın əvvəllər kilsə işlərində köməklik edirmiş, sonradan kilsə üçün vacib olan müəyyən duaları oxumaqla özünün dediyi kimi, Allaha daha çox xidmət göstərməyə başlayıb. Anna dedi ki, son illər kilsəyə azərbaycanlı ailələr gəlir və özlərində olan cadunu çıxarırlar.
Söhbət əsnasında nə üçün bir tərəfdə şamların çox olmasını, bəzilərində az, bəzilərində isə heç olmadığını bilmək istədim. Anna ikonaların əhəmiyyətini müqayisə edərək "3 şam bəsdir" dedi. Məsləhət bildi ki, şamları Qospodu İsusu Xristun, Bojiey Materi, Svyatitelyu Nikolayın qarşısında yandırsam daha yaxşı olar.
Annadan kilsəyə gələrkən hər bir kəsin özü ilə şam gətirib istədiyi qədər yandırmasına icazə verilib-verilmədiyini soruşdum. Dedi ki, bu, mümkün deyil. Çünki kilsədə verilən şamlar arı şanından hazırlanıb və onun hər birinin üzərində Allah kəlamları var. Kilsə şamları yandıqca bütün dualar qəbul olunur. Ona görə də şamları kilsədən almaq lazımıdır. Bu, kilsənin büdcəsinə yardım kimi də qəbul olunur.
Bir qədər İsa peyğəmbərin dünyaya gəlişi və gedişi tarixçəsinin hikmətlərindən danışan Anna xanım, dua edərkən namaz qılmağın vacibliyini vurğuladı. Annanın "namaz" barədə dedikləri məni çaşdırdı. "Kilsədə də namaz qılınır?" deyə soruşdum. O, gülümsəyərək, üzərində xaç çəkdi və bunun da xristianların namazı olduğunu dedi.
Anna kilsəyə ilk gələn insanın özünü yad kimi aparıb, nəyəsə görə narahat olmasına ehtiyac olmadığını da vurğuladı: "Siz birinci dəfə gəlmisiniz, burada sizə heç kim pis baxmaz. Elə müsəlmanlar var ki, bura gəlirlər, atalar onların cadularını, narahatlıqlarını götürür. Burda dualar da yazılır. Burada heç bir qadağa yoxdur".
"Cadu necə götürülür, mən üstümdə olan cadunu kimə götürdə bilərəm" deyə, Annadan soruşdum. O, ətrafa nəzər salandan sonra kilsədə ikonanın qarşısında ayrı-ayrı adamlarla danışan Atanı göstərib "Heç bir problem yoxdur, ona yaxınlaşın, o sizin cadunuzu götürər" dedi. Sonra məni Aleksandr ataya təqdim edib, "bu xanım cadunu götürtmək istəyir" dedi. Aleksandır ata "buyurun" deyib, məni üzərində sarı gümüşü kitab olan bir kürsünün yanına dəvət etdi. Başımı kitabın üzərinə qoymağı tövsiyyə etdi və başımı qara çuxası ilə örtdü, adımı soruşdu, dualar oxudu. Sonra cibindən çıxardığı balaca şüşə qabdakı ətirli yağı burun nahiyəmə vurub "allah kömək etsin" dedi. "Sonra nə olacaq" düşüncəsilə Ataya baxıb, "üzərimdə cadu var idi?" deyə soruşdum. Ata "cadunuzu təmizlədim" deyib, nə isə gözləyirmiş kimi başqa birinin başına qara örtük atdı. Gözlədiyini görüb əvvəlcə ona bir manat "nəzir" vermək istədim. O, manatı görüb, "bir manat heç duaya dəyməz, götürün" deyib etirazını bildirdi. O zaman "nə qədər verməliyəm" deyə soruşdum. "5 manat" deyib, başını qarşısındakı kürsüdə olan kitabın üstünə qoymuş "övladına" üzünü çevirdi. İndi onun da başı üzərində dualar oxuyub, 5 manatını alacaq...
"Bu da "təmənnasız Allaha xidmət..." deyə fikrə daldım. "Görünür, Allahın "oğulları" onun bəndələrinə köməklərini təklif edərkən, bunun müqabilində öz "zəhməthaqlarını" gözləyirlər" düşüncələrilə 5 manatdan keçdim.
Aleksandr atadan ayırılanda Anna xanım Bojiey Materi ikonasının yaxınlığında dizi üstə dua edib qalxmaq üzrə idi. O, mənə baxıb razılıqla gülümsədi. Mən ona təşəkkürümü bildirdim, yenə də nə isə soruşmaq istədim... Amma "Allah özü bilən məsləhətdir" deyib kilsədən çıxdım...
... Kilsədən çıxarkən məni əhatə edən auranın nəyi ifadə etdiyini anlamağa çalışdım.
Atanın etirazının yaratdığı aura onu öz malını ucuz satmaq istəməyən ticarətçiyə bənzətdi. Əvvəlcə elə zənn etmişdim ki, kilsə daxilində olan xidmətlər Allahın naminə, onun xatirinədir. Amma bu, caduçıxarma işinin ödənişli olduğunu görəndə bundan sonra nə düşünəcəyimi bilmədim... Bəlkə də elə bu cür olmalıdır, bilmirəm. Elə bizim məscidlərdə də mollalara ölənlərimizin ruhuna Quran oxutdurmaq, mollaya, axunda Quran açdırmaq, qorxuluğu götürmək, dualar yazdırmaq və s. kimi işlərə görə pul veririk. İstər kilsə olsun, istər məscid, Allah yolunda xidmət təmənnasız olmalıdır. Amma zəhməthaqqı deyilən bir borc da var ki, görünür, bizim insanlarımız bunu unutmurlar və din xadimlərinin hər zaman işini qiymətləndirirlər. Həm də ödənilən pullar kilsələrin, məscidlərin saxlanmasına, təlabatlarına və din xadimlərinin dolanışığı üçün sərf olunur.
Gördüklərimə hər bir insanın inancının onun ruhuna, cisminə daha çox xeyirli ola biləcəyi psixologiyası ilə hörmətlə yanaşdım. Əlbəttə ki, bura cənnət deyil. Burda ruh axtarmaq ideyası üzərində maddi təlabatın ödənilməsi də var. Hər bir halda bura bir məbəddir, necə deyərlər, Allah evidir.
Bu arada, görəsən, kilsəyə pənah gətirib, küçədə köşk salan o qadın Allahından dilədiyi mərhəməti aldımı? Bilmirəm. Amma onu da qeyd edim ki, bir neçə gün əvvəl yolum yenə də o küçədən düşdü. Amma nə həmin qadını, nə də qızı orada görmədim.
Tahirə Qafarlı
Milli.Az