Şabran şəhidi ilə vidalaşır - FOTO

9 Aprel 2016 09:52

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən son döyüşlərdə Şabran rayonu da şəhid verib.

Milli.Az anspress-ə istinadən bildirir ki, rayonun Zeyvə kəndi bu gün şəhidini torpağa tapşıracaq. 24 yaşlı kiçik gizir Babək Vəfadar oğlu Abidov qəhrəmancasına Vətən yolunda şəhid olub. O, hərbi xidmətə 2010-cu ilin iyul ayından çağırılıb.

Artıq nəşi ailəsinə təhvil verilən şəhid bu gün doğulduğu kənddə torpağa tapşırılacaq. 

Bu, şimal bölgəsinin ilk şəhidi deyil. Son döyüşlərdə Qusar rayonu da şəhid verib. Qusar icra başçısının müavini Elman Mustafayevin məlumatına görə, son döyüşlərdə rayonun Cağarqışlaq kəndindən olan, 20 yaşlı Əmiraslan Xəlil oğlu Xeyirbəyov qəhrəmancasına şəhid olub. Onun cənazəsi də bu gün doğulduğu Cağarqışlaq kəndində dəfn ediləcək.

Aprelin 2-dən sonra cəbhədə gedən qızğın döyüşlərdə Azərbaycanın milli ordusu Xaçmazdan olan 22 yaşlı Elvin Azadxan oğlu Mirzəyevi də şəhid verib. Elvin Mirzəyevin meyidi təmas xəttindən götürülən meyitlərdən biridir.

Şəhid Elvin Mirzəyevin meyidi Xaçmaza göndəriləcək. Onun da bu gün dəfn edilməsi gözlənilir. 

Milli.Az