Jurnalist olmaq istəyənlərin NƏZƏRİNƏ

8 Aprel 2016 20:50

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün müraciət edə bilərlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, onlar aprelin 11‑dən 20‑dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet saytının müvafiq səhifəsində jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulan bölməyə daxil olub sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər. 

Anketin bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. Anketi doldurmaqla qeydiyyatdan keçən bakalavrlar aprelin 22‑dən 25-dək "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. 

Bakalavrlar aprelin 26-dan 29-dək, vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə şəxsiyyətini təsdiqləyən sənədi, "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni, dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda) gətirməlidirlər.

Milli.Az