Qazaxıstanda deputat seçilən azərbaycanlı kimdir?

6 Aprel 2016 17:19

Martın 20-də Qazaxıstan Respublikası Parlamentinin aşağı palatası olan Məclisə VI çağırış seçkilərində ilk dəfə olaraq milliyyətcə azərbaycanlı olan Qazaxıstan vətəndaşı da deputat seçilib. Bu şəxs Məhərrəm Məmməd oğlu Məhərrəmovdur.

Martın 25-də prezident Nursultan Nazarbayevin iştirakı ilə VI çağırış Parlament Məclisinin ilk sessiyasında bütün deputatlar kimii M.Məhərrəmov da Qazaxıstan xalqına sədaqətlə xidmət edəcəyinə and içib.

Bəs Məhərrəm Məhərrəmov kimdir və o, hansı yolla seçilərək parlament üzvü ola bilib?

Qazaxıstan Xalq Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi bürosunun üzvü olan Məhərrəm Məmməd oğlu Məhərrəmov 1971-ci dekabrın 7-də Almatı vilayətinin Koksusk rayonunun Balpık bi qəsəbəsində anadan olub.

Hərbi xidmətini 1989-1991-ci illərdə SSRİ-nin Dövlət Təhlükəsizlik Xidmətinin (KQB) Rusiyanın Çita şəhərində yerləşən Qırmızı Ulduzlu Zabaykal sərhəd dairəsində keçib.

O, 2009-cu ildə Joldasbekov adına İqtisadiyyat və Hüquq Akademiyasında hüquqşünaslıq üzrə təhsil alıb.

Gənc azərbaycanlı 1998-ci ildə Qazaxıstan Kommunist Partiyasına üzv qəbul olunub, 2001-ci ildə isə artıq Partiyanın Almatı vilayət komitəsinin birinci katibi, elə həmin ildə də QKP-nin Mərkəzi Komitəsinin üzvü seçilib.

Soydaşımız 2005-ci ildə Partiyanın prezidentliyə namizədinin seçkiqabağı kampaniyası qərargahının rəhbəri, 2004, 2007 və 2012-ci illərdə isə Qazaxıstan Respublikasının Parlament Məclisinə deputatlığa namizəd olub.

O, həmçinin QXKP MK-nın təşkilati-partiya və kadr işləri şöbəsinin müdiridir.

M. Məhərrəmov Qazaxıstan Xalq Kommunist Partiyasının Almatı vilayətinin birinci katibi kimi martın 20-də keçirilən seçkilərdə 7 faizlik səddi aşaraq partiya siyahısı əsasında uğur qazanaraq Qazaxıstanın Parlament Məclisinin deputatı mandadtına sahib çıxıb.

Evlidir, iki övladı (oğlu və qızı) var.

Pünhan Mirzə
Milli.Az