ASALA terror təşkilatının liderlərindən biri, Paris terrorunun təşkilində adı hallanan Livan ermənisi Vazgen Sislyan Qarabağa gəlib. Milli.Az azvision.az-a istinadən bildirir ki, o, yaydığı videomüraciətdə dəstəsini toplayaq gəldiyini, türklərdən qisas alacağını deyib. "Böyük Ermənistan" mifindən başı dumanlanan terrorçu hədyan danışmaqdan çəkinməyib, həmişəki "Qarabağ bizimdir" havasını çalıb. Livan ermənilərinin Axbar ləhcəsilə danışan terrorçunun Qarabağa hər hansı bağı ola bilməz. Maraqlı budur ki, elə onun özü kimi terrorçu olan Ermənistan hakimiyyəti Sislyanın Qarabağa necə gəlib çıxdığını necə şərh edəcək.

Bununla bağlı sabiq təhlükəsizlik xidməti əməkdaşı, təhlükəsizlik və regional geosiyasət məsələləri üzrə ekspert Arzu Nağıyev Milli.Az-a açıqlamasında deyib ki, kimliyindən asılı olmayaraq Azərbaycana qarşı silah qaldıranların hamısı layiqli cəzasını alacaq:
"Ermənistan rəhbərliyi bu gün atdığı addımlarla bir daha sübut edir ki, istər Ermənistan prezidenti Serj Sarkisyan, istərsə də onun ətrafında olanlar Qarabağ müharibəsindən, Xocalı soyqırımından, terror hadisələrindən, ümumilikdə qan üzərindən hakimiyyətə gəlmiş səhra komandirləridir. Onların tərəfdarları isə elə özləri kimi terrorçular ola bilər. Məlumdur ki, ASALA bütün dünya tərəfindən terror təşkilatı kimi tanınıb. Əgər onların Vazgen Sislyan kimi nümayəndəsi bu gün Paris terrorunun təşkilində iştirak etdiyini, eyni zamanda Livan ermənisi kimi Qarabağa gəldiyini açıq şəkildə elan edirsə, bunun özü bir sübutdur. Lakin belə terrorçular, məsələn, istər Monte Melkonyan, istərsə də digərləri burada çoxdan öz paylarını layiqincə alıblar, Sislyan da onlardan biri olacaq".

Ekspert hesab edir ki, bununla ermənilər Azərbaycan tərəfdə qorxu hissi yaratmağa çalışırlar: "Bütün bunlar sübut edir ki, "Böyük Ermənistan" xülyası ilə yaşayan Ermənistan rəhbərləri indi də Qarabağa hansısa erməni terror təşkilatlarının üzvlərinin gəlməsinə və bunun guya qorxu hissi yarada bilməsinə ümid bağlayıb. Lakin bütün terrorçular qarşılarında Azərbaycanın böyük ordusunu, gücü görəcəklər. Bunlar hamısı cəfəngiyyatdır. ASALA-nın terrorçu üzvü sərhədləri necə keçib Ermənistana gəlib? Bunun özü də müəmmalı məsələdir. Bu bir daha Sarkisyan başda olmaqla Ermənistanın mövcud hərbi-siyasi rəhbərliyinin terrorçularla birbaşa əlaqələrinin olduğunu sübuta yetirir.
Bu yaxınlarda KİV-lərdə yaşlı erməni könüllülərinin avtobusla ön xətdə Azərbaycan Ordusu ilə döyüşə gələrkən pilotsuz uçan aparatla vurulub məhv edilməsi barədə məlumat yayıldı. Ermənilər onları könüllü kimi təqdim edirlər. Əslində onlar heç də könüllü-filan deyillər. Onlar vaxtilə Dağlıq Qarabağda və işğal edilmiş ətraf rayonlarda azərbaycanlılara qarşı soyqırımları və digər vandallıqları, iyrənc əməlləri törətmiş cinayətkar ermənilərdir. Lakin onlar da beləcə cəzalarını aldılar".

Ümumiyyətlə, A.Nağıyevin fikrincə, ermənilər Azərbaycana qarşı ən çirkin təbliğat üsullarından istifadə edirlər: "Onlar Azərbaycan tərəfini günahlandırırlar ki, guya Suriya ərazisindəki müsəlman dəstələr gəlib Qarabağ ərazisində vuruşub. Məlumdur ki, Azərbaycan qanunvericiliyinə görə, ölkədə istər Suriyada İŞİD-in tərkibində, istərsə də digər yerlərdə qeyri-qanuni hərbi birləşmələrin tərkibində vuruşan hər bir şəxs məsuliyyətə cəlb olunur, Azərbaycana gələndə dərhal onlar barəsində cinayət işi qaldırılır. Azərbaycan öz qanunlarına hörmətlə yanaşan bir dövlət olduğu üçün bu məsələdən ümumiyyətlə danışmağa dəyməz. Bu gün Azərbaycan ordusunun hər hansı təşkilatın üzvlərinin gəlib Qarabağda vuruşmasına ehtiyacı yoxdur. Bu, ermənilərin bizə qarşı bütün təxribatçı üsullardan istifadə etməklə təbliğat mexanizminin var gücü ilə işə düşdüyünün göstəricisidir".
İlkin İzzət
Milli.Az