Azərbaycan Premyer Liqasının XXVIII turunun qarşılaşmaları turnir cədvəlində bir sıra məqamlara aydınlıq gətirib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, sona 8 tur qalmış çempionluq şansını qoruyanların sayı 6-ya enib.
Belə ki, "Rəvan", "Xəzər Lənkəran" və "Sumqayıt"ın ardından "Neftçi" də qızıl medallara nəzəri şanslarını itirib. "Qarabağ"dan 28 xal geri düşən paytaxt təmsilçisi bu fərqi 8 turda aradan qaldıra bilməyəcək. Bu da o deməkdi ki, "Qarabağ" ilk "altılıq"da yerini təmin edib. Növbəti turda daha iki komanda - AZAL və "Qəbələ"nin də çempionluq şansı tükənə bilər.
XXVIII turda "Sumqayıt"ın 2-ci yerə ümidləri də bitib. Samir Abasovun yetirmələri 2-ci pillədə qərarlaşan "Zirə"dən 25 xal geri qalır. Bu isə həmin fərqin aradan qaldırılmasının mümkünsüzlüyü deməkdi. "Gənclik şəhəri" təmsilçisi "Rəvan" və "Xəzər Lənkəran"ın ardından gümüş xəyalı bitən 3-cü komandadı.
Son iki pillədə qərarlaşan "Rəvan"la "Xəzər Lənkəran" isə ən yaxşı halda 7-ci yerə ümid edə bilər. Cənublular son turda uduzub, 6-cı yerə nəzəri şanslarını da itirib. Bu da o deməkdi ki, "Xəzər Lənkəran"ın avrokuboklarda oynamaq xəyalları rəsmən tükənib. Çünki "Zirə" və "İnter"in avrokuboklara buraxılmaması, "Neftçi"nin kubok qazanmaması halında da cənublular 6-cı yerlə qitə səhnəsinə çıxmayacaq.
AZAL-ın da Premyer Liqada qalacağı rəsmiləşib. "Təyyarəçilər" bütün qarşılaşmalarda uduzsa da, aşağı dəstəyə yuvarlanmayacaq. "Neftçi", "Sumqayıt" və "Xəzər Lənkəran" isə hələ də "Rəvan"dan yuxarı pillədə qərarlaşacağını rəsmiləşdirməyib.
Milli.Az