Göy üzünün ulduzları: Musab bin Umeyr

3 Aprel 2016 21:40

Musab bin Umeyr Məkkənin zəngin ailələrindən birinin övladı, naz-nemət içində böyümüş bir dəliqanlısı idi. Geyimi uzaq ölkələrdən gələr, ayaqqabısı xüsusi ustalar tərəfindən tikilərdi. Boy-buxun onda, yaraşıq onda, ədəb-ərkan onda, geyinib-kecinər, uzun saçlarını yağlayıb darayar, üstünə insanın ağlını başından alan qoxular səpib Məkkənin küçələrində addımlayanda tamaşasına durardılar. Məkkədə qızların gözünün həsrəti, dəliqanlıların söhbətinin mövzusuydu Musab. Zövqlə geyinər, danışanda adamı heyran qoyardı, üzündə təbəssüm olardı həmişə. Qızlar onu qoxusundan tanıyar, bilərdilər ki, bir qədər əvvəl burdan Musab keçib. Yeriyəndə küləkdə sovrulmağı vardı, sanki qanad açıb uçurdu.
Bir gün tay-tuşları ilə söhbətində kimsə Məkkədə yeni bir peyğəmbərin çıxdığını eşidir. Eşidir və elə onunla da rahatlığını itirir. İçində bu Peyğəmbərlə görüşmək, Onu tanımaq, söylədiklərinin doğru olub-olmadığını öyrənmək istəyi baş qaldırır Musabın. Kimsəyə büruzə verməsə də içində bir atəş alovlanmağa başlayır. Bir gün Peyğəmbərin Ərkamın evində olduğunu öyrənir və ora gedir. Rəsulullah (s.ə.s.) yanındakılara bu yeni dinin təlimlərini anladır, bütlərdən uzaq durmağı, qız uşaqlarını öldürməməyi tapşırırdı. Musab Rəsulullahın (s.ə.s.) hüzuruna gəlir və:
- Nədir sənin söylədiyin bu yeni din? Bizə nəyi əmr edir, bizdən necə olmağımızı istəyir, nəyi vəd edir? - soruşur.
Rəsulullah Musaba yeni nazil olmağa başlamış Quranın əmrlərindən, bu yeni dinin əsaslarından bəhs edir. Musab elə oradaca:
- Sənin dinini qəbul etdim, ey Allahın Rəsulu,- deyib kəlmeyi-şəhadət gətirir və müsəlman olur. Rəsulullah buyurur ki, gərək təmizlənib namaz da qılasan. Musab heç tərəddüd etmədən bu şərti də qəbul edir. Rəsulullahın ətrafındakı qadın, kişi və kölələrin sayının hələ xeyli az olduğu bir zamanda Məkkənin göz bəbəyi Musab könül rahatlığını bu yeni dində tapır. Elə o gündən hər şey dəyişir Musabın həyatında. İllərdən bəri içində hiss elədiyi boşluğu bu yeni dünyagörüşü, həyat təlimi ilə doldurur, könlündə o vaxta qədər dadmadığı bir ləzzət, bir gözəllik tapır, amma daha Məkkənin küçələrində əvvəlki təravəti, gözəlliyi, görüntüsü ilə gözlər dolduran Musab əriyib gedir, yerinə sadə, dəbdəbəsiz, başıaşağı bir adam gəlir. Məkkənin ən yaraşıqlı dəliqanlısı özünü unudur və Allah Rəsulunun pərvanəsinə çevrilir, evinin önündən, məscidindən ayrılmır. Bənizi saralmış, geyimi köhnəlmiş, şaxlığını-şuxluğunu itirmişdi. Onun bu halına gülənlər, Həzrəti-Muhammədin (s.ə.s.) yanından ayırmağa çalışanlar vardı, o isə Peyğəmbərinə elə bağlanmışdı ki, canını verərdi, amma ondan ayrılmazdı. Peyğəmbərin yanına getməsin deyə anası onu bir otağa salıb ağzını bağladı, iradəsini qırmaq üçün günlərlə ac-susuz saxladı. Amma Musab dediyindən dönmədi. Anasına:
- Gəl sən də bu Haqq yola gir, atalarımızın cəhalətindən qurtul. Qurtuluş İslamdadır, Həzrəti-Muhamməd Allahın elçisidir. Quran Allahın kitabıdır. Bizi yaradan, yaşadan atalarımızın itaət etdikləri Lat, Uzza deyil, Aləmlərin Rəbbi olan Allahdır, - deyib nə qədər dil töksə də, anasının iman etməsinə nail ola bilmir. Nəhayət, bir yol tapıb evdən qaçır və elə həmin əsnada Həbəşistana hicrət edən müsəlmanlara qoşularaq Məkkədən ayrılır. Həbəşistanda bir müddət qaldıqdan sonra yenidən Məkkəyə dönür. Rəsulullahın dizinin dibindən ayrılmır, ondan Quran öyrənir, yeni insan modelini əxz edir. Və bir gün Rəsulullah (s.ə.s.) "Get Mədinəni mənim üçün hazırla deyir" və Musabı yeni bir vəzifə ilə yola salır. Musab Mədinəyə gedir və orada yaşayan dostu Əsəd bin Zürarə ilə görüşüb məsələni ona danışır. Əsəd dostunun təbliği ilə müsəlman olur və Mədinədə ev-ev dolaşıb bu yeni dini təbliğ etməyə başlayırlar. Mədinə onda hələ Mədinə deyildi, Yəsrib idi, sakinləri də yəhudilər, bir də onların fitnəsi ilə bir-birinə düşmən kəsilmiş Evs və Həzrəc qəbilələri yaşayırdılar. Bu iki gəncin təbliğatı çoxlarını narahat eləməyə başlamışdı. Ona görə də Mədinənin başbilənləri bir yerə yığışıb tədbir görməyi qərara aldılar. Qərarları da bu oldu ki, Useyd bin Xudeyr gedib Məkkədən gələn o cavanı öldürəcək. Useyd qılıncını əlinə alıb Əsədin evinə gəlir. Məqsədi qan tökməkdir, amma bu təhlükədən zərrə qədər də təlaş keçirməyən Musab da dininin verdiyi bir vüqarla qarşılayır onu:
- Gəlmisən, öldürmək istəyirsən. Buyur keç, qılınc sənin əlində, bu da bizim boynumuz. Amma belə görünür ki, sən hörmət-izzət sahibisən, dünyanı, olub-keçəni anlayan adama oxşayırsan. Əvvəl dinlə, sonra xoşuna gəlməzsə, istədiyini eləyər, dönüb gedərsən.
Useyd bir qədər yumşaldı. Musab ona İslamın gözəlliklərini, Rəsulullahdan öyrəndiklərini söyləməyə başladı. O danışdıqca Useyd əriyir, başqalaşır, fərqli bir qəlibə dolub tamamilə yeni bir şəkil alırdı. Bir insan gedir, yerinə bir başqası gəlirdi Əsədin evində. Bir xeyli danışdıqdan sonra Musab susdu, araya dərin bir sükut çökdü, nəhayət, Useyd sükutu pozdu:
- Bu söylədiklərin nə qədər gözəl şeylərdir, hələ bir az da anlatsana. Peyğəmbərinin öyrətdiklərini bizə də öyrətsənə.
Musab sözünü bitirib dayananda Useyd:
- Sizin dininizə girmək üçün neyləmək lazımdır, mənə də öyrətsənə,- deyir, sonra da Musabın ardınca kəlmeyi-şəhadət gətirərək müsəlman olur. Useydin əliqanlı donəcəyini gözləyən Mədinə başbilənləri qarşılarında dayanan adamı gördükdə heyrət içində qaldılar. Bu Useyd bir az əvvəlki deyildi, tamam yeni bir adam idi. Özü də mədinəlilərə deyirdi:
- Bu adam mənim bu vaxta qədər gördüyüm ən doğru, ən xeyirli adamdır.
Bu dəfə də Sad bin Muazı göndərdilər. Sad da əliqılınclı yola çıxdı və bir müsəlman kimi geri döndü. Qövmünə belə bir xəbər göndərdi ki, hamısı bir yerə yığışsın, özü də evə girib qüsl aldı, sonra da Useyd bin Xudeyrlə birlikdə onların yanına getdi. Qövmü bir yerə toplanıb Sadın nə deyəcəyini maraqla gözləyirdi. Sad dedi:
- Ey mənim qövmüm, məni necə tanıyırsınız?
Hər kəs bir ağızdan belə cavab verdi:
- Sən bizim rəhbərimiz və böyüyümüzsən, biz də sənə tabeyik.
Sad sözünə davam elədi:
- Elə isə bilin, mən müsəlman oldum. Sizi də Allah-Taalaya və Onun Rəsuluna iman etməyə çağırıram. Əgər iman etməsəniz, sizin heç birinizlə görüşməyəcəm, danışmayacam. Bəni Abduləşhəloğlu qəbiləsi öz rəisinin sözünü qəbul edərək, elə oradaca kəlmeyi-şəhadət gətirib müsəlman oldular. O gün Mədinənin səmaları kəlməyi-şəhadət dalğaları ilə dolub-daşdı. Onların ardınca həm Evs, həm də Həzrəc qəbilələrinin əksəriyyəti İslamla şərəfləndilər və ilk müsəlmanların Məkkədə müşriklərin zülmü altında inlədiyi bir vaxtda Mədinədə müsəlmanlar ordusu Rəsulullahı görmək, onun kürəyində dayanmaq üçün alışıb-yanırdı və Allah-Taala bu möhtəşəm tablonun meydana çıxmasına Musabı səbəb seçmişdi.
O il Mədinə müsəlmanlarından onikinəfərlik bir heyət Rəsulullahla (s.ə.s.) görüşmək üçün Məkkəyə gəldi. Onlar Rəsulullaha biət etdilər, İslam uğrunda canları, malları ilə savaşacaqlarını bildirib geri döndülər. Bu görüş tarixə birinci Ababə biəti kimi düşdü. Bir il sonra isə ikinci Akabə biəti baş tutdu və bu dəfə 2-si qadın olmaqla 75 mədinəli Rəsulullahla görüşdü, ona biət etdi. Bu artıq o demək idi ki, Mədinə müsəlman şəhəridir.
Allahın əmri ilə müsəlmanlar Məkkədən Mədinəyə hicrət etdilər və burada yeni bir həyat başladı. Yeni dünyanın modeli inşa edildi, yeni insan əxlaqı formalaşdı Mədinədə. Dünya bir daha Mədinədən doğuldu, dünya Mədinədə yeni anlam, yeni mahiyyət kəsb eləməyə başladı. İslamın yayıldığını görən Məkkə müşrikləri müsəlmanlara qarşı düşmənçiliklərini daha da artırdılar və əvvəlcə, Bədr, ardınca isə Uhud müharibəsi baş verdi. Müsəlmanların parlaq zəfəri ilə tamamlanan Bədrin intiqamını almaq istəyən məkkəlilər Uhuda daha böyük güclə gəldilər. Uhud savaşı əslində Mədinənin, Mədinənin müdafiəsi isə İslamın müdafiəsi idi. Çünki o zaman iman dolu könüllərdən aşağı bu yer üzündə İslamın hakim olduğu tək ünvan Mədinə idi. Uhud savaşından əvvəlki gecə Musab bir tərəfə çəkilib Allaha dua elədi:
- Ey Allahım, sən bizi sabahkı müharibədə müzəffər eylə! Mən söz verirəm ki, damarımda qanım dövr elədikcə Sənin Peyğəmbərinin yanundan ayrılmayacam, canımı ona sipər edəcəm; bu savaşın sonuna qədər yanından ayrılmayacam. Mənim canım Sənin dininə, Peyğəmbərinə fəda olsun!
Sabah oldu, Uhud savaşı müsəlmanların zəfəri ilə tamamlanmaq üzrəykən oxçuların öz mövqelərini tərk eləməsi savaşın axarını dəyişdi və müsəlmanlar o zaman müşrik olan Xalid bin Vəlidin atlıları qarşısında çətin vəziyyətə düşdülər. Bir dəstə müsəlman Peyğəmbərə zərər verməsinlər deyə onu üzük kimi əhatə etmişdi. Onların başında Musab vardı. Bir atlı Rəsulullahı tanımışdı və əlində qılınc atını Ona doğru çapırdı. Bu savaşda İslamın bayrağını daşıyan Musab onu son anda gördü. Zaman o qədər dar idi ki, sol əlindəki qılıncı onun qarşısına qaldırmağa yetməzdi, ona görə də o anda mümkün olan yeğanə yolu seçdi, bayraq tutduğu sağ qolunu qılıncın qabağına verdi. Bir zərbə ilə qolu bədənindən ayrıldı Musabın. Amma İslam bayrağının yerdə qalmasına da vicdanı təhəmmül etmədi, qılıncını buraxıb bayrağı yerdən qaldırdı və ikinci zərbənin qarşısına da sol qolunu verdi. Musabı ağac kimi budayanlar belə, qanı sellənib ölümə anbaan yaxınlaşan bu insanın Peyğəmbərə sədaqəti, imanı qarşısında heyrətə düşmüşdülər. Nizə zərbəsini də köksü ilə durdurdu Musab və ayaq üstə dayana bilməyib diz çökdü. Gözləri Rəsulullahdaydı, Ona bir şey olar deyə tir-tir titrəyirdi. Bu an Rəsulullah da dönüb Musaba baxdı. Musab Rəsulun üzündəki yaranı, yanağının parçalandığını, mübarək dişinin qırıldığını görüb fəryad elədi. Özünü düşünmək, canının ağrısını hiss etmək ağlına belə gəlməzdi, amma Rəsuluna dəyən zərbədən bütün varlığı param-parça olurdu. Dikəlib qalxmaq istədi, amma yıxıldı, üzü üstə düşdü və bir daha qalxa bilmədi.
Bir az sonra Rəsulullah Musabı bir daha gördü, əlində qılınc Onun ətrafında dolaşır, düşməndən qoruyurdu. Səslədi:
- Ey Musab, bir az əvvəl məni qorumaq üçün canını fəda etmədinmi, qolların doğranmadımı?
Musab dayandı və dedi:
- Ey Allahın Peyğəmbəri, mən Musab deyiləm. Ötən gecə Musab Allaha söz vermişdi ki, bu savaşın sonuna qədər Sənin yanından ayrılmayacaq, Sənin yolunda sinəsini sipər edəcək. O, şəhid olunca Allah-Taala mənə əmr etdi ki, Musabın şəklinə girib Sənin yanında olum.
Savaş başa çatandan sonra Allah Rəsulu meydanı dolaşır, şəhid olmuş səhabələr üçün Allaha dua edirdi. Qolları budanmış, bütün vücudu al-qan içində qalmış Musab başını qumlar içinə soxmuşdu, sanki, axıra qədər savaşa, Rəsulullahı qoruya bilmədiyi üçün utanırdı.
O üç möhtəşəm insanı, böyük iman sahibini - Rəsulullahın sevimli əmisi, uşaqlıq yoldaşı, ən çətin günlərdə dayağı, dəstəyi, şəhidlərin Seyyidi Həzrəti Həmzə bin Əbdülmüttəlib, Abdullah bin Cahş və Musab bin Umeyri Uhudda yanaşı basdırdılar. Basdırarkən Musabın üstünü örtməyə bir şey tapılmadı. Əbasını başına çəkdilər, ayağı açıq qaldı, ayağına çəkdilər, başı açıldı. Rəsulullah buyurdu ki, Musabın əbasını başına çəkin, ayağının üstünü isə otla örtün. Musabı elə də dəfn etdilər.
İslam yolunda canından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin!

"Zaman Azərbaycan"