Səfurə İbrahimova gizlin məqamları açdı: "O məni sənət yoldaşlarımın yanında danlayandan sonra..."

1 Aprel 2016 21:05

"Onun bu hərəkətindən sonra teatrda işləyə bilməzdim"

Məşhur aktrisa, Azərbaycan teatr və kino sənətinin incilərindən biri Səfurə İbrahimova ilk dəfə olaraq teatrı tərk etmə səbəbini açıqlayıb. O bu haqda Milli.Az-a danışıb:

"Siz bilirsiz ki, məni tamaşaçılar ilk dəfə teatrda sevib-bəyəniblər. Aktrisanın teatrda çalışması vacibdir, çünki sənətkar teatrda yetişir və ildən-ilə inkişaf edir. Teatrı tərk etməyimə səbəb isə ovaxtkı rəhbərliyin mənimlə kobud şəkildə davranışı oldu. O insanın adını çəkmək istəmirəm, çünki indi haqq dünyasındadır. Mən heç kimdən söz götürən insan deyiləm və heç vaxt da buna çalışmamışam. İclasa gecikdiyim üçün həmin direktor məni sənət yoldaşlarımın yanında nalayiq sözlərlə danlayıb, sənətimdən sui-istifadə etməkdə günahlandırdı. Amma halbuki bu belə deyildi. Elə həmin gün ərizəmi yazıb teatrı tərk etdim. Onun bu hərəkətindən sonra teatrda işləyə bilməzdim. Bu gün mən artıq aktrisa deyiləm, adi insanam".

Əli Rəhimoğlu

Milli.Az