Faiq Ağayev: «Elə mən də Nisə Qasımovanı harada görsəm... »
3 Mart 2010 09:37
- Faiq, bir çox həmkarlarınız
kompüterdən adi istifadə qaydalarını belə bilmir. Bəs sizin necə,
müasir texnikadan anlayışınız var?
- Texnikaya məndə həvəs həmişə olub. Əvvəllər DVD-pleyer, video, mobil
telefon alanda dərhal onun menyusuna daxil olub baxırdım. İndi isə belə
işlərə həvəsim qalmayıb. Kopüterə gəlincə ondan istifadə qaydasını tam
bilmirdim. Özümə bir netbook aldım. İndi tam aktiv internet
istifadəçısiyəm.
- Faiq Ağayev sülhsevərdir, yoxsa üsyankar?
- Faiq Ağayev mübariz insandır. O da ki, mübarizəyə ehtiyac olanda.
Boş-boş şeylərdən ötrü heç kəslə nə dava salar, nə də ki, qaşınmayan
yerdən qan çıxardaram. Təbii ki, əgər təzyiqə məruz qalsam, cavab
verməliyəm. Amma ümumilikdə münaqişəni sevməyən insanam. Çünki
münaqişəyə çoxlu vaxt və sinir gedir.
- Bəs Nisə Qasımova ilə niyə
küsülüsünüz? Portalımıza müsahibəsində Nisə xanım deyib ki, "Faiq
Ağayevi harda görsəm, ona başa salacam ki, mənimlə belə rəftar eləmək
olmaz". Aranızda nə baş verib?
- 2 il bundan əvvəl aparıcısı olduğum "Ulduzlu axşam" verilişinin
müəlliflər qrupu tərəfindən buraxılmış cüzi bir səhvin ucbatından bizim
Nisə xanımla münasibətimiz soyudu. Nisə xanımın anasının yas məclisində
ona işin nə yerdə olduğunu danışıblar. Gedib başsağlığı vermək üçün
onun köməkçilərindən birinə müraciət etdim. Köməkçisi isə mənə dedi ki,
gəlməyimə ehtiyac yoxdur. Sonradan bildim ki, Nisə xanımın bu söhbətdən
xəbəri olmayıb. Mən Nisə xanımla istənilən anda qarşı-qarşıya gəlməyə
hazıram. Elə mən də Nisə xanımı harada görsəm və ya istənilən zaman
görüşüb onu bağrıma basmağa hazıram. Bilirəm ki, o, məni çox istəyir.
Elə mən də onun xətrini indiyəcən əziz tuturam. 1996-cı ildə solo
konsertim zamanı Nisə xanım səhnəyə çıxıb dedi ki, Faiq Ağayev
Azərbaycan estradasının şəhzadəsidir. O, sənətimə daim rəğbətlə
yanaşıb, mən də həmişə Nisə xanımın səmimi pərəstişkarı olmuşam.
- Son barışdığınız müğənni kim olub?
- Sonuncu dəfə bir il bundan əvvəl verilişlərin birində müğənni Rəqsanə
İsmayılova ilə məni virtual olaraq barışdırdılar. Səmimi etiraf
eşitdim, umu-küsüyə son qoydum. Ümumiyyətlə, insanın yaşı artdıqca o,
müdrikləşir. Üzr istəməyin özü bir cəsarət tələb edir. Bağışlamağı
bacaran insan isə mükəmməlliyə doğru addım atmış olur.
- Müğənni Əli Mirəliyevin efirlərdə və mətbuatda Faiq Ağayevə qarşı sərt çıxışları onda nə kimi hislər oyatmışdı?
- Mən onun siyahısında birinci deyildim (gülür). İlk əvvəllər elə də
önəm vermirdim. Daha sonra ünvanıma layiq olmadığım sözlər eşitməyə
başladım. Sözün açığı bərk xətrimə dəydi. Çünki "t" hərfi ilə başlayan
başqa sözlər də var. Misalçün, " tənqid", "tənə", "təhlil" və s. Daha
təhqir yox da! Mənim sənətimə Müslüm Maqomayev qiymət verib. Onun şəxsi
dəvəti ilə Moskvada keçirilən yubileyində iştirak etmişəm. O cümlədən
Polad Bülbüloğlu, Zeynəb Xanlarova, İlhamə Quliyeva həmişə sənətimi
yüksək dəyərləndirib. Siz də deyirsiniz, " Əli Mirəliyev "...
- Bu yaxınlarda Əli Mirəliyev deyib ki, sizi qucaqlamaq istəyir. Onun bu addımına sizin reaksiyanız necə olacaq?
- Buyursun, gəlsin qucaqlasın. Etiraf etsin ki, "Mən iki ildir Faiq
Ağayevi tanımayıb, barəsində layiq olmadığı söhbətlər danışmışam". O,
məni qucaqlamağa cəhd göstərməmiş, harada görsəm birinci özüm onu
qucaqlayaram.
- Ötən ilin yekunlarından razı qaldınızmı?
- Deməzdim. Çünki 2009-cu ildə Azərbaycanda, "Eurovision" yarışmasından
savayı, sənət baxımından heç bir olay olmadı. Çox kasad bir il idi.
Qalan əldə olunan uğurları olay hesab etmirəm.
- Etiraf edin ki, Faiq Ağayevin əvvəlki fəallığı azalıb...
- Razıyam. Amma bu, müvəqqətidir.
- Vergi ödəməklə aranız necədir?
- Mən qabaqcıl, öndəgedən vergi ödəyicilərindən biriyəm (gülür).
- Ayda neçə toya gedirsiniz?
- Böhran başlayandan, bütün müğənnilərin toylarının sayı kəskin şəkildə
azalıb. Hətta ayda az qala 70 toya gedən müğənnilər belə bunu etiraf
edir. Faiq Ağayev dünyanın düz vaxtında ayda cəmi 4-8 toya gedirdi.
İndi isə bu rəqəm 2-4 arasında dəyişir.
- Əvvəllər Xuraman Şuşalıya dəstək
çıxırdınız. Toy məclislərində, konsertlərdə daim yanınızda idi. Amma
sonra bu himayədarlıq sona çatdı...
- Mən sadəcə Xuramanı sərbəst ifaçı kimi "azadlığa" buraxdım. Əgər
Xuramanın bu gün köməyə ehtiyacı olsa, ona yenə dəsdək durmağa hazıram.
Xuraman sənətdə özünə düzgün istiqamət qursa, mahnılarla gündəmdə qalan
müğənni ola bilər.
- Faiq Ağayev biznesmendir yoxsa özünü o cür aparır?
- Xeyr, mən biznesmen deyiləm. Sənətimlə dolanışığımı təmin edən
peşəkaram. Mənim biznesim müğənniliyimdir. Əmin ola bilərsiniz ki,
balaca qəzet köşküm belə yoxdur.
- Ola bilməz ki, bu illər ərzində Faiq Ağayev əldə etdiyi gəlirdən özünə biznes qurmasın...
- Zaman-zaman biznesmen olmağım ağlıma gəlib. Mən əgər hər hansısa
bizneslə məşğul olsam, gərək o işin arxasınca gedim. Belə olan təqdirdə
sənətdən kənarlaşa bilərəm. Allah eləməsin, müğənnilik sənəti olmasa,
mən nə ilə yaşayacağamı təsəvvürümə belə gətirmirəm. İş pulda deyil.
Sadəcə mən müğənni olmasam mənən ölə bilərəm. Sizə bir sirr açım.
Təxminən il yarım bundan əvvəl dostlarımın təkidi ilə hazırda fəaliyyət
göstərən ticarət mərkəzlərindən birində dükanların birini almaq
fikrində idim. Satışla məşğul olan ofisə çatmağa 300 metrə qalmış
qarşımdakı avtomobil adam vurdu. Tez geri dönüb həmin məkandan
uzaqlaşdım. İçimdə o işdən xeyir tapmayacağım barədə bir hiss
oyanmışdı.
- Sizcə, müğənnilərdən hansı bu gün konsertlərdən pul qazana bilər?
- Azərbaycanda Heydər Əliyev Sarayını tamaşaçı ilə dolduran yeganə
yerli müğənnilər - Alim Qasımov, Baloğlan Əşrəfov və Faiq Ağayevdir.
Amma bu gün sənətçi yalnız konsertdən əldə olunan gəlirlə dolana
bilmir. İldə neçə konsert keçirtməlisən ki, yaşayışını təmin edə
biləsən? Ölkəmiz elə də böyük deyil. Ona görə də müğənnilər toya
getməyə məcburdur.
- Cangüdəni nə üçün gəzədirirsiniz? Düşməniniz var?
- Əslində onun bilavasitə vəzifəsi köməkçidir. Amma ətrafımızda
cəmiyyətdə özünü aparmağı bacarmayan insanlar da olur. Ən çoxda ki, bu,
açıq konsertlərdə, bölgələrə səfərlərdə baş verir. Cangüdən elə tip
insanlarla mənim aramda canlı çəpər yaradan birisidir. Hər ehtimala
qarşı özümü sığortalamağa çalışıram. Necə deyərlər, "Ehtiyat igidin
yaraşığıdır!" (gülür) .
Fərid
Milli.Az
