Obamanın mətbuat katibi hokkeyçi forması geyinəcək
2 Mart 2010 18:04
Vankuverdə keçirilmiş Qış Olimpiya Oyunlarında hokkey üzrə final qarşılaşmasındakı məğlubiyyət ABŞ prezidenti Barak Obamanın mətbuat katibi Robert Qibbs üçün ikiqat "zərbə" olub. "İTAR-TASS"ın məlumatına görə, ABŞ və Kanada millilərinin qarşılaşdığı final zamanı o, Kanadanın baş nazirinin rəsmi nümayəndəsi Dmitri Sudasla mərc gəlib. Qibbs finaldan ABŞ, Sudas isə Kanada yığmasının qalib ayrılacağını bildirib. Mərcdə məğlub olan tərəf rəqib komandanın geyimində jurnalistlər qarşısında 15 dəqiqə çıxış etməlidir.
Məlum olduğu kimi, mərc Obamanın mətbuat katibinin məğlubiyyəti ilə bitib. Bu səbəbdən də onun bü gün keçirdiyi brifinq jurnalistlər tərəfindən böyük maraqla gözlənilirdi. Lakin Qibbs tədbirə həmişəki kimi kostyumda qatılıb. Buna baxmayaraq, o, "borcunu" tezliklə qaytaracağını söyləyib. Mətbuat katibi bildirib ki, hazırda o, Kanada hokkeyçilərinin formasını axtarır.
Milli.Az