İstanbula düşən kometa

26 Mart 2016 22:40

Milli.Az senet.az-a istinadən Cəlil Cavanşirin tərcüməsini təqdim edir

"Tarix daima qaliblər tərəfindən yazılmışdır. İki mədəniyyət toqquşduğu zaman, məğlub olan məhv olur, qalib gələn tərəf isə öz dəyərini qaldırıb, məğlub etdiyi rəqibini alçaldır. Napoleon  dediyi kimi; "Tarix üzərində razılığa gəlinmiş nağıldan başqa nədir?" "

1964-cü ilin 22 iyun günü, Amerikanın şimal-şərqində Nyu Hempşir əyalətində bir oğlan uşağı dünyaya gəlir. Exter Akademiyasının sevilən riyaziyyat müəllimi Riçard Braun və dini musiqi tənqidçisi Konni Braun ilk övladlarına Den adını qoyurlar. Uşaqlıq və gənclik illərini Exter Akademiyasının etibarlı mühitində keçirən Den, ali təhsil üçün Amherst kollecini seçir və 1986-cı ildə ingilis və ispan dili və ədəbiyyatı bölməsini bitirir.

"Mənasını dərk etmədən dünyada yaşamaq, kitablara toxunmadan bir kitabxananı gəzməyə bənzər."

Musiqiyə böyük həvəsi olan Den, 1991-ci ildə Hollivuda üz tutur və dolanışığını təmin etmək üçün bir orta məktəbdə müəllimlik etməyə başlayır. İş həyatında tanış olduğu,ondan on iki yaş böyük olan Bleyt Nevlon Denə musiqi aləmində dəstək olmağa çalışır. Amma işgüzar münasibət sevgiyə çevrilir. İki il tamam olmamış Hollivud macərası başa çatan gənc cütlük, Denin doğulduğu yerə, Exterə yollanır. İngilis dili müəllimliyi edən Den hələ axtarışlar mərhələsindədir. Bu ərəfədə Den oxuduğu gərgin süjetli romanların birindən təsirlənir və ilk romanını yazmağa qərar verir. 1997-ci ildə ailə həyatı qurduğu Bleyt sənət tarixi ilə bağlı araşdırmalarını davam etdirməklə yanaşı ərinin yazar həyatına da dəstək verir. 1998-ci ildə çap olunan "Rəqəmsal qala"(Digital Fortress) romanı uğurlu alınmasa da, Den Braun yazıçı karyerasında ilk addımını atmasına kifayət edir.

 "Tanrı bütün dualara cavab verir, ancaq bəzən "xeyir" deyir"

Müəllimlikdən uzaqlaşıb vaxtını bütünlüklə yazmağa həsr edən Den Braun 2000-ci ildə "Mələklər və Şeytanlar" (Angels & Demons) daha sonra "Xəyanət nöqtəsi"( Deception Point) romanları ilə yenidən oxucuların görüşünə gəlir. Yazmağa davam etməsə, çox az adamın yada salacağı bir yazıçı olmalıykən, 2003-cü ildə "Da Vinçi şifrəsi"( The Da Vinci Code) romanı ilə möhtəşəm şəkildə gündəmə gəlir. Artıq kraliça taxtında Aqata Kristinin əyləşdiyi, sevgi romanlarında Barbara Kartland, macəra romanlarında Harold Robins, fantastika-qorxu romanlarında Stefan Kinqin əsas mövqeləri ələ keçirdiyi sarayın pillələri ilə qalxmağa başlayır.

Soyuq müharibə dövrünün yazıçıları Yohannes Mario Zimmel, Jon le Karre, Robert Ladlem, gərgin süjetli əsərlərdə Artur Heyli, İrvinq Uolles, vestern janrında Luis Lamur kimi məhşur, çox tirajla satılan yazıçıların kluarında dolaşmağa başlayan Den Braun, Hollivudun da dəstəyini alıdıqdan sonra sürətlə məhşurlaşmağa başlayır. Fantastikanın cəngavəri Jon Ronald Run Tolkin, Harri Poter möcüzəsinin yaradıcı şahzadəsi Coan Roulinq və Jeyms Bond seriyasının memarı Yan Fleminqin başına qonan Hollivud adlı şahlıq quşu indi qanadlarını Den Braun üçün çırpmağa başlamışdı.

"Zaman bir çaydır, kitablar isə gəmilərdir."

Den Braunun xəyalının məhsulu olan Harvard Universitetinin simvolşünas professoru Robert Lanqdon, Tom Henksin canlandırdığı xarizmatik xarakterlə birləşib kinoteatrlarda tamaşaçı ilə görüşməyə başlayanda satış mütəxəsisləri bənzəri olmayan bir Den Braun fenomeni yaratmışdılar.

2006-cı ildə "Da Vinçi şifrəsi" və 2009-cu ildə "Mələklər və Şeytanlar" ekrana çıxdıqdan sonra oxucuların Paris, London, Roma və Vatikan səfərləri başlayır.

"İman universaldır. Onu anlamaqla bağlı spesfik üsullarımız isə maraqlıdır. Bəzilərimiz İsaya dua edər, bəzilərimiz Məkkəyə gedər, bəzilərimiz atomdan da kiçik zərrəcikləri incələyərik. Nəticədə hamımız o, özümüzdən böyük həqiqətin arxasınca qaçarıq."

Kriptoloji, gizli açarlar, simvollar, şifrələr, konspirologiya nəzəriyyəsi, gizli ittifaqlar, tarix boyu yaranan əfsanələri zərgər dəqiqliyi ilə süjetlərində istifadə edən Den Braun əvvəllər rast gəlinməmiş satış rekordunun dadını çıxarır. 300 milyonu keçən tirajı ilə tarixdə ən çox kitabı satılan yazarlar arasındadır. Den Brauna görə simvollar bir dilin, sözlərin ağırlığını daşımadan böyük mesajlar ötürür. Şəffaf və universal mənadan ibarətdirlər.

"Elm mənə tanrının varlığının labüdlüyünü deyir, ağlım isə Tanrını əsla anlaya bilməyəcəyimi. Qəlbim isə anlamağa ehtiyac olmadığını."

Əlli yaşlı yazar  hələ də hər zaman olduğu kimi səhər saat dörddə yazı masasının arxasına əyləşib işləməyə başlayır. Köhnə dostları ilə şəxsi həyatını davam etdirir, ilk gündən bəri sevdiyi gözəl bir qadınla ailə həyatı yaşayır. Bankdakı pullarını düşünmədən, məsuliyyətlə işləməyə davam edir.

2009-cu ildə çap olunan "İtirilmiş simvol"( The Lost Symbol) adlı beşinci əsərindən sonra uzun müddət səs-sorağı çıxmayan yazıçı "Cəhənnəm" romanında oxucusunu Florensiya və Venesyanın kilsələrində, sarayların dəhlizlərində bir müddət gəzdirdikdən sonra, özünün dediyi kimi, üç imperatorluğun mərkəzi olmuş, bəşərin tarixi qədər qədim, dünyanın incisi İstanbula gətirir.

"İki min il öncə Tanrı və İlahələrin dünyasında yaşayardıq. Bu gün isə yalnız Tanrıların dünyasında yaşayırıq. Mədəniyyətlərin çoxunda qadınlar ruhani güclərdən uzaqlaşdırılıb"

"Cəhənnəm"in sirli düyünü İstanbulda çözülür. Gərgin və nəfəs kəsən yüz səhifəlik finalda yazıçı İstanbulu belə tanıdır oxucularına:

"Qədim Bizans paytaxtında axşam olmuşdu. Mərmərə dənizinin sahilində yanan şəhər işıqları ilə birlikdə məscidlərdən və nazik  minarələrindən ibarət şəhər silueti işıqlandı. Axşam namazının vaxtıydı və şəhərdəki səsgücləndiricilərdən ibadət çağırışı edən azan səsi ucalırdı...

İnanclılar məscidlərə tələsərkən şəhərin digər insanları işlərinə davam edirdilər. Səs-küylü universitet tələbələri pivələrini içir, biznesmenlər müqavilələrini bağlayır, alverçilər ədviyyatlarını və xalçalarını satır və turistlər sehirlənmiş halda baş verənləri izləyirdilər."

"Ağıllı insanlar axmaq təqlidi etmək həvəsində deyildirlər."

Hər uğur hekayəsi arxasında qarışıq bir iz qoyur. Den Braun hələ yolun əvvəlində olmasına baxmayaraq zəhərli oxların hədəfi olmağa çoxdan alışıb. Film ulduzu və müğənni olmadığını, yazıçının özünün yox, yazdıqlarının ön plana çıxmalı olduğunu desə də ədəbiyyat tənqidçilərinin və həmkarlarının hücumundan canını qurtara bilməyib. Məsələn 1988-ci ildə "Şeytan ayələri" kitabından sonra İran rejimi tərəfindən ölümə məhkum edilən Salman Rüşti belə deyir. ""Da Vinçi şifrəsini" yadıma salmayın. O qədər pis romandır ki, pis roman ifadəsini belə təhqir edir. ...Den Braun belə, yaşamalıdır. Yazmamalıdır, amma yaşamalıdır."

Başqa bir amerikalı yazıçı Nelson Demille isə fərqli düşünür : "Den Braun ölkəmizdə yaşayan ən zəkalı, ən bacarıqlı, ən yaxşı yazıçılardan biridir. "Da Vinçi Şifrəsi" fantastik romanlardan bir xeyli öndədir; dahiyanədir."

Təcrübəli bir qəzet tənqidçisi isə qısa olaraq belə deyir: ""Da Vinçi şifrəsi"nin yazılışı bərbad, xarakterlər cizgi filmlərinin qəhrəmanlarına bənzər, dialoqlar isə bəzi yerlərdə kompyuter kitabı kimi əzab verir, hər şey şişirdilib, təkrar edilib - digər tərəfdən lənətə gəlmiş kitabı əlinizdən yerə qoymağınız mümkün deyil"

Həmişə olduğu kimi, son qərar oxucunundur.

Milli.Az