"Axırıncı yol" filminin aktyorları Park Cinema-da "imza günü" təşkil edəcəklər

18 Mart 2016 12:05

"Bozbash Pictures" komandasının yeni "Axırıncı yol" macəra komediyasının aktyorları Novruz bayramı ərəfəsində dəyərli tamaşaçılarına hədiyyə olaraq Park Cinema - Metroparkda "İmza günü" təşkil edəcəklər. Filmin əsas heyəti sabah saat 19:00-da Park Cinema-da bütün kinosevərləri gözləyəcək.

"Axırıncı yol" macəra komediyası "Bozbash Pictures" qəhrəmanları Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Belə ki, çıxılmaz bir vəziyyətə düşən qəhrəmanlar yerli bankların birindən içində 2.000.000 dollar olan inkassator avtomobilini qaçırırlar. Bundan xəbər tutan ölkə polisi cinayətkarları tapmaq üçün hər bir varianta əl atır. Şöşünün başçılığı ilə cinayətkar dəstə banka məxsus inkassator avtomobilinin görkəmini dəyişərək "SOSKA Uşaq Əyləncə Mərkəzi" adı ilə cinayət izini itirmək istəyir, lakin bu onları daha da çətin bir vəziyyətə salır.

Park Cinema - 5 meydançadan ibarət ən böyük kinoteatrlar şəbəkəsidir. Ən yüksək texniki tələblərə cavab verən kinoteatrlar Park Bulvar, MetroPark, Park Zagulba AVM, Bakının yeni simvolu Flame Towers və Amburan əyləncə kompleksində yerləşir.

Əfsanəvi komfort və zalların keyfiyyətindən savayı, Park Cinema Azərbaycanda əzəmətli IMAX formatının yeganə nümayəndəsidir.