Əli Əhmədov: "YAP-la AXP-nin əməkdaşlığı Avropaya inteqrasiya prosesinə əhəmiyyətli töhfəsini verə biləcək"
2 Mart 2010 15:28
Bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini, İcra katibi Əli Əhmədov partiyanın rəsmi saytına açıqlamasında deyib.
Əli Əhmədov bildirib ki, Avropa Xalqları Partiyasına Almaniyanın kansleri Angela Merkelin, Fransa prezidenti Nikola Sarkozinin rəhbərlik etdiyi partiyalar, ümumilikdə isə Avropa dövlətlərinin 70-dən çox güclü partiyası daxildir.
Onun sözlərinə görə, Avropa Xalqları Partiyasının prezidenti, Belçikanın keçmiş Baş naziri Vilfred Martinsin Azərbaycana səfər etməsi Avropa Xalqları Partiyasının ölkəmizə verdiyi önəmin təzahürüdür.
"V.Martins Avropanın bugünki münasibətlərinin formalaşmasında çox nüfuzlu siyasətçilərdən, Avropa Xalqları Partiyasının qurucularından biridir. O, yarandığı vaxtdan bu partiyaya rəhbərlik edir. Eləcə də, uzun müddət Belçikanın Baş naziri olub. Bütövlükdə isə V.Martins Avropa siyasətində böyük nüfuza malik olan bir insandır" deyən YAP Sədrinin müavini hesab edir ki, YAP-la Avropa Xalqları Partiyasının əməkdaşlığı Azərbaycanın Avropaya inteqrasiyası prosesinə əhəmiyyətli töhfəsini verə biləcək.
Milli.Az