"O olmasın, bu olsun" filminin Gülnazı: "Onların toyunu görmək istəyirəm" - FOTOSESSİYA

1 Aprel 2016 21:24

"O olmasın, bu olsun" filminin Gülnazı - Tamara Ağamirovanın Milli.Az-a müsahibəsi.

- Tamara xanım, bildiyimə görə filmə çəkiləndə atanız qarşınıza bəzi qadağalar qoymuşdu. Onlar hansı qadağalar idi?

- Filmə çəkiləndə mənim 16 yaşım vardı. Məktəbə gəlib dedilər ki, "O olmasın, bu olsun" filmində çəkilməyə baş rolda qız axtarırıq. Nədənsə bir neçə qızın içindən məni seçdilər. Amma atam filmdə çəkilməyimə razı deyildi, buna görə də çəkiliş qrupu ilə atamın arasında böyük mübahisə düşdü. Atam məni öyrətdi ki, sən rejissora de ki, mən çəkilməyə razı deyiləm. Amma mən bu sözləri rejissora demədim, çünki filmdə çəkilməyimə həvəsli idim. Birtəhər atamdan icazə alıb, çəkilişə başladıq.

- 16 yaşında məktəbli bir qız üçün korifey sənətkarlarla çəkilmək, təbii ki, çox çətin və məsuliyyətli bir iş idi. Biz həmin insanları filmlərdən tanıyırdıq, bəs onlar adi həyatda necə, səmimi idilərmi?

- Onu deyə bilərəm ki, çəkiliş vaxtı çox zarafatlar olurdu. Təbii ki, onlar mənə bilmədiyim nələrisə öyrədirdilər. Mən bugünkü gündə də Barat xanımdan çox razıyam. Barat xanım mənə öz övladı kimi baxırdı. Ona görə onlarla birgə çəkilişdə çətinlik çəkmirdim. Həmçinin də filmin digər qəhrəmanları.

- Ola bilməz ki, filmin bütün qəhrəmanları sizə eyni münasibəti göstərsinlər. Yəqin ki, xətrinizə dəyənlər də olurdu.

- Vallah, həqiqi sözümdür, mən bütün kollektivi çox istəyirdim. O boyda sənətkarlar mənim yaşda insanla oturub uşaq kimi danışırdılar. Bəzən bunlar yadıma düşəndə təəccüblənirəm. Mən onlardan bircə dəfə də olsun narazılıq hiss etmədim.

- Filmdə dubllar çox çəkilirdi, yoxsa elə bir dubla rejissor istədiyini sizdən ala bilirdi?

- Bu, mənim çəkildiyim ilk və son film oldu. Buna görə də dublların çox olması normal və gözlənilən idi. Bəzən bir neçə gülüşdən sonra gülümsəmək çətin idi. Məcbur qalıb ağzımı açıb, dişlərimi göstərirdim. Hətta filmin bir hissəsində bu açıq-aydın gözə çarpır.

- Niyə davamlı olaraq filmlərə çəkilmədiniz?

- Bu filmdən sonra mənə bir çox filmlərdən təklif gəldi. Amma mən gələn təklifləri qəbul etmədim. Çünki tam aktrisa olmaq istəmirdim. Hətta mənə Tacikistanda yaşayıb orada işləməyim üçün də təklif gəlmişdi.

- Tamara xanım Hindistanın məşhur aktyoru Rac Kapurla sizi nə birləşdirir?

- 1956-cı ildə Azərbaycanda Hind filmləri festivalı keçirilirdi. Rac Kapur da öz dəstəsi ilə Bakıya gəlmişdi. Mən də o vaxtı televiziyada diktor işləyirdim. Rac Kapur pianinonun arxasında oturmuşdu, məni görən kimi "O olmasın, bu olsun" filmindən bir musiqi səsləndirdi. Bununla da o, mənə başa sala bildi ki, mən səni tanıdım.

- Gələcək həyat yoldaşınızla tanışlığınız necə baş tutdu?

- 8 ay diktor işləyəndən sonra işdən çıxdım. Məktəbdə oxuyurdum, məni texnikuma keçirdilər, 2 il də orada oxudum. Bir gün mənə xəbər gətirdilər ki, diktor axtarılır. Mən 1958-ci ilin axırlarında 2-ci dəfə televiziyaya işləməyə gələndə yoldaşımla orada tanış oldum. Həyat yoldaşım televiziyada baş redaktor işləyirdi. Bizim tanışlığımız televiziyadan başladı. Amma bu tanışlıqdan öncə mənim yoldaşım mən filmə çəkiləndə kinostudiyaya tez-tez gedib-gəlirdi. Mən ancaq onu görməmişdim. Hətta filmimiz haqqında bir məqalə də yazıb tənqid etmişdi. Onunla tanışlıqdan sonra yoldaşımın bir çox verilişlərində çıxış etdim. 1962-ci ildə evləndim. Bir oğlum dünyaya gəldi. Bugünkü gündə bir oğlumdan iki nəvəm var.

- İnsan həyat yoldaşını ömrünün hər çağında axtarır. Onun üçün darıxdığınız günlər olurmu?

- Yoldaşımla birlikdə 38 il yaşadıq. O, 2000-ci ildə dünyasını dəyişdi. O ildən bu günə kimi oğlumun ailəsi ilə yaşayıram. Bir söz var ki, üzük qaşı ilə tanınar. Qadının yaşında kişi, kişinin yanında da qadın olmalıdır. Kişilər həmişə qadınlarından əvvəl ölməyi arzulayırlar ki, həyat yoldaşlarının ölümünü görməsinlər. Allah onun arzusunu yerinə yetirdi, amma mənimkini yox. 15 ildir ki, onsuz yaşayıram. Çox darıxdığım günlər də olur. Hər saniyə, hər dəqiqə onu yadımıza salıb, xatırlayırıq. Heç vaxt onu yadımızdan çıxarmırıq.

- Bildiyim qədərilə bugünkü gündə heç bir yerdə çalışmırsınız. Maraqlıdır, həmişə gur işin içində olan bir qadın bugünkü boşluqda darıxmır?

- Mən 45 il milli kitabxanda işləmişəm. Bu gün isə evdə oturub, təqaüdümü alıb, nəvələrimi böyüdürəm. İnsan yaşlaşdıqca bir az kövrək olur, xasiyyəti tamam dəyişir. Mənim xasiyyətim tamam dəyişib. Bəzən çox verilişlərə çağırırlar, amma getmirəm. Hamısına rədd cavabı verirəm. Mən deyəndə ki məni filan verilişə çağırırlar, ətrafımdakı insanlar deyirlər ki, neynirsən ki? Nəyinə lazımdır? Bunu ilk dəfə olaraq sizə deyirəm. Amma mən bilirəm ki, onlara lazımam.

- Maraqlıdır, bu gün filmə baxarkən hansı hissləri keçirirsiz?

- Filmə baxanda deyirəm ki, ey cavanlıq hardasan? Cavanlıq yaxşı şeydir, cavanlığınızın qədrini bilin. İndi əgər Gülnazı oynasaydım, əlbəttə ki, mən oradakı Gülnaz olmazdım. İndiki Gülnazım o Gülnazdan daha yaxşı olardı.

- Hal-hazırda Tamara xanımın ən böyük arzusu nədir?

- İnsan arzuyla yaşayır, arzu olmasa, insan yaşaya bilməz. Mənim arzum olmasaydı, mən bəlkə də ölərdim. Bugünkü ən böyük arzum nəvələrimin toyunu görməkdir.

Əli Rəhimoğlu
Milli.Az