Ali Məhkəmənin sədri: “Məhkəmələr əsassız həbs qərarları verir”

2 Mart 2010 13:39
"2000-ci ilə qədər Azərbaycanda həbs-qətimkan tədbirinin seçilməsi prokurorluğun səlahiyyətində olub. Amma həmin ildən bu səlahiyyət məhkəmələrə verilib. Bunun da əsas məqsədi insanların hüquqlarının daha yaxşı qorunması idi. Amma təəssüflə demək lazımdır ki, bu belə olmadı".

Ramiz Rzayevin sözlərinə görə, bununla bağlı Bakı şəhəri və Sumqayıtdakı vəziyyət öyrənilib və ortaya acınacaqlı faktlar çıxıb: "Bu məsələni Ali Məhkəmənin 2009-cu ilin noyabrında keçirilən plenumunda müzakirəyə çıxardıq. Təəssüflər olsun ki, hakimlər qətimkan tədbiri kimi həbsə üstünlük verirlər. Azərbaycanda girov qətimkan tədbiri tətbiq olunmur, başqa yerə getməmək, ev dustaqlığı qətimkan tədbirləri seçilmir".
 
R.Rzayevin sözlərinə görə, həbs ən ağır, ən sərt qətimkan tədbiridir və bu tədbir müstəsna hallarda seçilməlidir: "Əgər şəxsin istintaqdan qaçıb gizlənməsi, istintaqa təsir etməsi üçün əsaslar olarsa, həbs seçilməlidir. Məhkəmə həbslə bağlı qərar qəbul edərkən bu halları əsaslandırmalıdır".

Ali Məhkəmə sədri mülahizələrlə həbs-qətimkan tədbirinin seçilməsinin mümkün olmadığını vurğulayıb. R.Rzayev bu məsələdə ciddi bir dəyişikliyin olacağına ümid etdiyini bildirib. Bunun üçün o, Ali Məhkəmə tərəfindən xüsusi əyani vəsaitlərin hazırlandığını, onların hakimlərə təqdim olunduğunu bildirib. R.Rzayev pozuntulara yol verən hakimlərin cəzalandırıldığını, 3 hakimin səlahiyyətinə xitam, bir neçə hakimə töhmət verildiyini, bəzilərinin isə vəzifəsinin aşağı endirildiyini vurğulayıb.

/APA/