Məşhur rejissor klip müqabilində hansı müğənnilərlə intim əlaqədə olub? - FOTO
18 Mart 2011 09:00
Rejissor Nail Naiboğlunun Milli.Az xəbər portalına müsahibəsi
"60 yaşında müğənni "Məni 40 yaş cavan çək" deyir"
- Nail, sənə baxanda nədənsə narazı olduğun hiss edilir. Bir problem yoxdur ki?
- Yox, narazı deyiləm. Amma insanın atın üstündə olan və olmayan vaxtlar olur. Bu bir qismətdir ki, mən bu gün atdayam.
- Səni qəbul etməyənlər var?
- İstəsələr də, istəməsələr də, qəbul etməlidirlər.
- Bir klipi neçəyə çəkirsən?
- Elə kliplərim olub ki, oradan mənə heç nə qalmayıb. Əgər 200 manat qalıbsa, sevinmişəm. Ancaq yaxşı qazandığım kliplər də olub.
- Bax, bütün rejissorlar eyni sözü deyir. "Klipi ucuz çəkirəm. Ordan mənə heç nə qalmır". Bu, niyə bütün rejissorların çıxışlarında şablon halını alıb?
- Yəqin gözə gəlməkdən qorxuruq (gülür). Ancaq səmimi danışım. Elə kliplərim də olub ki, oradan rahat qonararımı, yəni 3 - 4 min manat götürmüşəm. Mən hər zaman düzünü demişəm. Çox qazanmışam, çoxu demişəm, az qazanmışam, azı. Amma nədənsə hərdən müğənnilər də şişirdirlər ki, biz bir klipə filan qədər xərclədik... O gün müğənni Lalə Məmmədovanın müsahibəsini oxuyuram və o, deyir ki, bir klipə 10 min dollar pul xərcləyib. Amma mən klipə baxanda görürəm ki, o qiymətə deyil. Mən başa düşmürəm ki, müğənnilər kliplərini necə hesablayırlar ki, gəlib bu qiymətə çıxır. Fikir versək, bu gün tanınmış müğənnilərin heç biri klip çəkdirmir. Fikirləşir ki, böyük bir məbləğ xərcləməyə dəyməz. Amma səhv fikirdədirlər. Çünki müğənninin "piar"ı üçün birinci növbədə klip lazımdır. Bizimkilər maqazin verilişlərinə çox aludə olublar. Ancaq bütün dünyanın məşhur müğənniləri klip çəkdirməklə məşğuldur.
- Adın çəkiləndə, "klipi ucuz çəkir. Ona görə ona üz tuturlar" deyirlər...
- Birincisi, bu, yalan söhbətdir. İkincisi isə yaxşı edirəm! Əsas odur ki, çəkirəm və mən bu gün varam. Bu sözü çox eşitmişəm. Guya əlimdə klipi ucuz çəkmək səlahiyyəti var. Ona görə məhz mənə çəkdirirlər. Bütün rejissorlar texniki baxımdan eyni qiyməti ödəyirlər. Ancaq mənə daha çox klip çəkdirməklərinin səbəbi, mənim müğənniləri daha yaxşı başa düşməyimdir. Klip çəkmədən öncə fikirləşirəm ki, bu müğənniyə hörmət etmək olar, buna yox. Mən onlarla dil tapa bilirəm. Bir də ki, demək yaxşı çəkirəm ki, mənə çəkdirirlər. Yəni, təkrar edirəm, klipi o qədər də ucuz çəkmirəm. Ən aşağısı 3 min manat.
- Olub ki, klip çəkmisən, pulunu verməyiblər?
- Bəli. Mən bir türk müğənnisi ilə layihə işləmişdim və onu burda, Azərbaycandan sifariş vermişdilər. İstəməzdim adını çəkəm. Çünki xanımdır. Klipi çəkdim və o, mənə dedi ki, efirdə yayımla, sonra pulunu verim. Mən də bu günə qədər görməmişəm ki, rejissor klipi həm çəksin, həm də yayımlasın. Klipi çəkdim, onu yayımlamadığıma görə, o, pulumu vermədi və o klip hələ də mənim şəxsi arxivimdə yatır. Hərdən mənə sual verirlər ki, niyə çox tanınmış simalarla işləmirsən? Tanınmış kimlərdir - Röya, Aygün Kazımova və başqaları. Röya dostumuzdur, Aygün xanıma da böyük hörmətim var. Ancaq mən heç vaxt müğənniyə iş təklif etmərəm.
Amma gəl, səmimi danışaq. Röya bunu özü də təsdiq edər. O, karyerasına təzə başlayanda, ona dəstək olan insanlardan biri mən idim. Onda Röya yeni addımlarını atırdı. Və onun ilk restoran konsertini mən təşkil etmişəm. Bax, bayaq dedin ki, pulsuz klip çəkirsən. Pulsuz çəksəm elə gedib Röyaya, Aygünə çəkərəm də. Niyə gedib hər hansı bir gənc müğənniyə çəkirəm? Elə gənclər var ki, pulsuz çəkmişəm, dəstək durmuşam. Çünki ona ehtiyacı var.
""Elit Star" ləqəbli Cəmiləni başa sala bilmədim ki..."
- Bütün klipmeykerlər üsyan edir. Deyirlər, müğənni gedib 3 min, 5 min manat bir paltara verir. Amma rejissorun əziyyətini yeyir, normal klip ərsəyə gətirməyə əli gəlmir.
- Tamamilə razıyam! Müğənnilərin ən böyük problemləri, nə istədiklərini bilməməkdir. Gecə yatıb, səhər nə görürlər, bilmirəm. Amma gəlib deyirlər "Bunu belə elə". 60 yaşında müğənni "Məni 40 yaş cavan çək" deyir. Qırışlarının görsənməməyini tələb edir. Başa sala bilmirsən ki, qırışlar artıq təbiidir. Onu necə yığışdırmaq olar?
- Kimdir o 60 yaşında müraciət edən müğənni?
- Demirəm 60 yaşı var. Amma özünə görə yaş sahibidir. Bu, "Elit Star" ləqəbli Cəmilə idi. Bu xanıma çəkdiyim klipdə foto-görüntülər də var idi. Klip bitəndən sonra çıxıb efirdə dedi ki, klipdə foto görüntülər, videodan daha gözəl idi. Mən də onu başa sala bilmədim ki, foto ona görə gözəl idi ki, "Photoshopda" işlənib və burada təmizləmə işləri aparılıb. Fotoda yaşı gizlətmək olar. Amma videoda heç vaxt. Bu günə qədər bir çox qalmaqallarım olub. Ancaq heç kim gəlib çəkilişdən sonra klipi bəyənmədiyini deməyib.
- Demək öz işindən özün də razısan?
- Tam razı olmasam da, digərlərinin işinə baxanda, bəli, çox razıyam.
- Digərləri deyəndə yəni kimlər? Ümumiyyətlə, Azərbaycanda Nailin rəqibi kimdir?
- Mən rejissorluğa elə bir məqamda başladım ki, onda artıq klipmeykerlik Azərbaycanda dəbdə idi. Onda yerli şou-biznes nümayəndələri rejissor seçimində ehtiyatlanırdılar. Bu gün 3 rejissor var. Onlardan biri isə mənəm.
- Bəs digər ikisi kimdir?
- Bunu hər kəs bilir. Biri Ülviyyə Könül, digəri isə Fuad Əlişovdur. O biri rejissorların xətrinə dəyməsin. Hər kəsə hörmətim var. Amma efirə baxanda, bu 3 rejissorun işindən başqa, heç kimin çəkdiyi klip görünmür. Yəni, hər şey göz qabağındadır. Ülviyyə Könül dedim, bir əhvalat yadıma düşdü. Neçə il bundan öncə meyxanaçı Vüqara görə Ülviyyə xanıma ağız açdım. Ona klip çəkməyini xahiş etdim, qəbul etmədi. Dedi mənim tərzim deyil.
- Bir məsələ mənə çox maraqlıdır. Digər həmkarların da bu üçlüklə razıdırmı?
- Bəlkə də kimsə məni rejissor kimi qəbul etmir. Mənim qəbul etmədiyim insanları, digərləri rejissor kimi qəbul edirlər. Mən açıq şəkildə ən yaxşı rejissorların adını çəkirəm. Və əgər bu gün efirə çıxan 10 müğənnidən 8-i deyir ki, "klipimi Nail çəkib" demək mən yaxşı rejissoram. Ən azı mənim ilk işim İlhamə Quliyeva olub! Gəlin bunu qəbul edək.
- İlhamə xanım uzun illərdir sənin ünvanına "Nail mənim çörəyimi yeyir" deyə səslənir. Bu fikirlə razısan?
- Bəli, tamamilə! Mən o dövrdə bir çox müğənnilərə klip çəkməyi təklif etmişdim. Hətta bəziləri demişdi ki, "Nail nə vaxtın rejissoru olub?". Ancaq indi həmin müğənnilər mənə deyir ki, "Nail, niyə mənimlə işləmirsən?". Bax, bu, mənə çox qəribə gəlir. Mən ümumiyyətlə kinli insanam. Pisliyi və yaxşılığı yadımda saxlayıram. Nə qədər mülayim və sakit olsam da, daxilimdə özüm boyda bir ilan yatır. O zaman mən İlhamə xanıma iş birliyi təklif edəndə, o mənimlə şərt kəsdi. Klipi bəyənməsə, mütləq onu silməyimi dedi. Ondan sonra, artıq 6 ildir İlhamə xanım kliplərini mənə çəkdirir. Hətta "Qızıl aypara himni" filmini digər bir rejissor çəkəsi olmuşdu və klip meydançasında başqa rejissoru görən İlhamə xanım oranı tərk etmişdi.
"İlhamə xanım Flora xanım haqqında "niyə xalq artisti olan yerdə, konserti gənc ifaçı ilə bağladın?" dedi"
- Bu uzun illərə söykənən iş birliyinin kökü, İlhamə xanımla dostluq münasibətlərindən qaynaqlanır?
- Təbii ki, münasibətlərimiz yaxşıdır. Amma mən həyatda İlhamə xanımla dost deyiləm. Yəni, biz bütün günü bir yerdə olmuruq. Tez-tez gedib haradasa çörək yemirik. Bizi biri-birimizə bağlayan işdir. İlhamə xanım böyük sənətkardır. Və heç kimin onun sənətini müzakirə etməyə ixtiyarı yoxdur. Mənim peşəkarlığıma şübhə ilə yanaşanlar, İlhamə Quliyeva adı eşidəndə anlamalıdırlar, susmalıdırlar. Çünki mən İlhamə xanımın kliplərini çəkmişəm. Ondan o tərəfə kim var axı? Bir Zeynəb Xanlarova qalıb. Ona isə klip çəkmək ən böyük arzularımdır.
- Nə vaxtsa xalq artisti Flora Kərimova sənə klip çəkməyi təklif etsə, ancaq İlhamə xanım səni seçim qarşısında qoysa... nə edərsən?
- Belə bir şey ola bilməz. Rejissoru olduğum bir tədbirdə Flora xanım iştirak edirdi. Amma təsadüfən konserti gənc bir müğənni bağlamalı oldu. Axırdan ikinci oxuyan isə Flora Kərimova idi. Konsert efirə getdikdən sonra İlhamə xanım mənə zəng edərək, "niyə xalq artisti olduğu yerdə, konserti gənc ifaçı ilə bağladın?" dedi. Onda mən əmin oldum ki, İlhamə xanımın Flora xanıma qarşı heç bir kini yoxdur. İlhamə xanım dedi ki, "münasibətimiz olmasa da, gərək sənətkarla konserti bağlayardın". Mənim hər iki sənətçiyə hörmətim və hər ikisi ilə də yaxşı münasibətim var. Bunu özləri də bilirlər. Amma mən heç vaxt dana bilmərəm, rejissor kimi özümü təsdiqləməkdə İlhamə xanımın böyük köməyi oldu. Və heç vaxt İlhamə xanım, Flora Kərimova üçün klip çəkməyi qadağa qoymayıb.
- Bəs məhz İlhamə Quliyevaya görə Flora Kərimovanın "qara siyahısına" düşdüyünü hiss etmisən?
- Məclislərin birində Flora Kərimova deyib ki, "Nailin çəkdiyi klipləri bəyənmirəm". Əslində mən bildim o sözün kökü hara gedir və təbii olaraq incimədim. Ola bilər də... Hamı hamını bəyənmək məcburiyyətində deyil ki. Bəyənmir, Allah canını sağ eləsin. Biz çox şey bilirik, amma çox şeyi də bilmirik.
"Həyatımda qadınlar çox olub.., xəyanətin sayını itirmişəm"
- İndi çəkdiyim misal daha çox şəxsi həyatla bağlı olsa da, istərdim buna səmimi şəkildə cavab verəsən. Nədənsə deyirlər, "səhnəyə olduğu kimi, efirə də yol rejissorun yatağından keçir..." Bu yol sənin də yatağından keçirmi?
- Sən axırda məni boşatdıracaqsan... Əslində bəzən bizə belə "dəxlisiz" təkliflər gəlir. Olanda olur da.
- Deyirsən, məni boşatdıracaqsan. Arvaddan qorxursan?
- Əşi, təhlükəli suallar verirsən də (gülür). Yox, arvaddan qorxmuram.
- Yaxşı, həyat yoldaşına neçə dəfə xəyanət etmisən?
- (xeyli fikrə getdi, sonra ürəkdən güldü) Mən ideal ərəm! Hər bir kişi kimi mənim də həyatımda qadınlar olub. Əslində "ideal ər" anlayışı yoxdur. Düzünü desəm, xəyanətin sayını itirmişəm. Kişilər hər addımlarında xəyanət edirlər.
- Yatağında oyanan xanım müğənnilərə klipi pulsuz çəkmisən?
- Yox. Əksinə, onda pulu daha çox veriblər (gülür). Qəribədir, amma həqiqətdir. Adım onsuz da vay-vaydadır. Ancaq onu da deyim ki, hər qadın da mənim zövqümdə deyil. Bizim şou-biznesdə çox az xanımlar var ki, ürəyimə yatır.
"Bir kişi kimi Oksananı çox bəyənirəm"
- Bilirik, rəqqasə Oksanadan çox xoşun gəlir.
- Bəli, bir kişi kimi Oksananı çox bəyənirəm. Bəlkə də bəyəndiklərin arasında yalnız onun adını çəkə bilərəm. Bu dəqiqə də o xanımdan çox xoşum gəlir. Aramızda isə heç nə ola bilməz.
- Oksananın nişanı qayıtdı və o, bu işdə bir nəfəri suçladı. Sənin bundan xəbərin var?
- Əminliklə deyə bilərəm ki, bu, mən deyiləm. Çünki o da gözəl bilir ki, mən ailəli adamam və iki gözəl balam var. Şəxsi həyatda bizim yollarımız tamamən ayrıdır. Heç bilmirəm, birdən niyə bizim haqımızda belə sözlər çıxarıldı. Ancaq bu məsələ mənə bir az müəmmalı qaldı. Bir çox hallarda belə şeylər məşhur insanların özləri tərəfindən çıxarılan bir piar kampaniyası olur. Bura Oksananı da əlavə etmək olar. Bu, mənim şəxsi fikrimdir. Çox qəribə bir şeylər baş verir. Bu xanım hansı addımı atsa, o dəqiqə söz-söhbət yaranır. Ancaq heç vaxt adımın belə şeylərdə hallanmasının tərəfdarı olmamışam. Bir dəfə internet saytında yazmışdılar ki, "Nail Naiboğlu İlhamə Quliyevanı sevir". Bəli, sevirəm. Amma bir qadın kimi yox, sənətçi kimi, həyatı sevən insan kimi. Mən İlhamə Quliyevaya baxanda yaşamaq istəyirəm. Ən çətin, problemli vaxtımda belə, İlhamə xanımı efirdə görəndə, rahatlaşıram. Onun danışığından zövq alıram. Baxıram ona, öz-özümə deyirəm ki, əgər bir insan bu dərəcədə yaşamaq istəyirsə, mən niyə yaşamayım?
"Şou-biznesdə elə xanımlar ailə qurur ki, adam lap mat qalır"
- Ümumiyyətlə, sənin üçün xanımda əsas dəyər verdiyin amil nədir? Xarici görünüşü, yoxsa, daxili dünyası? Sualı ona görə verdim ki, şou-biznesdə olan xanımlarda ya hər ikisi var, ya biri var, ya da heç biri...
- Heç kimi təhqir etmək istəmirəm. Amma kənardan müşayiət edirəm və görürəm ki, elə xanımlar ailə qurur ki, adam lap mat qalır. Sonra deyirsən "hə, bu da əxlaqsızı". Heç kimi deyə bilmərəm. Şəxsən mənim ailəm mənim üçün bir qaladır. Və mənim ailəmdə şou-biznes siması yoxdur. Hətta mən şou-biznesə qoşulmaq haqda danışanda, atam deyirdi ki, "mən heç vaxt qoymaram ki, oğlum mütrüf olsun". Çünki həqiqətən də pis baxırlar. Hətta atam qarşıma şərt qoydu - ya mən, ya da İncəsənət Universiteti. Məndə gedib sənədlərimi Xarici Dillərə İnstitutuna verdim. Amma içimdə bir rejissor var idi və bu istəyim də həyata keçdi. Bu yerə gəlib çıxmaq üçün 9 il əziyyət çəkmişəm. Fəhləlik etdiyim vaxtlar olub. Bunu ayıb bilmirəm və mənim bu gün heç nəyə ehtiyacım yoxdur. Ailəm və uşaqlarım var. Bu gün yaxşı yaşamağım üçün hər şey varımdır. Heç bir dostumun yanında başı aşağı deyiləm. Allaha çox şükür.
Mələk
Milli.Az



