Yol polisi vətəndaşla necə davranmalıdır?

7 Mart 2016 21:31

Paytaxt sakinlərindən biri Milli.Az-a müraciət edərək yol polisindən şikayət edib:

"Bir müddət əvvəl Bakının Şeyx Şamil küçəsində motosikldə patrul xidməti aparan yol polisi əməkdaşı mənim maşınımı saxladı ki, bəs sən piyada zolağında olan piyadaya yol verməmisən. Sənədlərimi təqdim etdim və izah elədim ki, qarşımda mənim sağ tərəfimdə maşın ola-ola mən piyadanı necə görə bilərdim və əgər mən qaydanı pozmuşamsa, deməli, o biri avtomobil də pozub. Cavab belə oldu ki, mən o maşını görmədim. Bildirdim ki, cəriməm nədirsə, yazın, amma mən də protokolda öz qeydlərimi yazacam və cərimə ilə razı deyiləm. Yol polisi əməkdaşı bir neçə dəqiqə motosiklində nəsə araşdırdıqdan sonra yaxınlaşaraq dedi ki, mən avtomobilinizin şəklini çəkdim və sizə elektron cərimə yazmışam. Halbuki bir az əvvəl qələmi əlinə götürmüşdü və protokol yazmağa başlayırdı. Sual verirəm ki, bəs mən öz iradımı haraya bildirim? Deyir ki, qərar evinizə gələndə müraciət edərsiz. Deyirəm, yaxşı, özünüzü bir də təqdim edin, mən sizin haqqınızda 102 xidmətinə müraciət edəcəm. Deyir ki, mən özümü bir dəfə təqdim etdim. Evinizə qərar gələndə orada familiyam yazılacaq. Sonra mən maşında oturub gözlədim ki, polis sürsün, heç olmasa arxadan motosiklin nömrəsini götürüm. Onu da etmədi və məni məcbur etdi ki, maşını sürüm. Mən maşını yavaş-yavaş sürdüm ki, məni keçsin. O isə keçmədi və dar küçədə qəfil sola dönərək, belə deyək, "aradan çıxdı".

Mənə maraqlıdır ki, hansı qanunda və ya təlimatda yazılıb, yol polisi avtomobili saxladıqdan sonra ona elektron cərimə yazsın və irad bildirmək üçün heç bir şərait yaratmasın? Məgər yol polisinə özünü bir dəfədən artıq təqdim etmək qadağası var?"

Bununla bağlı yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, "Polis haqqında" Qanuna görə, polis nəfəri yaxınlaşdığı istənilən vətəndaşa əvvəlcə özünü təqdim etməlidir: "Yazılmayıb ki, bircə dəfə təqdim etməlidir. Əgər vətəndaşa aydın olmazsa, əlavə sualı yaranarsa, o zaman yenə özünü təqdim etməlidir. Burada qəbahətli heç nə yoxdur. Qanunda deyilmir ki, polis özünü 1 dəfə təqdim eləsin, 3 dəfə, 5 dəfə - olmaz. Belə şeylər qanunla tənzimlənmir. Əgər polisin kimliyi vətəndaşın yadından çıxsa və yenidən soruşsa, polis özünü bir daha təqdim etməlidir. Hətta vətəndaşda şübhə doğuran məqam varsa, xidməti vəsiqəsini də göstərməlidir. Amma vəsiqəni ələ verməməlidir".


Ekspert sürücüyə protokol yazılması qaydasına da aydınlıq gətirib: "İnzibati Xətalar Məcəlləsində yazılır ki, elektron protokolu yoldakı patrul avtomobili yox, mərkəzi informasiya sistemi tərtib edir. Yoldakı patrul əməkdaşı yazılı protokol tərtib edibsə, onun bir nüsxəsini mütləq vətəndaşa verməlidir və vətəndaşa şərait yaradılmalıdır ki, o, öz etirazını bildirsin. Əgər sürücü protokolla razıdırsa, o zaman qərar çıxarılır, yox, əgər razı deyilsə və bununla bağlı qeydlərini yazırsa, həmin an qərar çıxarıla bilməz".

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Milli.Az-a bildirib ki, yol-patrul xidmətinin əməkdaşlarının hüquq və vəzifələri "Yol-patrul xidməti haqqında Təlimat"da açıq-aydın göstərilib:

"Təlimata əsasən, polis nüfəttişi hərəkətin digər iştirakçılarına qarşı ədəb və nəzakətlə rəftar etməli, onlarla ünsiyyətdə insanın şərəf və ləyaqətini alçaldan hərəkətlərə və sözlərə yol verməməlidir. O, hərəkət iştirakçılarına "siz", "cənab (xanım) sürücü (piyada və s.)" və "vətəndaş" deyərək müraciət edir. Müfəttiş nəqliyyat vasitəsini saxladıqdan sonra sürücüyə yaxınlaşır, özünü təqdim edir və lazım gəldikdə onun nəqliyyat vasitəsindən çıxmasını tələb edir.

YPX əməkdaşı sağ əlini papağına dayayaraq hərbi təzim qaydasında vəzifəsini, rütbəsini, soyadını deyir və əlini aşağı salaraq nəqliyyat vasitəsinin dayandırılma səbəbini qısa və aydın şəkildə izah edir. Lakin hərəkət iştirakçısı sərxoş olarsa, müfəttiş özünü təqdim etməyə də bilər.

Polis müfəttişi şəxsi hisslərə qapılaraq narazılıq bildirən və qanun pozuntusu halı ilə razılaşmayan yol hərəkəti iştirakçısı barəsində qəbul edilən inzibati cəzanı ağırlaşdırmamalıdır. Mübahisə yarandıqda müfəttiş öz vəzifəsi, rütbəsi və soyadını təkrarən bildirməli, habelə inzibati məsuliyyətə cəlb etmək haqqında qərardan şikayət verilməsi qaydasını izah etməlidir. Qanun pozuntusu barədə iradların valideynlərə uşaqlarının yanında bildirilməsi qadağandır".

İlkin İzzət
Milli.Az