Su insan həyatını var edən edən əsas amillərdən biridir. Əbəs yerə - su həyat mənbəyi adlandırılmayıb ki... Yer kürəsinin 2/3-i sudan ibarətdir. Dünyadakı bütün canlıların orqanizmi bu və ya digər nisbətdə sudan ibarətdir. Normal şəraitdə sağlam insanın orqanizmindən müxtəlif yollarla, gün ərzində 2-3 litr intervalında su xaric olunur. Yaşamaq üçün orqanizmə elə o qədər də su qəbul etmək lazım gəlir. Məhz elə bu səbəbdəndir ki, mütəxəssislər su içməyi unutmamağı məsləhət görür. Təbii ki, insan orqanizmi üçün faydalı olan su, eyni zamanda epidemioloji cəhətdən də ən qorxulu infeksiya mənbəyi hesab olunur. Buna görə də içdiyimiz suyun saf və keyfiyyətli olması olduqca vacibdir.
Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində Respublikanın müxtəlif bölgələrində müəyyən işlər həyata keçirilir ki, Gəncə də bu prosesdən geri qalmır. Qarşıdakı materialda Respublikanın ikinci böyük şəhərinin su təminatı, əhalinin istifadə etdiyi su mənbələri və icra olunan layihələr haqda məlumat alacaqsınız...
Gəncəlilər suyu əsasən iki kateqoriyaya bölür: "Ağ su" və "Qara su". Qara su hər bir evdə krantdan gələn sudur. O, içmək üçün yararlı deyil və yalnız məişətdə təmizlik məqsədilə istifadə olunur. Ağ suyu isə su maşınlarında məhəllələrə gətirirlər və şəhər sakinləri içməli suyu onlardan alır. Təbii ki, içmək üçün istifadə etdiyimiz suyun keyfiyyəti vacibdir. Keyfiyyətli su isə əlbəttə ki, nə ağ, nə də qara - şəffaf olmalıdır.
Əhəd Nəbiyev - ATU-nun Qida Məhsulları və İstehlak Malların Texnologiyası Kafedrasının müdiri, professor: "Hətta qida məhsullarının bişirilməsində istifadə olunan su da təmiz omalıdır. Su şəffaf olmadıqda qida maddələrinin bişmə müddəti uzanır. Hətta ətdə bərkimə meydana gəlir ki, bu da onun mənimsənilməsini çətinləşdirir".
Gəncə əhalisinin suya olan ehtiyacı 3 su mənbəyinin hesabına ödənilir. Bunlar Qızılqaya, Ağ su, və 193 subartezian quyusudur. Hazırda əhalinin əksər hissəsinin istifadə etdiyi Ağ su həm fiziki, həm kimyəvi, həm də bakterioloji tələblərə cavab verdiyindən içməyə yararlı hesab edilir. Artezian suları isə coddur və əhali arasında deyildiyi kimi "Qara su" hesab edilir. Bu sularda mineral duzların normadan artıq olması onun codlaşmasına gətirib çıxarır.
Əhəd Nəbiyev: "Biz uzun müddət o su ilə qidalandıqda bizim orqanizmimizin müxrəlif yerlərində kalsium-maqnezium duzlarının əmələ gəlməsinə şərait yaranır".
İçməli suyun şəhərin ayrı-ayrı nöqtələrinə xətlər vasitəsilə çatdırılması hələlik mümkün olmadığından, sakinlər içməli suyu maşınlardan alırlar. Hazırda şəhərdə 40-a yaxın su maşını işləyir ki, onların da əksəriyyəti fərdi istifadədədir.
Xüsusi avtomobillərlə şəhərin müxtəlif ərazilərinə çatdırılan su isə Gülüstan qəsəbəsi 518 nömrəli ambardan götürülür.
Su epidemioloji cəhətdən ən qorxulu infeksiya mənbəyi hesab olunur. Bu səbəbdən də suyun tərkibinin yoxlanılması da olduqca vacibdir.
Fazil Nəbiyev - Gəncə şəhər GEM-in Kommunal Gigiyena Bölməsinin müdiri: "Suyun tərkibini yoxlamaq üçün bizdə hazırda iki: kimyəvi və bakteoroloji laboratoriyalar fəaliyyət göstərir. Kimyəvi laboratoriya suyun tərkibində olan kimyəvi birləşmələri, suyun codluğunu, bakteoroloji laboratoriya isə suda olan mikroorqanizmləri yoxlayır. Kimyəvi müayinələr aparılan zaman cavabları tez vermək mümkündür. Bakteoroloji laboratoriyada isə su əkilir, xüsusi aqrarlı mühitdə, 37 dərəcə temperaturda - avtoklavda yerləşdirilir. Bir neçə gündən sonra inkişaf etmiş koloniyalara uyğun olaraq suyun keyfiyyəti haqqında fikir yürüdülür".
Suyun tərkibi ilə yanaşı, onun daşındığı su maşınlarının çənləri də təmiz olmalıdır. Bu səbəbdən də, Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi mütəmadi olaraq su maşınlarının gigiyenik normalara cavab verib-verməməsini yoxlayır, bakterioloji müayinələr aparır.
Fazil Nəbiyev: "Bəzi hallarda bu maşınlarda götürülən su nümunələri normativlərə cavab vermir. Belə olan halda bzi su çənlərinin dezinfeksiya olmasını, təkrar yuyulmasını, təmizlənməsini və sonradan yenidən nümunələrin götürülməsini həyata keçiririk".
İçməli su daşıyan maşınlarla yanaşı mənbələrdəki sular da mütəmadi yoxlanılır. Ehtiyac olduğu təqdirdə böyük su xətləri xlorlanaraq dezinfeksiya olunur. Hazırda Gəncədə 40-a yaxın su anbarı var. Onlardan 5-i öz tutumuna görə böyük anbarlar hesab edilir. Suyun dezinfeksiya olunmasının digər bir yolu isə onun qaynadılaraq içilməsidir. Lakin unutmaq olmaz ki, bu zaman suyun bəzi faydalı xüsusiyyətləri itir.
Samux rayonunun Sərkar kəndində yerləşən Zəhra bulağı da Gəncə şəhər əhalisinin istifadə etdiyi əsas su mənbələrindən hesab olunur.
Zəhra və ya digər adı ilə desək Sarvan bulağı 1998-ci ildə inşa edilib. Gəncədən təxminən 7-8 kilometr uzaqlıqda yerləşir. Suyun səciyyəvi xüsusiyyətlərindən biri, əksər bulaq suları kimi soyuq olmamasıdır. Sakinlər deyir ki, ilin fəsli və ya havanın soyuqluğundan asılı olmayaraq, suyun temperaturu dəyişmir.
Nizami Allahverdiyev - Gəncə sakini: "Çox gözəl sudur. Bunun həm xörəyi yaxşı olur, həm də çaydanda ərp saxlamır. Ona görə mən hər həftə və ya 10 gündən bir ailəm üçün, uşaqlar üçün, elə özüm üçün də gəlib bu sudan götürürəm".
Gəncədə "Sərkar suyunun" satışı ilə məşğul olan su maşınlarına da rast gəlmək olar. "Zəhra bulağı"dan götürülən su "Ağ su"ya nisbətən baha qiymətə satılır. Tarixən bulaqlarla yanaşı kəhriz sularından da geniş istifadə edilib. Gəncə və Gəncəətrafı ərazilərdə 103 kəhriz mövcud olub. Bu kəhrizlərdən 30-u yalnız Gəncənin payına düşüb. Demək olar ki, hər məhəllənin özünün ayrıca kəhrizi olub. Amma bu gün o kəhrizlərdən heç biri işlək vəziyyətdə deyil. Bunun səbəbi isə müəyyən tarixi amillərlə yanaşı, həm də şəhər daxilində olan kəhriz sularının öz saflığını itirməsi və çirklənməsidır.
Zaman ötdükcə standartlar da dəyişir. Hazırda Gəncə əhalisinin içməli suya olan tələbatını ödəmək məqdəsi ilə şəhərin su şəbəkəsi yenidən qurulur. Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının birgə maliyyələşdirdiyi "II Açıq Kommunal İnfrastruktur Proqramı" çərçivəsində həyata keçirilən işlər sürətləndirilib.
Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarı seçilib. Göygöl su mənbəyində yeni drenaj sistemi yaradılıb, Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,5 km uzunluğunda magistral kəmər çəkilib. Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb. 4 km uzunluğunda magistral kəmər, ümumi tutumu 12 min kubmetr olan 3 ədəd anbar və 6,9 km uzunluğunda anbarlararası xətt inşa edilib.
Şəhərin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarının yaxınlığında tikilən və məhsuldarlığı sutkada 140 min kubmetr layihələndirilən sutəmizləyici qurğudan təmin ediləcək. Bu məqsədlə 27,5 km uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq başa çatdırılıb. İndiyə qədər 855 km paylayıcı su xəttinin 87 km-lik hissəsi çəkilib. Şəhərdə 119 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulub.
Layihənin növbəti mərhələsində 15 km magistral, 136 km şəbəkə su xətləri çəkiləcək, tutumu 5000 kubmetr olan su anbarı inşa ediləcək. Layihə üzrə tikinti-quraşdırma işlərinin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: