Xalq artisti Aygün Kazımova ilk dəfə məmur oğlu ilə yaşadığı sevgidən bəhs edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda "ATV maqazin onlarla" verilişində danışıb. O, valideynlərin onları ayırdığını bildirib:
"Bir sevgilim var idi. Bir-birimizi həddindən artıq çox sevirdik. Bizim sevgimiz ətrafımızdakıların sayəsində şəhərə yayıldı. O, məşhur bir iş adamının yeganə oğlu idi. Konsertimdə həmişə gəlib mənə qulaq asırdı. Şəhərdəki qızların aşiq olduğu biri idi. Mən onu tanımırdım. Aşiq olandan sonra bildim ki, kim imiş. Elə gözəl sevgimiz var idi... Dalaşmaq da, küsmək də gözəl idi. Çünki sevgi var idi. Onun valideynləri bundan xəbərdar oldular və düşündülər ki, oğullarını itirirlər. İtirmək qorxusu qarşısında aciz qaldılar. Ona sevgimi verməkdən, musiqi, sənət bəxş etməkdən başqa heç bir pisliyim dəyməyib. Konsertimə açıq-aşkar gəlirdi, hamı da bunu bilirdi. Bizi sevə-sevə ayırdılar. Onu başqa ölkəyə atdılar. Onun hər gedişini, zəngini nəzarət altında saxlayırdılar. Bizimki dəhşət ayrılıq oldu.
Həmişə zarafatlaşırdıq. Onun boynunda bir boyunbağı var idi. Həmişə evdə çıxarıb qoyurdu. Deyirdim ki, mənim olacaq. Onun xanım üçün olanını mənə düzəltdirdi. Yenə də onda olanı istəyirdim. Biz ayrılanda o boyunbağını mənə verdi və getdi. İndi də o boyunbağı məndədir, amma taxmıram. Biz ayrıldıq, illər keçdi. Onu güclə evləndirdilər. Bir gözəl övladı dünyaya gəldi. Biz bir-birimizi yenə izləyirdik, dost kimi danışırdıq. Taleyimizlə barışdıq. Mən onun ailəsini dağıtmayacaqdım ki... Demək o müğənni Aygün Kazımova ilə evlənməməli imiş. Tale elə gətirdi ki, o, ailəsindən ayrıldı. Ailəsini yeni evliliyinə görə pozdu və müğənni aldı. Elə bir müğənnini aldı ki, onun sənətə gəlməsində mənim rolum, sevgim, dəstəyim oldu. Bu evlilikdən də bir övladı var və xoşbəxtdir. Mən onun haqqında pozitiv danışıram, çünki mənlə kişi kimi ayrıldı. Heç vaxt məni valideynlərinin ayagına vermədi".
Milli.Az