Dağlıq Qarabağdakı separatçı rejimin "dövlət müstəqilliyi"nin tanınması ilə bağlı Ermənistandakı isteriya artıq ermənilərin özlərininə əleyhinə işləməyə başlayıb.
Ermənistanda müxalifətdə olan İrs Partiyasından olan qalmaqallı deputat Zarui Postancyan və ölkənin sabiq baş naziri, Erməni Milli Konqresinin funksioneri Qrant Baqratyanın "müəllif"liyi ilə "hazırlandığı" iddia edilən qanun layihəsini ölkə hökuməti iclasında müzakirə etmişdi.
Prezident Serj Sarkisyanın bilavasitə göstərişi ilə gündəmə gətirildiyi zərrə qədər şübhə doğurmayan bu sənədi Ermənistan hökuməti bəyənmiş və müzakirə üçün parlamentə yollamışdı.
Məqsəd Azərbaycana təzyiq göstərməkdi.

Bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan açıq demişdi. Onun sözlərinə görə, Dağlıq Qarabağdakı "dördgünlük müharibə"dən sonra "Azərbaycana təsir mexanizmləri işə salınıb".
Serj Sarkisyan da açıqlamalarında bu qanun layihəsinə işarə vuraraq, "Azərbaycan yenidən atəşkəsi pozarsa, Ermənistan Dağlıq Qarabağın dövlət müstəqilliyini tanıya bilər" demişdi.
İrəvandakı rejim bu minvalla Dağlıq Qarabağ münaqişəsinin dinc yolla çözülməsinə yönəlmiş danışıqlar prosesinə faktiki olaraq "mina" qoyur, ATƏT-in Minsk Qrupunun formatını tam mənasız və absurd bir mexanizmə çevirirdi.
Ermənistan qarabağlı separatçıların "müstəqilliyi"ni tanıyacağı təqdirdə isə Dağlıq Qarabağ münaqişəsi zonasında yeni müharibə qaçılmazdır və bunu rəsmi Bakı dəfələrlə bəyan edib.
İrəvanın "tanımaq təşəbbüsü" gündəmə gələn kimi Minsk Qrupunda həmsədr olan ölkələrin baş verənlərə reaksiyası çox sərt oldu.
Fransa və ABŞ bu addımın yolverilməz olduğunu bəyan etdilər, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə dedi: "Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması indiki şəraitdə mümkün deyil. Dağlıq Qarabağın statusu yalnız referendum nəticəsində bəlirlənə bilər. Ümid edirəm ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri tam miqyasda yerinə yetirəcək".
Belə sərt reaksiyalardan sonra rəsmi İrəvan geri çəkildi. Əvvəlcə Serj Sarkisyan: "Dağlıq Qarabağın dövlət müstəqilliyini tanımaq fikrində deyilik hələ", - dedi, sonra isə Şavarş Köçəryan: "Deputatların təşəbbüsü hələ tanınma deyil", - söylədi.
İndisə Sarkisyan iqtidarı əsla gözləmədiyi bir situasiya ilə qarşılaşıb. Daha doğrusu, belə vəziyyət ehtimal olunurdu, amma rəsmi İrəvan proseslərin məhz bu məcrada inkişafını arzulamırdı.
"Dağlıq Qarabağın müstəqilliyinin tanınması"nı nəzərdə tutan qanun layihəsinin müəlliflərindən biri Qrant Baqratyanın mənsub olduğu Erməni Milli Konqresi (EMK) sözügedən sənədin parlamentdəki müzakirələrində iştirak etməyəcək.
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın EMK sədri olduğunu, iki həftə əvvəl S.Sarkisyan ilə görüşərək Dağlıq Qarabağda bağlı situasiyanı bağlı qapılar arxasında müzakirə etdiyini, ermənilərin "qoca tülkü" adlandırdıqları Ter-Petrosyanın daha sonra Xankəndiyə yollanaraq orada qarabağlı erməni separatçıların lideri Bako Saakyanla bir araya gəldiyini və sonucda "Ermənistanın hakimiyyət dairələri ilə Dağlıq Qarabağ ermənilərinin rəhbərlərinin indiki situasiyadakı qərarlarını, davranışlarını və siyasətlərini bəyənirəm" deyərək Serj Sarkisyana tam dəstək verməsini nəzərə alsaq, vəziyyət həqiqətən də maraqlıdır.

EMK-nın parlament fraksiyasının rəhbəri, təşkilatın sədr müavini Levon Zurabyan dünən "Radio Azatutyun"a deyib: "Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının lehinə cəmi bir dəfə səs verəcəyik. Lakin hesab edirik ki, indi həmin situasiya hələ yetişməyib. Çünki səsvermədə "əleyhinə" səs verməli deyilik, bitərəf də qalmamalıyıq".
Levon Ter-Petrosyansa söyləyib: "Dağlıq Qarabağın dövlət müstəqilliyini Ermənistanın birtərəfli olaraq tanıması düşünülməmiş, zərərli, sərsəm bir addım olardı".
EMK-nın belə mövqeyini "qanun layihəsi"nin digər müəllifi Zarui Postancyan sərt tənqid edib.
O, "Çorrord Hişxanutyun"a verdiyi müsahibəsində deyib: "Levon Ter-Petrosyan bizi növbəti dəfə aldatdı. O, Ermənistanın maraqlarını təmsil etmir və yenə də yalnız öz mənafelərinin təminatına çalışır".
İrs Partiyasının mənsubu olan Z.Postancyanın açıqlaması L.Zurabyanı sinirləndirib: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Postancyan kimi adamlar mənimçün elə bir nüfuz sahibi, mütəxəssis deyillər ki, onların dediklərini, dəyərləndirməsini hər hansı formada şərh etməyə lüzum görüm".
EMK-dən olan digər deputat Qaqik Cangiryansa hesab edir ki, İrəvan indiki şəraitdə heç bir halda Dağlıq Qarabağın müstəqilliyini tanımamalıdır.
"Belə qərar, belə addım münaqişənin həllinə yönəlmiş danışıqlardan birmənalı şəkildə imtina olardı. Yəni Ermənistan özünü könüllü şəkildə Minsk Qrupu formatından çıxarır. Minsk Qrupunun fəaliyyətinin sərt tənqidi ilə də razı deyiləm. Dağlıq Qarabağda "dördgünlük müharibə"nin dayandırılması bilavasitə Minsk Qrupunun fəaliyyətinin, səylərinin nəticəsidir və bu qrupda həmsədr olan ölkələrin mövqelərini Ermənistan sadəcə, nəzərə almaya bilməz", - Q.Cangiryan deyib.
EMK hesab edir ki, qarabağlı ermənilərin "müstəqilliyi"nin Ermənistan tərəfindən tanınması İrəvanın məğlubiyyəti olacaq və münaqişə zonasında hərbi əməliyyatlar başlanacaq.
L.Zurabyanın fikrincə, İrəvan belə qərar qəbul edərsə, Azərbaycana diplomatiyada "casus belli"ni, yəni savaşa başlamaq üçün səbəb verir.
İrəvanda vəziyyət, gerçəkdən də, qarışıqdır və Serj Sarkisyan iqtidarı pərişanlığını gizlədə bilmir. Ölkə hakimiyyətində təmsil olunmuş şəxslər, nazirlər və məmurlar Dağlıq Qarabağla bağlı situasiyanı şərh edəndə ehtiyatla danışırlar.
Ermənistanın İctimai Telekanalı isə dünənki reportajlarından birində "maraqlı" şərhlə çıxış edib: "Dağlıq Qarabağ probleminin həlli ilə bağlı indiki situasiyanın təfərrüatlarını bilmirik. Çoxları Madrid prinsiplərindən danışırlar. Amma hesab edirik ki, geniş şərhlərə varmaq olmaz. Ən azı, ona görə ki, Madrid prinsiplərinin təfərrüatlarını hələ də bilmirik. Belə planda bir vergül ərazilərin taleyini həll edə bilər".
Orxan Hun
Milli.Az