Bakının "Şeytan çarxı" "lənətlənib" - REPORTAJ - FOTO

28 Fevral 2016 13:56

Bakının ən böyük attraksionu olan "Şeytan çarxı" son devalvasiyadan sonra ən ağır günlərini yaşayır. 
Dünyanın ən böyük attraksionlarının sırasına öz adını yazdıran "Şeytan çarxı"nda bir neçə ay öncə insan əlindən tərpənmək mümkün olmasa da, hazırda attraksion, demək olar ki fəaliyyətsiz qalıb.
Nəzərimizi çəkən ən maraqlı məqam isə çarxın axşamlar şəhərə gözəllik verən işıqlarının yandırılmaması oldu. Elə bu səbəbdən də attraksionun yerləşdiyi əraziyə yollandıq. 

Axşam saatlarında insanların növbə gözlədiyi bu əyləncə çarxında indi tək-tük adam görmək olar. O da 1 saata 2-3 nəfər buraya gələ, ya gəlməyə... 

Çarxın kassasında fəaliyyət göstərən işçilər də apardığımız müşahidədən gəldiyiniz nəticəni təsdiq etdilər. Onların sözlərinə görə, son bir neçə ayda havanın necə olmasından asılı olmayaraq, çarx, demək olar ki, fəaliyyətsizdir. Buna səbəb isə qiymətlərin bahalığı və insanların maliyyə vəziyyətinin yaxşı olmamasıdır.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, "Şeytan çarxı"na minib, şəhərin mənzərəsinə tamaşa etmək istəyənlər üçün qiymətlər fərqlidir: 6-12 yaş arasında olan uşaqlar üçün 3 manat, 12 yaşdan yuxarı şəxslər üçünsə, 5 manatdır. Çarxa ailəvi olaraq minirsənsə, 25 manat ödəməli olacaqsan. 
İşçilər qeyd etdilər ki, insanlar qiymətləri gördükdən sonra attraksiona minmirlər.

Adının çəkilməsini istəməyən işçinin sözlərinə görə, ən yaxşı Yeni il günü işləyiblər. Ondan sonra isə demək olar ki, fəaliyyətsiz qalıblar: "Bir tək Yeni ildə yaxşı işləmişik. Ondan sonra elə də işimiz olmayıb. Minən yoxdur. Bəzən elə olur ki, qiymət tablosuna baxmayıb, bileti alırlar. Sonra bizimlə mübahisə edirlər ki, bəs, çox bahadır, bileti geri qaytaraq. Bu isə mümkün deyil. Biz də öz işimizi görürük. Səhərdən-axşama qədər burada bir tikə çörəyimizi qazanmaqla məşğuluq. Nə edək, bizim də dolanışığımız buradan çıxır".

Bir neçə gündür, attraksionun işıqları, ümumiyyətlə, yandırılmır. Səbəbi məlum olmasa da, görünən budur ki, bu hal müştərinin "qaçmasına" səbəb olur və çarxın fəaliyyətinin dayandırıldığı təsəvvürü yaradır.
Qeyd edək ki, Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzanmış yeni bulvar hissəsində yerləşən müasir attraksion-panoram 2014-cü ilin martında istismara verilib. Bu attraksion Niderlandın "Dutch Wheels" şirkəti tərəfindən quraşdırılıb.

Diametri 60 metr olan qurğuda hərəsində 8 nəfərlik yer olmaqla, 30 kabinə var. Çarxın bir dövrəsinin vaxtı 35-40 dəqiqə təşkil edir.

Milli.Az