"Bunker müəllimlər savadsız, amma yüksək bal toplayan abituriyentlər yetişdirirlər"

23 Fevral 2016 10:41

"Biliyin test imtahanı ilə ölçülə bilmədiyini mən öz təcrübəmdə artıq sübut etmişəm. Hətta bir sıra təcrübi yoxlamalar aparmışam və bir daha əmin olmuşam ki, test bizi savadsızlığa aparır".

Milli.Az bildirir ki, bu sözləri gənc alim, Xəzər Universiteninin müəllimi Cahid İsmayıloğlu ölkə.az-a açıqlamasında qeyd edib.

"Dərs müddətində şifahi suallara cavab verə bilməyən tələbə test suallarını operativ yaddaşın hesabına düzgün cavablandırır; dərs müddətində tələbələrə ünvanladığım sualların əksəriyyətini cavablandıra bilməyən tələbə, test suallarının əksəriyyətin cavablandırır; bu vəziyyətdə arxayın qalan tələbə dərs prosesində aktiv iştirak etməkdə maraqlı olmur, müzakirələrdə iştirak etmir, iştirak etsə də fikrini ala-yarımçıq çatdırır, bildiyi məlumatı da şifahi dilə gətirə bilmir. Təcrübə zamanı eyni variantda, eyni şeyi soruşan iki testin birinə düz, digərinə səhv cavab verilir. Bu onu sübut edir ki, tələbə düzgün cavablandırdığı sualın nə olduğunu ümumiyyətlə bilmir. Pedaqoji fəaliyyətlə məşğul olan, test tərtib edən şəxslər yaxşı bilirlər ki, əksər biliklərin soruşulmasında test acizdir və bir çox hallarda test tələbəni çaşdırır, fikrini yayındırır.

Bunlardan başqa ən təhlükəlisi odur ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) test bankının hazırlanmasında iştirak edən, eyni zamanda repetitorluqla məşğul olan müəllimlər hazırladıqları abituriyentlərə bilik yox, testin cavablandırılma texnikasını öyrətməklə savadsız, amma yüksək bal toplayan abituriyentlər çoxalır. Sirr deyil ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) test bankının hazırlanmasında iştirak edən, eyni zamanda repetitorluqla məşğul olan müəllimlərin bir çoxu abituriyentlərə dərs yox, test əzbərlədir. Sonra imtahana salacağı testləri o suallardan seçərək dırnaqarası retyinqlərini qaldırır.

Mən demirəm, test ümumiyyətlə ləğv edilməlidir. Sadəcə olaraq test biliyin yoxlanılması üçün əsas qiymətləndirmə metodu olmamalıdır".

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov ANS-in "Hesabat" verilişində test imtahanının forması əmək bazarında tələb olunan müasir, uğurlu məzunun bir sıra kompetensiyalarını ölçmək qabiliyyətinə malik olmadığını deyib.

Milli.Az