Nisə Qasimova: «Faiq Ağayev küsməyimin səbəbini soruşsa, onu başa salacam ki...»

2 Mart 2010 09:52
Özündən çox sevdiyi anasını itirən xalq artisti Nisə Qasımovanın əzizi üçün axıtdığı göz yaşı artıq onun səsində problemlər yaradıb. Müğənni əvvəlki kimi oxuya bilməyəcəyindən ehtiyat edir. Bir neçə aydır efirdə layihəsini, mətbuat və televiziya işçiləri ilə görüşlərini donduran sənətkar xanım portalımıza müsahibə verməyə razılıq verdi. Müğənninin kövrəkliyini nəzərə alıb, onunla söhbətimizə yaxın günlərdə fəaliyyətinə başlayacaq "Kainat" studiyası ilə başladıq.

- "Kainat" production hansı məqsədlə yarandı?

- Şirkətin nizamnaməsi 2004-cü ildən hazırdır. Lakin bir ara sənədləşmə işini dondurmuşduq, artıq bu məsələni də yoluna qoymuşuq. Eyni zamanda məkan bizə əl vermirdi. Görüləcək işlər çox, yer isə kiçik idi. Artıq bu məsələ həllini tapır və bir sıra layihələrin hazırlanmasına başlamışıq. Qeyd edim ki, şirkətdə nəinki incəsənət adamları, bir sıra peşə sahibləri çalışacaqlar. Ətrafımıza peşəkar heyət toplamışıq. Bir məqamı da vasitənizlə qeyd etmək istəyirəm ki, mənim yetirməm olmaq istəyən sənətçilər production-dan bəhrələnə bilərlər.

- Mədəniyyət, xüsusilə şou-biznesdəki hansı boşluqlar burada həllini tapa biləcək?

- Bu sözlərlə heç kimə irad tutmaq fikrim yoxdur. Sadəcə, hər bir insan öz səviyyəsinə, dünyagörüşünə görə, yenilik etmək istəyir. Eynilə də mən. Məqsədim nədir? Bu yaxınlarda bir diskə qulaq asdım. İslam əxlaqından danışır, müxtəlif moizələr edirdi. Oradakı fikirlər hansısa məkanda böyük bir hay-küylə səslənib. Bu, dinləyicinin fikrini yayındırır. Mən bunu başqa cür düşünürəm. Məsələn, diskdəki şəxsin danışdıqları nədən ibarətdirsə, buna uyğun, klassik yaxud başqa Şərq üslublu bir əsərin fonunda səslənməlidir.  Həmçinin başqa bir ideyam da var. Elə istedadlı gənclər var ki, maddi durumu sıfır səviyyəsindədir. Onların səsyazma studiyasından istifadəsinə imkan yaradılacaq. Amma bu, o anlama gəlməsin ki, "məscidin qapısı açıqdır və hamı bura daxil ola bilər". Elə insanlar da var ki, kiçik səsə malikdir, lakin başlarından böyük işlər görmək istəyirlər. Onlara səslərinə uyğun düzgün not, aktava,tembr seçmək imkanı yaradılacaq və bəzi tövsiyələr veriləcək. Hər bir ifaçıya mütləq istiqamət verilməlidir. "Kainat" da bu imkanı gənclərə yaradacaq.

- Yəqin, studiyaya müğənni həmkarlarınızı da cəlb etməyi düşünürsünüz.

- Gənclər bir çox sənətkarların repertuarından bəhrələnirlər. Yeni aranjeman, yeni üslub gözəldir. Amma ifaya nəzarət də lazımıdr.  Bəzən belə çıxışlar ilk mahnı ifaçılarının etirazına səbəb olur. Olmaz ki, gənclər həmin əsəri ifa edərkən ilk ifaçının da məsləhətlərindən bəhrələnsin və daha çox şeylər öyrənə bilsin? Əslində, bunlar az iş deyil. Hərdən deyirəm ki, mənim gerçəkləşmək üzrə olan bu ideyalarım "ehsan işi"nə bənzəyir. Heç bir maddi təmənna güdmədən böyük işlərə əl atıram. Amma bu, o demək deyil ki, burada qazanc olmayacaq. Şirkətin rəsmi işçilərini dolandırmaq üçün müəyyən gəlir mənbəyimiz olacaq.


Telekanallar bir-birini təkrarlayir


- Uzun aylardır səhnədə, televiziya kanallarında yoxsunuz. Özünüzə məhdudiyyət qoymusunuz. İlk telefon danışığımızda bir çox təkliflərdən imtina etdiyinizi dediniz. Kənardan müşahidələrinizdən sənət aləmində nəyin dəyişdiyini, yeniləndiyini görə bildiniz?

- Əksər televiziya verilişlərinə çon vaxtlar demək olar ki, maraq göstərmirəm. Ona görə ki, ayrı-ayrı başlıq, ad altında verilişlər bir-birinin təkrarıdır. Əgər burada dünya modelindən söhbət gedirsə, bunu da sanballı şəkildə etmək mümkündür. Lakin milli adət-ənənələrimizi unutmamalıyıq. İstər mətbəx, istər mədəniyyət, incəsənət rubrikaları olsun. Burada hansısa ölkələrin göstərdiklərini təkrarlamaqdansa, özümüz kimi olmalıyıq. Artıq müxtəlif kanal seçimi bizi həmin ölkələrin televiziyasını izləməyə imkan verir. Yerli kanalların bu qədər təqlidinə ehtiyac yoxdur. Əslində, bu problemi çoxları səsləndirir. Amma əməldə problemə məlhəm olmurlar.
Sənətçilər arasında qurma inttriqalar, yalanlar kimə lazımdır? Nə qədər boş söz-söhbət yaratmaq olar? Amma bu gün telejurnalistlər, teleprodüserlər qurulan yalanları ifşa etməkdə tənbəllik göstərirlər. Xoşuma gəlməyən digər məqam var, ictimai məsələlər qabarıq şəkildə gündəmə gətirilir. Məsəlçün, ailədə qayınana-gəlin münaqişəsi, valideyn övlad problemləri cəmiyyətə açıq şəkildə ötürülür. Mən bunun əleyhinəyəm. Çünki bizim kanllara tək özümüz və dost ölkələr baxmır. Eyni zamanda düşmənlər də baxır. Hansı bir insan özünün mənfi cəhətlərini başqasına göstərmək istəyər? Çalışar ki, "zibilinin" üstünü örtsün ki, görünməsin. Eynən də biz, respublikada olan bu cür əyri-əskikləri bir balaca qapalı saxlamalıyıq. Onda mənfi ünsürlər, mənfi xüsusiyyətlər öz-özündən sovrulub gedəcək. Qabarıq olaylar məni çox narahat edir. Bəlkə də, efirlərdən bu qədər uzaq düşməyimin səbəblərindən biri budur. Digər səbəb isə anamın dünyasını dəyişməsidir.


Bizdə səhnə əxlaqı məhv olub gedib!


- Sizin aparıcısı olduğunuz veriliş yeni ideya ilə efirə çıxmamışdı. Amma sizin vasitənizlə yeni fikirlərin ortaya çıxması, səmimiyyət verilişi baxımlı edirdi. Amma efirdən getmək qərarını verdiniz...

- ANS telekanalı mənim bir sənətçi, müasir bir müğənni kimi açılışmağıma, insanlarla ünsiyyətə efir şəraiti yaratdı. Burada model təkrar idi, amma veriliş bir başqa idi. Ümumiyyətlə, verilişlərin hər birində nə isə çatmır, boşluq hiss olunur. Bu,  aparıcının, prodüserlərin zəif, yaxud pis olmasına dəlalət etmir. Ümumiyyətlə, gözlə görünən hər bir problemi aparıcının, yaradıcı heyətin çiyininə yükləmək olmaz. Bizdə şou-biznes dünyası tam, mütəşəkkil formalaşmayıb. Biz kommersiya işi ilə məşul olan insanın işinə qarışmamalı, onlardan tələb etməliyik. Əgər verilişin sponsoru varsa, ödənilən maddi təminat öz rolunu yetərincə oynaya bilərsə, onda heç kim verilişə və onun heyətinə irad tuta bilməz. İrad yalnız aparıcının savadsızlığına, kobudluğuna və ya intellektinin aşağı olmasına görə tutula bilər. Artıq ideal verilişlərin zamanı çatıb. Həmçinin televiziya adamları kiminlə çalışır, kimi gündəmə gətirir məsələsinə diqqətlə yanaşmalıdır. Lakin biz "əşi-əşi" deyərək, öüzümüz öz evimizi yıxmışıq. Bu gün televiziyada reytinq meyarı kor-təbii seçilməməlidir.  1999-cu ildə ilk dəfə olaraq dilimə səhnə mədəniyyəti ifadəsi yerinə, səhnə əxlaqı sözü gəldi. Məndə intiusiya güclüdür. O dəqiqə duydum ki, nə vaxtsa səhnə əxlaqımız pozulacaq. O vaxt Moskvadan Bakıya üzü bəri gəlməyə hazırlaşırdım. Doğurdan da bizdə səhnə əxlaqı məhv olub gedib. Nə səhnədə, nədəki efirdə əxlaqi dəyərlər qorunmur.


O, məni həbsxana şəraitində saxlayırdı


- Dəyərlərin itirilməsinə kimlər səbəb olub? Yeni gələn sənətçi ordusu, yoxsa...?

- Müstəqqillik sözündən sui-istifadə etmək olmaz. Lakin biz azadlığımızdan sui-istifadə etdik. Əslində bizlərə bu qədər azadlıq vermək lazım deyildi. Mən iki tip insanam. Alışmışam ki, məni çalışdığım şirkət, prodüser, yaradıcı heyət idarə etsin və mən tabeçiliyimi bacarım. Söhbət sağlam idarəedici qüvvədən gedir. İkinci tipim odur ki, mən bürcümə, xarakterimə görə, çox azadsevər bir insanam. Bilirəm ki, azadlığımdan istifadə edib, əndazəmi aşmayacam. Bu yuvarlaqlılığı əldə edə bilmişəm. Eyni zamanda bu tip insanların sadəlöhvlüyündən, tabeçiliyindən istifadə etmək lazım deyil. İdarəedici qüvvə bilməlidir ki, çalışdığı insana harada azadlıq verir, harada azadlığını əlindən alır. Sovetlər birliyi vaxtında rəhmətlik Ələkbər Tağıyev biz sənətçilərlə bu dəyərlər üzərində çalışırdı. Bir misal çəkim. O, şəxsən məni həbsxana şəraitində saxlayırdı. Filan yeməyi yemək olmaz, isti, yaxud soyuq su içmək olmaz. Dükan, bazar, dayı, bibi evinə gedib-gəlmək olmaz. Məhbus həyatından sonra mən ekrana çıxanda çox azad olurudm.  İnsanlarla ünsiyyət üçün can atır, onlara sevgimi göstərmək istəyirdim. O adətkarlıq məndə qalıb. Amma hərdən səhnədə "mən nə istəyirəm edirəm, əcəb edirəm" kimi danışan müğənniləri görəndə, insan iyrənir. Harada görünüb ki, yaşca kiçik müğənni özündən böyüyün üstünə əl uzada? Yaxud yaşlı sənət adamı özündən kiçik mətbuat işçisi, yaxud müğənniyə "sən kimsən e, sən nə görmüsən" desin. Sadə bir dialoqun özü də insanda ikrah hissi oyadır.

- Tabeçilikdən söz saldınız. Səhnə əxlaqını formalaşdırmaq üçün bu günkü bəzi müğənnilərə tabeçilk hökmü lazımdır?

- Mütləq. Səhnənin idarəedici bir qüvvəyə ehtiyacı var. Çox arzulayıram ki, Mədəniyyət və Turizm Nazirliyində belə bir şöbə yaradılsın. Söhbət yeni ulduzlardan getmir. Düzdür, onlar arasında da elə bir ifaçılar var ki, bir ifasına görə, hətta ona əməkdar artist adını da vermək olar. Püxtələşmiş sənətçilər üçün mütləq bir qurum yaradılmalıdır ki, onların maddi və mənəvi tələbləri tənzimlənməlidir. Lakin idarəedici qüvvə olmadığından hərə özünü yalqız hiss edir. Ən acınacaqlısı odur ki, bu gün istedadl gənclər hansısa müsabiqədən çıxandan sonra başdı-başına qalır. Maddi ehtiyac yarananda, fikriləşir ki, evdən hansı bahalı əşyanı satsın ki, "raskrutka"sını edə bilsin. İstedadı olan ifaçının qarşısında televiziyaya, bəstəkara, şairə, rejissora v s. şəxslərə pul ödəmək kimi problem durur. Bu bədbəxtlərin sənət fəaliyyəti böyük sual işarəsi altında qalır. Belə ehtiyacdan, tanıdığım sənət adamları var ki, xaricə köçüb getmək məcburiyyətində qalır. Belə istedadlılardan birini "Kainat" production olaraq qaytarmaq istəyirik. Artıq özü də Bakıya gəlmək və yenidən burada fəaliyyətə başlamaq istəyir.  


Müğənnidən tələb edirlər ki gəldiyi verilişdə qalmaqal yaratsın


- Kimdir o geri qaytarmağa çalışdığınız şəxs?

- Hələlik adını açıqlamaq istəmirəm. Səfərə sayılı günlər qalanda bunu ilk olaraq sizin portala bildirəcəm. Yuxarıdakı sözümə əlavə olaraq isə demək istəyirəm ki, bəzən gənclər bəzi televiziya əməkdaşlarının çaldıqları ilə oynamaq məcburiyyətində qalırlar. Telekanallarda ondan tələb edirlər ki, gəldiyi verilişdə mütləq qalmaqal yaratmalıdır. Müğənninin başqa çıxış yolu yoxdur. Ya tələb olunanla razılaşmalı, ya da ki, efiri tərk etməlidir. Ona görə də, efir qazanmaq üçün qalmaqal yaradır. Ən dəhşətlisi isə budur ki, adi bir teleaparıcının sözü ilə hansısa bir müğənni efir qadağasına düşə bilər. Bu ehtimal üzündən çalınan havaya oynamaq məcburiyyətində qalırlar. 1996-cı ildə mənim "Ulduzlar görüşəndə" adında şou-əyləncəli bir verilişim var idi. Atalar  sözü var, "niyyətin hara, mənzilin də ora". Bəzən mən saf niyyətimin qurbanı oluram, geri qalıram, gözləmə mövqeyində oluram. Böyük bir fasilə yaradıram. Bu verilişi açanda yeganə məqsədim biri-biri ilə küsülü olan müğənniləri barışdırmaq idi.


"Qırğın-davalar olmasa efir olmayacaq!" şərti


- O zamanda da küsülü müğənnilər indiki qədər çox idi?


- İndikilər qədər çox deyildi. Fikirləşdim ki, onları barışdırım və 5 aydan sonra yenidən küsərlərsə, artıq bu, onların şəxsi problemidir və qarışmaq lazım deyil. Buna nail olma ərəfəsində idim ki, təəssüflər olsun verilişi bağladılar. Bunun səbəbləri mənə qaranlıq qaldı. O ərəfədə qəzetlərin birində belə bir yazı getmişdi ki, Nisə xanım "dekalte" geyindiyinə görə, verilişi bağlandı. O geyimi mən bu gün də geyinirəm. Və məndən əvvəl geyinənlər var idi. Mən müqayisə olunası müğənni deyildim ki, desinlər, "kimdənsə, açıq-saçıq geyinib". Bu, bir bəhanə idi. Amma bu bəhanə ucbatından mən ideyamın efir həllini görə bilmədim. Bir neçə ildən sonra "qırğın-davalar olmasa efir olmayacaq" kimi şərtlər meydana çıxdı. Ətrafıma nəzər yetirirəm və özüm-özümə deyirəm ki, insanlar niyə belə tez dəyişiblər? Bu, bizim əsil simamız deyil. Elə müğənni var ki, qalmaqal yaradır, amma evə gedəndə özünü danlayır ki, "bu, mənə lazım idi?".


Onlar elə küsülü qalsalar yaxşıdır


- Yarımçıq qalan ideyanızı yenidən efirə qaytarmaq niyyətiniz var? Ümumiyyətlə, efirə qayıdışınız gözlənilir?

- Fikrim var. İstər ailədə, istər yaradıcılıqda olsun, bir işi bir tərəfli görmürəm. Mən razılıqla ortaq məxrəcə gəlməyi istəyirəm. Əgər bu iş mən istəyən kimi davam edərsə, küsülüləri barışdırmaq ideyasını təzələyə bilərəm. Amma veriliş həftədə 5 gün yayımlanarsa, hər gün bu barədə danışmaq olmaz. Həftənin 1 gününü bu məsələyə ayırmaq olar. Amma bir məsələ də var ki, elə küsülülər var ki, onlar elə küsülü qalsalar yaxşıdır. Amma elə insanlar da var ki, hər ikisi müsbət insandır və barışmırlar, dəridən-qabıqdan çıxıb onları bir araya gətirərəm.  

- Sizin küsülü olduğunuz sənət dostunuz var?

- Hal-hazırda yoxdur. Balaca nöqtə qalmışdı, onu da sildim getdi. Əgər kiminləsə uzun illər küsülüyəmsə, deməli, o mənim üçün "sıfırdır", ya da mənim üçün bir xalı varsa mənim üçün dəyərli bir insandır. Küsülülük insanın qəlbində qubar yaradır. İnsanın rifahına mənfi təsir göstərir.  Mən küsülü olmağın nə demək olduğunu çox gözəl dadmışam və istərdim ki, barışığa layiq olan insanlar arasında sülh yarada bilim. Nədənsə, sənətçilər ən böyük rəqabəti bir-biriləri ilə küsülü qalmaqda görürlər. Amma bir qədər özümüzü silkələyib, daha məntiqli şeylərə əsaslanmalıyıq. Yəni, küsülü qalmadan da rəqabət aparmaq mümkündür. Onda bu, sağlam rəqabət olur. İnsan kamilləşir.

- Bu gün küsülü  sənətçilərin çox olduğunu dediniz. Efir imkanı yaradılanda, ilk öncə kimləri barışdırmaq istərdiniz?

- Qoy, əvvəlcə fikirləşim ki, kimlər küsülüdür...

- Mən deyim. Flora Kərimova ilə İlhamə Quliyeva, Aygun Kazımova ilə Röya, Faiq Ağayevlə Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva və s.

- Yenə də deyirəm, elə kateqoriyalı müğənnilər var ki, onlar küsülü qalsalar yaxşıdır. Bəzən belələri inkişafı küsülü qalmaqla əldə edirlər. Çünki barışsalar, onların sənətləri də barışacaq. Yəni, oturaq həyat yaşayacaq.

- Adlarını çəkmək istəmirsiniz?

- Əslində kimin kiminlə küsülü olduğu məlumdur. Ad çəkmirəm ona görə ki, onların hansı səbəbdən küsdüklərini bilmirəm.

- Bir az əvvəl özününzlə bağlı dediniz ki, ürəyinizdə balaca nöqtə qalmışdı, onu da sildiniz getdi. Həmin insan kim idi?

- Faiq Ağayev. Onunla sadəcə küsməmişdim. Dəhşətli formada ondan üzüm dönmüşdü. Nəinki üzüm, gözüm, qulağım da dönmüşdü. Anamın yasında onunla qəlbən barışdım. Şahidlərim də var. Niyə barışdım? Faiq Ağayev hələ gəncdir. Zaman keçdikcə o, hər şeyi daha yaxşı başa düşəcək. Artıq onu efirdə görəndə çıxışını dinləyirəm, ifasına qulaq asıram. Artıq qəlbimdə zərrə qədər də qara nöqtə qalmayıb. Bu, küsülülyü mənasız görürəm. Hərçənd o, məndən diplomatsayağı soruşa da bilər ki, "nə oldu, niyə küsdünüz məndən". Soruşarsa, başa salaram ki, mənə qarşı o cür rəftar eləmək olmaz! Mən də veriliş aparıcısı olmuşam və efirə elə qonaqlar gəlib ki, onlardan qəlbim qırılıb. Amma tamaşaçı bunu zərrə qədər də hiss etməyib.


Xədicə
Milli.Az




--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------