Pirimbellilərin Qaqarin planı: gül dəstəsilə mesaj yolladılar - FOTO

21 Fevral 2016 11:32

Vətənimizin aranı da, dağı da müqəddəs məkanlarla, ziyarətgahlarla zəngindir. Bunu ölkəmizə gələn əcnəbi səyyahlar da zaman-zaman öz xatirələrində yazıblar. Belə məkanlardan biri də Yardımlı rayonunun Pirimbel kəndidir.

Bu ucqar dağ kəndinə səfər etmək bir müqəddəs ziyarət qədər arzuya çevrilmişdi. Ona görə ki, 70 il ərzində o taylı-bu taylı xalqımızın arasında həsrət simvoluna çevrilmiş Araz çayının laylasını, pıçıltısını, harayını eşitmək hər kəs üçün maraqlıdır. Sən demə, bu kəndin sakinləri də sovetlərin dövründə məcburi köçkünə çevriliblər.
Qışın oğlan çağında yolumuz dağlara, sorağını aldığımız, ziyarətinə tələsdiyimiz ulu məkana - Pirimbel kəndinədir. Bu kəndin tarixinin ulu olması barədə elmi-dini əsərlərdə də kifayət qədər material var. 
Yardımlıya çatmamış şəlalənin "saçlarını necə yolmasını" yolçular yalnız gözlərinə yox, həm də fotoaparatın yaddaşına da köçürməyi unutmurlar. İlicurun möcüzəsi, Qızıl qayanın hikməti barədə eşitdiklərimizi görmək üçün tələsirik kəndin qənşərinə, girəcəyinə. Pirimbel iki dağın arasında, meşəliyin qurtaracağındadır. İlicurdan başlayıb, Qızıl qayaya qədər uzanan kənd kənardan sakit görünür. Kənddən yuxarı boz, çılpaq təpələr başlayır. Qışın ağ yorğanına bürünən dağların sinəsindən boylanan qayalar buz bağlayıb. Bunun da bir özgə mənzərəsi var.
İlicur adlanan uçurumun möcüzəsi var. Deyirlər ki, burada torpaq sürüşəndə hökmən yağış yağır. Kənd camaatı bu hikmətin əsrlərlə davam etdiyini söyləyir. İlicurdan yuxarı, meşənin başındakı qayalıq isə Qızıl qaya adlanır. Qayadan nə vaxt daş qopsa, gün çıxacaq deyirlər. Qızıl qaya rəngi qızıla çalan, kəndlə üzbəüz, sıldırım qayalıqdır, hündürlüyü də təxminən elə İlicur qədərdir: yüz metrə yaxın. 
Kəndin məscidi qənşərdən diqqəti çəkir. Məscid Hacı Mir Cəfərin oğlanları Hacı Mir Əşrəflə Hacı Mir Əkbər Fətiyev qardaşları tərəfindən tikdirilib. 
Pirimbelin tarixi keçmişinə dair bir neçə mənbədən alınan və bu gün az qala əfsanə və rəvayətə bənzər məlumatların üst-üstə düşməsi həqiqətləri özündə əks etdirən faktlar kimi dəyərlidir. Zəngin tarixi keçmişə malik Pirimbelin sovetlər dönəmində "Perembel" kimi adlandırılmasının heç bir əsası yoxdur. Pir və digər müqəddəs dini ocaqlarımızın adlarının dilə gətirilməsinin yasaq edildiyi sovetlər dönəmində Pirimbel kəndinin də adı saxtalaşdırılmışdır. Kökü "pirdən" qaynaqlanan "Pirimbel"i "Perembel"ə çevirən sovet ideoloqları bir anlığa düşünməmişlər ki, bu kimi saxtakarlıqlarla kəndi və onun sakinlərini repressiyaya məruz qoysalar da, o öz adını və mənşəyini qoruyub saxlayacaq. 
Misir ərəbləri "pir" sözünü müqəddəs yüksəklik adlandırmışlar. Sözün ikinci hissəsindəki "bel" isə məkan mənasında işlədilir. Pirimbelə çatıb buradakı müqəddəs insanlarla söhbət edəndə istər-istəməz Kəlbəcər rayonunun ən ucqar olsa da, mədəniyyət mərkəzi kimi tanıdığımız, ziyalıları, seyid və üləmaları ilə tanınan Başlıbel kəndini xatırlamalı olursan. Paralellər bir daha hər iki kəndin mənaca eyni kökə mənsub olduqlarını təsdiqləyir. Başlıbel kəndinin də tarixi çox qədimlərə gedib çıxır və demək olar ki, dağların ən uca, əlçatmaz zirvələrindən biri olan Dəlidağın qoynunda yerləşir. Sakinləri də, Pirimbeldəki kimi, seyid, üləma varisləridir. Bu sözün birinci hissəsindəki "baş", əslində, uca və əlçatmaz, yaxud böyük mənasını bildirir. "Bel" sözü isə təkcə til və ya aşırım deyil, həm də yaşayış məskəni yozumlarındadır. Buradan gəlinən nəticə ondan ibarətdir ki, həm qədimliyinə, həm də müqəddəsliyinə görə hər iki yaşayış məntəqəsinin sakinləri tarixi köklərlə bir-birinə bağlıdır. Pirimbel həmişə dini-mənəvi dəyərlərə bağlılığı ilə seçilib. İslami əxlaqlı, ulu şəcərəsi olan bu kəndin sakinləri vətənpərvərlikləri, yurd təəssübkeşlikləri, milli-mənəvi dəyərlərə hörməti ilə də tanınıb. Kəndin əsasının qoyulma tarixi IX-X əsrlərə qədər gedib çıxır. El arasında nüfuz və hörmətinə görə sayılıb seçilən seyidlərin varisləri həmin müqəddəs varlıqlardan qalma yadigarları bu gün də göz bəbəyi kimi qoruyub saxlayır. 
Uşaqların böyüklərsayaq salamından başlayır tanışlıq. Kəndə girər-girməz əsl kənd uşağı təəssüratı bağışlayan, gələn qonaqları birinci qarşılayan (özü də çox ədəb-ərkanla) balaca sakinlərin salam verib, "xoş gəldiniz" söyləmələri bir daha təsdiqlədi ki, burada böyük-kiçiyin yeri bilinir. Elə kəndin ortasındakı Göz-narı bulağının üstündə bizə bələdçilik edib, kənd məscidinə qədər aparan, lakin adını bildirməyə utanan uşağın da hərəkətlərində bunu hiss etdik. Kəndin adlı bulaqları ilə də bizi o, tanış etdi. Öyrəndik ki, burada Göz-narıdan başqa, Sarıbulaq, Kəhriz, Hafta-çeşmə kimi yayın qızmarında bumbuz olan bulaqları, Şaynişin kimi səfalı yaylağı var. 1953-cü ildə kənd köçürülərkən burada 750 təsərrüfat olub. Kənd sonradan bərpa olunanda 110 təsərrüfatdan kənddə 60-ı qalıb. 
Ötən əsrin əvvəllərində, təxminən otuzuncu illərə yaxın "Nəcəf seli" olub. Həmin hadisədə kəndin yeddi evini, on bir nəfər sakinini sel aparıb. Həmin sel Xəlfə Kamalın qəbri üstündəki qayanı qaldırıb fırladıb və daş yenə də qalxdığı yerə bir az da dərin batıb. Xan daşı deyilən bir daş da Göz-narı bulağının üst tərəfindədir. Deyilənlərə görə, o, Nəcəfqulu xanın oturduğu daş olub. Bəzi rəvayətlərə görə isə, kim xanın qızına elçi gedirmişsə, həmin daşın üstündə oturarmış. 
Pirimbel kəndi də bir çox digər yaşayış məskənlərimiz və insanlarımız kimi, sovetlərin dövründə acınacaqlı həyat keçirib. Pirimbel kəndi də həmin məşəqqətli günləri yaşayıb, dağıdılıb, insanları isə deportasiyaya məruz qalaraq, ölkənin müxtəlif yerlərinə "köçürülüb". Sərhədyanı zonada (İranla) yerləşməsi ilə əlaqədar 1953-cü ildə Pirimbelin bir yaşayış məskəni kimi ləğvi, orada yaşayanların isə Kür-Araz boyunca, hətta Qəbələ-Oğuza qədər köçürülmə qərarı öz işini görüb. Başdan-başa qohum-əqrəba olan kənd camaatı səpələnib çöllərə. Yeni məskunlaşma yerlərinin iqliminə öyrəşməyənlər vaxtlı-vaxtsız dünyalarını dəyişiblər.
Pirimbellilərdən biri kimi bu ziyarətdə köməyini əsirgəməyən Faiq Mirzəyev ulu babalarının tarixini sinəsində yaşadan kəndin yenidən bərpası haqqında söz açarkən azadlığın, müstəqilliyin şirin nemət olduğunu bir daha vurğuladı: "Aradan illər keçmişdi. Daha doğrusu, 1961-ci ildə SSRİ-nin ilk kosmonavtı kimi tarixə düşmüş Yuri Qaqarin kosmosa uçuş edib qayıtmışdı. Onunla görüş keçirilməli idi. Pirimbelin ağsaqqalları tədbir tökürlər ki, bu fürsətdən istifadə edərək kəndin yenidən bərpasına kömək istəsinlər. Həm də artıq Stalin rejimi süquta uğramışdı. Ona görə ki, Xruşşov Stalinin qərarlarını ləğv edirdi. Mir Məcid ağanın məsləhəti və Moskvaya ərizəsi kənd camaatının köməyinə çatdı. Ərizə Yuri Qaqarinlə görüşdə Mir Ağabəy tərəfindən gül dəstəsinin arasında ilk kosmonavta verildi. Təbii ki, Y.Qaqarini ona ünvanlanmış məktubun məzmunu çox maraqlandırmış və ondan istənilən köməyi əsirgəməmişdi. Beləliklə, Pirimbel yenidən yaşayış məntəqəsinə çevrildi və 1963-cü ildə pirimbellilər bu sevinci yaşayıb, öz ulu nəsillərinin müqəddəs məzarlarını ziyarət etmək imkanı əldə etdilər". 
Demək, pirimbellilər də, başlıbellilər kimi, məcburi köçkün həyatı yaşamışlar. Tarixin təkrarı da deyirlər buna.

"Azərbaycan" qəzeti