“Ramstore” adını dəyişdi

14 Mart 2011 16:17
Azərbaycanın ən böyük ticarət şəbəkələrindən biri olan "Ramstore" adını dəyişir. Bundan sonra "Bazarstore" adlanacaq satış şəbəkəsi fəaliyyətini yeni konsepsiya ilə davam etdirəcək. "Bazarstore" marketlər şəbəkəsinin baş direktoru Ruslan Əliyev APA-ya bildirib ki, şəbəkənin əvvəlki sahiblərindən fərqli olaraq "Bazarstore" xərclərini azaldıb. Belə ki, ilkin araşdırmalar göstərib ki, əvvəlki idarəçilər bəzi sahələrə (məsələn, mühafizəyə) lazım olduğundan artıq vəsait sərf edir, istehsalçı şirkətlərdən malı optimal qiymətlərlə ala bilmirdilər: "Bizdə isə bu iş daha yaxşı təşkil olunub, bu isə xərcləri optimallaşdırmağa və qiymətləri aşağı salmağa imkan verir".

Satılan malların çeşidində də dəyişikliklər var. Məsələn, ilk növbədə burada ət satışına başlanıb. Bəzi məhsullar, o cümlədən süd və toyuq məhsullarının çeşidləri artıb və s. Bundan başqa R.Əliyev bildirib ki, şəbəkədə ancaq xüsusi nəzarətdən keçmiş mallar satılacaq.

"Bazarstore" rəhbərliyi yaxın gələcəkdə şirkətdə gözlənilən yenilikləri də açıqlayıb. Belə ki, ilin sonunadək biri Bakıda, digəri Gəncədə olmaqla şirkətin daha iki mağazası açılacaq. Hələlik Bakıda bunun harada olacağı bilinmir. Amma şirkət rəsmiləri yeni marketin əhalinin sıx olduğu ərazidə açılacağını bildirib, buna misal olaraq Əhmədli, Yasamal, Qaradağ və s. ərazilər göstərilir. Hazırda 65 işçisi olan "Bazarstore"un Bakıda 3 mağazası var. Rebrendinq prosesinin - "Ramstore" brendinin "Bazarstore" ilə əvəz olunmasının isə 2 aya başa çatdırılması planlaşdırılır.

Xatırladaq ki, Türkiyənin "Migros Ticaret A.Ş." şirkəti Azərbaycanda 100 faizlik pay sahibi olduğu "Ramstore MMC"-ni 14 milyon 250 min dollara "Intersun Holdinq FZCO" şirkətinə satıb. "Migros" şirkətinin yazılı açıqlamasına görə, Azərbaycandakı hər üç mağazanın Dubayda yerləşən şirkətə satılması ilə bağlı alqı-satqı müqaviləsi imzalanıb. Türkiyə şirkəti razılaşdırılmış məbləğin 250 min dollarını qabaqcadan, qalan hissəsini isə hissə-hissə alacaq.

Azərbaycanda ilk "Ramstore" mağazası 1996-cı ilin aprelində açılıb.

Milli.Az

Uğun link:

Bakıdakı "Ramstore" mağazaları 14 milyon dollara satıldı