Mütəxəssis: "Azərbaycanda zəlzələ ehtimalı həmişə var"

14 Mart 2011 12:39
Bir neçə gün əvvəl Yaponiyada baş verən dəhşətli zəlzələ dünyada, o cümlədən Azərbaycanda da insanların təşvişinə səbəb olub. Minlərlə insan tələfatına səbəb olan güclü zəlzələ hətta yer oxuna da təsir edib. Zəlzələnin ardınca güclü sunami başladı. Daha sonra İndoneziyada vulkan püskürdü. Yearaltı aktivliyin artması zəlzələ seriyasının davam etməsi qənaətini və bu bəlanın daha hansı ölkələrdə "peyda olacağı" suallarını yaradır. Yer qatında zəlzələlərin və digər təbiət hadisələrinin baş verməsi Azərbaycanda da həyəcansız ötüşmür. Azərbaycanda da zəlzələ təhlükəsi gözlənilirmi?

"Azərbaycanda zəlzələnin nə vaxt baş verəcəyini söyləmək çətindir"

Azərbaycanın yerləşdiyi ərazilərədə müxtəlif güclərdə zəlzələ ola bilər. Coğrafiya elmləri doktoru Xalid Tanrıverdiyev Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, Atlantik okeannın sahilindən tutmuş, Azərbaycan da daxil olmaqla, Alp-Karpat-Qafqaz- Krım-Himalay dağları, Sakit okeanın sahilləri zəlzələ zonasıdır. Yaponiya da tektonik hərəkətlərin intensiv fəaliyyətdə olduğu zonadır. Ona görə də bu zonalarda zəlzələ həmişə gözlənilir. Amma Yaponiyada zəlzələnin olması o demək deyil ki, Azərbaycanda da olmalıdır.

Elmlər doktorunun sözlərinə görə, yuxarıda sadalanan zonalarda, o cümlədən Azərbaycanın yerləşdiyi ərazilərədə müxtəlif güclərdə zəlzələ ola bilər. Amma bunun dəqiq nə vaxt olacağını söyləmək mümkün deyil.

Ölkəmizdə ən çox zəlzələ ehtimalı olan bölgələr

"Azərbaycanda ən çox zəlzələ ehtimalı olan bölgələr Böyük Qafqazın cənib yamacı, İsmayıllı, Şamaxı rayonlarının ərazisi, sonra isə Abşeron yarımadasıdır. Zəzlələ həmişə Kiçik Qafqazada Kəpəz dağlarında olub. İstər Böyük Qafqaz, istərsə də Kiçik Qafqaz dağlarında dərin tektonik qırılmalar keçən zonalarda zəlzələ baş verə bilər. Kür-Araz ovalığında zəlzələlər baş versə də, elə də güclü olmur. Azərbaycanın hər bir yerində zəlzələ gözlənilə bilər və bu, baş verir, ancaq bizim hiss etdiklərimiz azdır" - deyə X.Tanrıverdiyev vurğuladı.
 
Azərbaycanda ən güclü zəlzələ neçə bal ola bilər?

X.Tanrıverdiyev deyir ki, Azərbaycanda ən güclü zəlzələ 9 bal gücündə ola bilər: "Çünki artıq belə bir güclü zəlzələ baş verib. Şamaxıda 1902-ci ildə güclü zəlzələ olmuşdu. Həmin zəlzələnin təkrarlanma ehtimalı olub-olmadığını demək çətindir. Deyə bilmərəm ki, zəlzələ hansı dövrlərdən bir baş verir".

Zəlzələ olsa, daha nələr baş verər?

X.Tanrıverdiyev qeyd etdi ki, Bakıda son vaxtlar inşa olunan binalar 7-8 ballıq zəlzələyə davamlı tikilir. 2000-ci ilin noyabrında baş verən zəlzələ güclü olsa da, elə bir dağıntı baş vermədi. Bu zəlzələdən sonra binalar 7-8 bala dözümlü tikilir. "Düşünürəm ki, Abşeron yarmadasında güclü zəlzələ ola bilməz. Çünki, neft-qaz çıxarma, aparılan qazıntılar yerin daxili gərginliyinin azalmasına səbəb olur".

Mütəxəssis onu da deyir ki, Bakı və Bakıətrafında 7-8 ballıq zəzələyə davamlı binalar tikilməlidir. Başqa cür zəlzələdən qorunmaq mümkün deyil, nə vaxt, harda və hansı gücdə zəlzələ olacağını bilmək mümkün deyil. Bu, elmdə bir problemdir. "Zəlzələ zonasında yüksək mərtəbəli binalar tikmək olmaz. Bu, məsləhət deyil" - deyə, elmlər doktoru əlavə etdi.

Zəlzələ ehtimalı həmişə var

Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə Yapaoniyada baş vermiş güclü zəlzələnin həmin ərazilərdəki seysmik aktivliklə əlaqələndirib. O, portalımıza bildirdi ki, Azərbaycanda seysmik aktivlik normal fond səviyyəsindədir: "Baş verən təkanlar həssas cihazlar tərəfindən qeydə alınır. Ötən il Azərbaycan ərazisində 2040 yeraltı təkan qeydə alınıb, onlardan 7-si hiss edilib.
Zəlzələ təhlükəsi isə həmişə var. Hələlik hər şey normaldır. Qısa müddətli seysmogen zonalarda zəlzələnin olub-olmayacağını demək isə çətin məsələdir".

Anar Məmmədov
Milli.Az