Hədiyyə kartlarına etibar etmək olarmı?

5 Mart 2016 19:25

Ən çətin və məsuliyyət tələb edən işlərdən biri də hədiyyə almaqdır. Qarşındakı şəxsin zövqünə uyğun və ehtiyacı olan hədiyyəni isə hər zaman seçmək mümkün olmur. Belə məqamlarda bir çoxlarını çətinlikdən balansında müəyyən miqdarda pul olan hədiyyə kartı xilas edir. Belə olan halda hədiyyə vermək istədiyin şəxs aldığı kartla onun alış-veriş imkanı verdiyi mağazalardan istədiyi hədiyyəni ala bilir.

Müsahibim Orxan Kərimova da ötən ilin iyun ayında iki ədəd 100 manatlıq "Gifts world" şirkətinə məxsus "Hədiyyələr dünyası" kartı hədiyyə ediblər. Kartın üzərində əlaqə nömrəsi və şirkətin saytının adı qeyd edilib. Müsahibim kart haqqında məlumat almaq üçün qeyd edilən nömrə ilə əlaqə saxlayıb. Bildiriblər ki, kartın istifadəsi üçün vaxt limiti yoxdur, istənilən vaxt kartın imkan verdiyi mağazalarda alış-veriş həyata keçirə bilər. Həmin vaxtdan sonra kartı istifadə etməsə də, tez-tez zəng vurub, istifadəsi ilə bağlı problem olub-olmadığını öyrənirmiş. Həmişə də heç bir problem olmadığını deyiblər.

Lakin O.Kərimov ötən həftə kartı istifadə etmək istəyəndə mağazadan onun yararsız olduğu bildirilib. Deyiblər ki, məsələni kartı verən şirkətlə araşdırmalısınız: "Kartın üzərində yazılan nömrə ilə əlaqə saxladım. Bildirdilər ki, inventarizasiya işləri ilə əlaqədar kartı müvəqqəti dondurmuşuq, bərpa olunacaq. Lakin inventarizasiya işlərinin nə vaxt başa çatacağı ilə bağlı heç bir rəsmi məlumat verilməyib. Məlumat almaqda israrlı olduğumu gördükdə şifahi şəkildə aprel ayında bərpa olunacağını dedilər.
Mənə kartın müddətsiz olduğunu demişdilər. İndi isə kartdan istifadə etmək mümkün deyil. Saytda kartların dondurulduğu qeyd olunub, amma nə vaxt bərpa olunacağı yazılmayıb. Əgər aprel ayında bərpa olunacaqsa, bunu sayta niyə rəsmi şəkildə yazmırlar? Bununla bağlı bizə rəsmi şəkildə sənəd verilməlidir. Bəlkə sabah şirkət bağlandı. Tək mən deyiləm, bu kartdan istifadə edən xeyli sayda insan var".

Müsahibimizin də qeyd etdiyi kimi, problem artıq tək onun deyil, bütün bu kartdan istifadə edənlərindir. 

Biz də bu problemlə bağlı kiçik bir araşdırma aparmaq qərarına gəldik. Şirkətə məxsus gifts.az saytında yazılıb ki, inventarizasiya işləri ilə əlaqədar 01.02.2016 il tarixdən hədiyyə kartlarının qəbulunu müvəqqəti olaraq dayandırmağınızı xahiş edirik. Mağaza tərəfindən 01.02.2016 il tarixdən sonra qəbul olunan hədiyyə kartları inventarizasiya bitənə qədər ödənilməyəcək. Şirkətlə əlaqə saxladığımızda isə, aldığımız yeganə cavab bu oldu: "Aprel ayından bütün kartlar bərpa olunacaq".
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, hər ay AİB-ə hədiyyə kartları ilə bağlı problemlə üzləşən bir-iki vətəndaşdan şikayət daxil olur: "Xüsusilə də hədiyyə kartını alan zaman istifadə etməyən şəxs bir müddət keçdikdən sonra mağazadan alış-veriş edəndə kartının qüvvədən düşdüyünü deyirlər. Bəzən kartın üzərində heç bir məlumat da olmur. Bu, birtərəfli qaydada istehlakçının hüququnu pozmaq, onun cibinə girməkdir. İstehlakçılar hədiyyə kartlarına çox etibar etməsinlər. Ya da çalışsınlar hədiyyə alarkən kartın istifadə müddətinin bitməsi ilə bağlı sənəd əldə etsinlər. Kim də bu cür hədiyyə alırsa, vaxtında istifadə etsin ki, sonradan problemlə üzləşməsin".
Hüquqşünas Məhərrəməli Həmidov deyir ki, şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs istehlakçı sayılır. Xəbərdarlıq edilmədən kartın dondurulması və istehlakçının aldığı kartdan istifadə edə bilməməsi istehlakçı hüquqlarının pozulması deməkdir: "Bu şəxslərin hüquqlarının pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Kart hansısa üzrlü bir səbəbdən dondurulduğu halda satıcı istehlakçının tələbatını digər vasitələrlə təmin etməyə borcludur. İstehlakçının tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır.
Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir".

M.Həmidovun sözlərinə görə, əgər satıcı, istehsalçı malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının tələbləri təmin olunmamalıdır.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 2-bəndinə əsasən İşlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var.

Həmin qanunun 5-ci bəndinə görə bu maddənin 2-ci bəndində göstərilmiş qüsurlar, müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, habelə işlərin (xidmətlərin) yerinə yetirilməsi ləngidildikdə, icraçı işin (xidmətin) qəbul edilməsi zamanı istehlakçıya gecikdirilmiş hər gün üçün işin və ya xidmətin dəyərinin (əgər dəyər ayrıca müəyyən edilməmişdirsə, sifarişin dəyərinin) bir faizi məbləğində dəbbə pulu ödəyir, bu şərtlə ki, müqavilədə dəbbə pulunun başqa məbləği nəzərdə tutulmuş olmasın.
Qanunun 12-ci maddəsinə əsasən, istehlakçıların bu qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir.
Hüquqşünas onu da bildirdi ki, istehlakçı hüquqlarının pozulduğu halda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və yaxud məhkəməyə müraciət etməklə, dəymiş maddi və mənəvi zərərin əvəzinə görə kompensasiya tələb etmək hüququna malikdir.

"Kaspi"