Sumqayıt cəlladı tapıldı: o, hələ də cəzasını almayıb - FOTO

16 Fevral 2016 18:01

... Uzaq 1998-ci ildə, ovaxtkı Leninqrad, indiki Sankt-Peterburq şəhərindəki Piskaryov məzarlığındakı anıtın qarşısındaydım. Bu məzarlıqda Leninqrad blokadasının çox qurbanları dəfn olunublar.
Qranit divar və orada şairə Olqa Berqqoltsun şeirindən misra var: "Bu daşlara baxan, bil: kimsə unudulmayıb, heç nə yaddan çıxmayıb"
1959-cu ildə yazılmış şeirdəki misra bizlər üçün də mənəvi qanun, ictimai yaşamımızın məhvər prinsipidir. Və bu səbəbdən biz qan yaddaşını əsrlərin girdabından keçirən, xəyanətlərə düçar olan, qələbələrə sevinən millət olaraq bilirik - cinayətkarların cəzası onları addım-addım izləyir.
Və bu cəza mütləq cinayətkarı tapmalıdır.
Cinayət cəzasız qalmamalıdır.

Qatilə, manyaka, günahsız insanları öldürənə, sifariş alandan sonra ən murdar və çirkin işlərə baş vurana, qurbanlarının yalvarışlarından və nalələrindən həzz alana, zəif qarşısında özünü güclü sayana rəhm ola bilməz.
İllah da ki, bu "güclü", əslində, yaramaz, şərəfsiz biridirsə və onun qətlə yetirdikləri də uşaqlar, qocalar, qadınlar olubsa...
Bəşəriyyətə qarşı, insanlara yönəlik cinayət törədənlər bağışlana bilməz. Gec və ya tez - beləsi mütləq ədalət məhkəməsinin qarşısında əməllərinə görə cavab verməlidir.
Həmin qatil Eduard Qriqoryandır. 
Eduard Robertoviç Qriqoryanın "Sumqayıt qırğınları" proqramının icraçılarından ən fəalının olması şahid ifadələri əsasında sübut olunub. Həmin hadisələr zamanı öldürülən 26 ermənidən 6 nəfəri onun "payına düşür".
Qriqoryan Sumqayıtda doğulmuşdu, atasının ölümündən sonra onu rus anası böyütmüşdü. Üç dəfə həbsxanada yatmışdı. Qriqoryan Sumqayıt hadisələri zamanı digərlərini bu cinayəti törətməyə təhrik etmiş, başqa bir versiyaya görə 7-yə qədər ermənini özü öldürmüşdü.

Zərərçəkmiş Sumqayıt sakini L.Meclumyan məhkəmədə demişdi: "Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı". 
Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqda demişdi: "Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü". 
İstintaq materiallarının başqa bir yerində göstərilir ki, "E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salmışdır". 
E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürmüş, 8 erməni qadınını zorlamışdır. Bu cür faktlar çoxdur. Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan da qurtara bildilər. Məhkəmə azərbaycanlı Əhməd Əhmədov haqda ölüm hökmü çıxardı və hökm dərhal yerinə yetirildi. E.Qriqoryana isə yalnız 12 il iş verildi və bir neçə ildən sonra azadlığa buraxıldı.

Şahid Allahverdi Qasımovun sözlərinə görə, Edik deyilən bu şəxs avtovoğzalda bir neçə gənci toplayaraq onlara Qafandan indi gəldiyini və orada azərbaycanlı qadınların elektrik dirəklərinə mıxla vurulduğunu deyərək onları qızışdırıb. Dövlət ittihamçısı Aslan İsmayılov Qriqoryan üçün ömürlük iş istəsə də, bu qəbul olunmayıb. Sumqayıtda keçirilmiş məhkəmə proseslərində azərbaycanlılara qarşı qərəz nümayiş etdirilib.
Kütləvi iğtişaşlarda iştirak, zorlama, qətl, qarət, milli ədavətin qızışdırılması ittihamları ilə mühakimə olunan E.Qriyqoryana cəmi 12 il cəza verildi, çünki SSRİ Prokurorluğu əsl həqiqəti ört-basdır etmişdi.
Sumqayıt hadisələri ilə əlaqədar keçmiş SSRİ Prokurorluğunun ittifaqın müxtəlif respublikalarından və hüquq-mühafizə orqanlarından 200-ə yaxın müstəntiq və bir o qədər də əməliyyatçının cəlb edildiyi istintaq-əməliyyat qrupu tərəfindən olduqca böyük həcmdə material toplanmış, araşdırılmış və bir çox şəxslər məsuliyyətə cəlb edilmişdilər.
 Lakin hadisələrlə bağlı istintaqın lap əvvəlindən hadisələrdə zərərçəkənlərin guya ermənilər, təqsirkarların isə azərbaycanlılar olması barədə irəli sürülmüş doqmatik fərziyyə istintaqın birtərəfli və kifayət qədər qərəzli aparılmasına, onun müəyyən siyasi sifarişə xidmət etməsinə səbəb olub.

Belə ki, Sumqayıtda baş vermiş iğtişaşlar zamanı saxlanılmış erməni soyadı daşıyanların barəsində heç bir araşdırma aparılmamış, onlar dərhal "zərərçəkən" tərəf kimi buraxılıb və bir çoxları məsuliyyətdən kənarda qalmışdır. İş üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş Qriqoryan Eduard Robertoviç isə onun tərəfindən cinsi zorakılığa məruz qalmış zərərçəkmiş erməni qızlar Marina və Karina Mejlumyanlar, onların anası Roza Mejlumyan tərəfindən tanındığından onun cinayət məsuliyyətindən yayındırılması mümkün olmamışdı. 
Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatları və xüsusi xidmət orqanları çox çalışdılar.

Təsadüfi deyil ki, Eduard Qriqoryan uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdən az sonra, cəzasını qanunla Azərbaycan SSR ərazisində çəkməli olduğu halda, hansısa xidmətlərinə görə cəzasını çəkmək üçün Ermənistana göndərilmiş və orada azadlığa buraxılmışdı.

Sumqayıtda doğulub böyümüş və uzun müddət orada yaşamış sakinlərin, habelə hadisələrin bilavasitə şahidlərinin çoxsaylı ifadələrindən görünür ki, iğtişaşları təşkil edən "qara plaşlı"şəxslər sumqayıtlı olmayıblar. Onlar öz aralarında bir çox hallarda erməni dilində danışıblar, Azərbaycan dilini təmiz biliblər və hadisələr zamanı adamlar arasında ermənilər əleyhinə təbliğat aparıblar, camaata spirtli içkilər, güclü təsiredici həblər, pul, dəmir parçaları və s. paylayıblar və talançıları əvvəlcədən onlara məlum olan erməni ünvanlarına aparıblar.

Sumqayıtda baş vermiş kütləvi iğtişaşlar 1959-cu il təvəllüdlü, əvvəllər 3 dəfə məhkum olunub üst-üstə 9 il 2 ay 13 gün azadlıqdan məhrumetmə cəzası çəkmiş qatı cinayətkar, milliyyətcə erməni olan "Paşa" ləqəbli Eduard Qriqoryan, onun Albert və Ernis adlı daha iki qardaşı, Dağlıq Qarabağdan xüsusi tapşırıqlarla gəlmiş emissarlar və DTK-nın agentləri tərəfindən təşkil olunmaqla bilavasitə icra edilmişdi. Dağlıq Qarabağdan olan emissarlar Eduard Qriqoryanı ətraflı təlimatlandırandan sonra  ona Sumqayıtda yaşayan və separatçıların yaratdıqları "Qarabağ" və "Krunk" təşkilatlarına pul köçürməyən ermənilərin siyahısını və dəqiq ev ünvanlarını vermişdilər. Aqressivliyi artırmaq məqsədi ilə iğtişaş iştirakçılarına paylanması üçün Qriqoryanı psixotrop dərmanlar və spirtli içkilərlə təmin etmiş, hadisələr zamanı isə Eduard Qriqoryan və onun qardaşı Albert Qriqoryanla birlikdə camaata soyuq silah kimi istifadə olunan armatur parçaları paylamışdılar. 

Eduard Qriqoryan  ətrafına topladığı özü kimi cinayət meylli qonşuları ilə ümumi dil taparaq, onlara spirtli içki və insanda aqressivlik yaradan xüsusi həblər paylayıb, quldurluq və soyğunçuluq etmək üçün yaxşı şansın yarandığını deyib və onları öz arxasınca Qarabağa erməni iddialarına qarşı keçirilən dinc mitinqin keçirildiyi meydana aparıb, orada özünü Qafandan gəlmiş azərbaycanlı kimi təqdim edərək, ermənilərin guya Qafanda dinc azərbaycanlı əhalini qırdıqlarını, özlərinin isə bir maşın meyit gətirdiklərini mitinq iştirakçılarına danışaraq, ermənilərdən intiqam almağa çağırıb. 
E.Qriqoryan onda burada yaşayan ermənilərin siyahısının və ünvanlarının olduğunu deyərək, ona qoşulmuş 100 nəfərə yaxın yeniyetmə və müxtəlif cinayətkar ünsürləri "Qarabağ bizimdir!", "Erməniləri qırın!" kimi şüar və çağırışlarla "Qarabağ" (komitəsi) və "Krunk" (cəmiyyəti) təşkilatlarına pul verməkdən imtina etmiş ermənilərin yaşadıqları mənzillərə istiqamətləndirmişdi. Daha sonra isə Qriqoryan talan və digər cinayətlərdə fəal iştirak etmiş və  şəxsən 6 nəfər ermənini qətlə yetirmişdi.

Sabiq MTN, indiki Dövlət Təhlükəsizlik Xidmətinin arxivlərində saxlanılan "Nalyotçik" adı altında məxfi işdən müəyyən edilib ki, Sumqayıt hadisələri ərəfəsində yerli Dövlət Təhlükəsizlik Komitəsi (DTK) şöbəsinin nəzarətində 47 nəfər ekstremist-millətçi erməni əsilli şəxs var və həmin şəxslərdən biri də hadisələr zamanı zərərçəkən siyahısında olmayıb. Bu faktlar bir daha təsdiq edir ki, "Krunk" cəmiyyəti ilə əlaqə saxlayan erməni millətçiləri sağ-salamat qalıblar. Baş prokurorun birinci müavini qeyd edib ki, Sumqayıtda "Krunk" təşkilatının emissarlardan biri o vaxt Qarabağdan Sumqayıta hərbi komissar kimi dəyişdirilib göndərilmiş Kalantarov soyadlı erməni polkovnik olub. 

O, buradakı ermənilərin hamısının sıyahısını və ünvanlarını bilib və hadisələr ərəfəsində iş yerini dəyişmək adı ilə aradan çıxıb. Musiqiçilər və qumar oynayanlar əldə edilmiş gəlirlərindən "Krunk" cəmiyyətinə pul ötürürdülər. Aşkar edilib ki, yaşayış binasının bir girişinin 1, 2, 3 və 4-cü mərtəbələrində erməni milliyətindən olan sakin var idisə, cinayətkarlar 1, 2-ci yox, 3-cü mərtəbədə yaşayan erməninin evinə girərək hadisə törədiblər. Bəzi mənzilləri ermənlər boşaldıb sonradan özləri yanğın törədib və kompensasiya istəyiblər. Bu məsələ də tam sübut edir ki, ermənlər məqsədəyönlü hərəkət edirdilər. 

Sumqayıt şəhərində zərərçəkən, öldürülən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ vilayətində fəaliyyət göstərən "Krunk" cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlərdir. Onun sözlərinə görə, həmin ərəfədə Ermənistanın xüsusi xidmət orqanları əməkdaşlarının Bakı və Sumqayıt şəhərlərinə gələrək buradakı mehmanxanalarda yerləşmələri və ermənilərlə görüşüb gizli söhbətlər aparmaları istintaqla müəyyən edilib: "Ermənilər Sumqayıt hadisələri zamanı azərbaycanlıların "vəhşi" obrazını yaratmaq üçün əllərindən gələni edirlər".

Baş prokurorun birinci müavini qeyd edib ki, iş üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş 6 nəfər ermənini qətlə yetirən, əvvəllər 1979, 1981, 1982-ci illərdə 3 dəfə mühakimə olunub, üst-üstdə 9 il 2 ay həbsxanalarda yatmış qatı cani, milliyətcə erməni olan Qriqoryan Eduard Robertoviç isə təsadüfən onun tərəfindən cinsi zorakılığa məruz qalmış zərərçəkmiş erməni qızlar - Marina və Karina Mejlumyanlar və onların anası Roza Mejlumyan tərəfindən tanındığından onu məsuliyyətdən kənarda saxlamaq havadarlarına nəsib olmayıb. 
6 nəfərin qətlində iştirak etmiş milliyyətcə erməni Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatları və xüsusi xidmət orqanları çox çalışıblar. Təsadüfi deyildir ki, Eduard Qriqoryan uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən az sonra hansısa xidmətlərinə görə cəzasını çəkmək üçün Ermənistana göndərilib və orada azadlığa buraxılıb. Bu gün də ermənilər Sumqayıtda kütləvi iğtişaşların fəal iştirakçısı olmuş Eduard Qriqoryanın hadisələrdə iştirakının olmaması, erməni olduğuna görə onun barəsində saxta sübutlar toplanması, bəzi hallarda isə onun, ümumiyyətlə, erməni olmadığı, anasının azərbaycanlı olması və pasportunda milliyyətinin azərbaycanlı göstərilməsi kimi şayiələr yaymaqla məşğuldurlar.

Ermənilərin nə deməsindən asılı olmayaraq, Eduard Qriqoryanın Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşların fəal iştirakçısı olması ibtidai və məhkəmə istintaqı zamanı toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilmiş və onun barəsində qüvvədə olan Azərbaycan SSR Ali Məhkəməsinin 22 dekabr 1989-cu il tarixli hökmü vardır. Həmin cinayət işinin istintaq materiallarına əlavə edilmiş Eduard Qriqoryanın pasportunda, pasport almasına dair 1 N°-li formada, hərbi xidmət sənədlərində onun milliyyətinin erməni yazılması müəyyən edilib. 

Eduard Qriqoryan ölmüş bilinirdi. Lakin o, ölməyib.
"Sumqayıt cəlladı" kimi tanınan bu erməni hazırda Rusiyanın paytaxtı Moskvanın yaxınlığındakı Sergiyev Posad şəhərində, beşmərtəbəli yaşayış binasındakı mənzillərdən birində məskunlaşıb.
1991-ci ildə Rusiyanın Ermənistana "cəza müddətinin çəkilməsi" üçün verdiyi Qriqoryan Yerevanda az sonra azad olunub və o, "tarixi vətən"ində bir müddət qalandan sonra Rusiyaya yollanıb.
Eduard Qriqoryan indi Sergiyev Posadda adı ilə "asudə" həyat yaşayır.
Bu cəllada sığınacaq vermiş Rusiya onlarla günahsız insanın qətlində bilavasitə günahkar olan insanı, sanki, bağışlayıb, əfv edib.
Halbuki, E.Qriqoryan ədalət məhkəməsindən, cəzadan yayınır.
Amma o, hər gününü cəza qorxusu, xof ilə yaşayır.
Sumqayıt cəlladı mütləq şəkildə cəzasını almalıdır.

Elçin Alıoğlu
Milli.Az