MTN azərbaycanlıları İslandiyaya "göndərən"ləri təcridxanaya göndərdi

1 Mart 2010 16:54
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluqla məşğul olan beynəlxalq tərkibli dəstə üzvləri tutulub. Bu barədə Milli.Az xəbər portalına nazirliyin ictimai əlaqələr mərkəzindən məlumat verilib.

Belə ki, Gürcüstan vətəndaşı, 34 yaşlı Şalva Malaşvili və Azərbaycan vətəndaşı, 42 yaşlı Yaşar Hüseynov özlərini Rusiyanın və İslandiyanın "Russ-İsland" adlı birgə müəssisəsinin Bakı ofisinin, həmçinin İnterpolun və Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim edərək dələduzluq ediblər. Onlar xeyli sayda vətəndaşa müxtəlif sahələrdə işləmək üçün İslandiyaya göndəriləcəklərini vəd edib və onların külli miqdarda pul vəsaitlərini ələ keçiriblər.
 
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluqla məşğul olan beynəlxalq tərkibli dəstə üzvləri tutulub. Özünü Aleksandr Malaşevski kimi təqdim edən Ş.Malaşvilinin və Y.Hüseynovun "Russ-İsland" birgə müəssisəsinin adından istifadə edərək dələduzluqla məşğul olduqları müəyyən edilib. Onların kirayələdikləri ofisdə və Ş.Malaşvilinin yaşadığı mənzildə keçirilmiş baxış zamanı həmin şəxslərin törətdikləri cinayət əməllərini təsdiqləyən sənədlər və dəlillər aşkar edilərək götürülüb.
 
Müəyyən edilib ki, Ş.Malaşvili 2009-cu il dekabrın əvvəllərində Bakıda Y.Hüseynov ilə tanış olub və özünü öna Rusiya və Çexiya vətəndaşı kimi təqdim edib. Ş.Malaşvili Beynəlxalq Polis Assosiasiyasının Gürcüstan bölməsinin əməkdaşı olduğunu bildirərək ona Gürcüstanda hazırladığı saxta vəsiqəsini göstərib. Sonra onlar Azərbaycan vətəndaşlarının pullarını ələ keçirmək üçün guya onları işə düzəltmək adı ilə İslandiyaya göndərəcəkləri barədə sövdələşiblər. "İşbazlar" Yasamal rayonunda ofis kimi işlətdikləri Abdulla Şaiq küçəsi 214 saylı evdəki kompyuterdə "Russ-İsland" birgə müəssisəsinin adından elanlar hazırlayaraq şəhərin müxtəlif yerlərində asıb, habelə bu elanları qəzetdə də yerləşdiriblər. Müraciət edən vətəndaşlara Ş.Malaşvili özünü İnterpolun və ya Beynəlxalq Polis Assosiasiyasının Gürcüstan bölməsinin işçisi, Y.Hüseynov isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim ediblər. Onlar vətəndaşlara İslandiyada müxtəlif sahələrdə işləmək üçün aylıq 1800-4500 ABŞ dolları məbləğində əmək haqqı verildiyini, müəssisə ilə əmək müqaviləsi bağlandıqdan sonra aviabilet üçün 450 ABŞ dollarının əvvəlcədən ödənilməsini, aviabiletə görə pulun qalan hissəsinin isə İslandiyada işlədikləri 6 ay ərzində əmək haqlarından hissə-hissə tutulacağını bildiriblər. Vətəndaşlar Ş.Malaşvili və Y.Hüseynov tərəfindən təqdim olunmuş saxta əmək müqavilələrini imzalayıb və saxta aviabiletləri alaraq əvvəlcədən qeyd olunan məbləği onlara ödəyiblər.
Beləliklə, Ş.Malaşvili və Y.Hüseynov 2010-cu il yanvarın 15-dən fevralın 23-dək olan dövr ərzində işə düzəlmək məqsədi ilə müraciət etmiş 50 nəfər fiziki şəxsi aldadaraq, hər birindən 450 ABŞ dolları almaqla, ümumilikdə 22 min 500 ABŞ dolları məbləğində onlara ziyan vurublar.
Faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1 (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb. Ş.Malaşvili və Y.Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Ş.Malaşvilinin və Y.Hüseynovun qanunsuz hərəkətlərinin yuxarıda göstərilənlərlə məhdudlaşmadığı ehtimal olunduğundan, onların hüquqazidd əməllərindən zərər çəkmiş digər vətəndaşlardan Milli Təhlükəsizlik Nazirliyinə və onun ərazi orqanlarına müraciət etmələri xahiş olunur.
ƏLAQƏ TELEFONU: 405-99-99 və 405-84-87

Milli.Az