İnsanın büdrəməsinə səbəb olan şeytani amillərdən biri də şəhvətdir. Şəhvət və nəfsani istəklər - heyvani instinktlərdir. Ağıl və nuranilik isə insanın mələkut sifətlərindəndir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İlahi ruh torpaqdan olan bədəndə hakim olaraq, ağılın hidayəti ilə kamala çata bilər. Əgər kamala çatarsa, mələkut sifətinə bürünər və heyvani istəklərinin zəifləməsinə səbəb olar.
İmam Əli (ə) buyurur: "Aqil - o kəsdir ki, nəfsani istəklərdən uzaq olar".
Ona görə də deyə bilərik ki, aqil insan o kəsdir ki, şəhvət yolunu getməz. İnsan əgər ağılı ilə bu həqiqəti dərk etsə, o zaman özü bu nəfsani istəkdən uzaqlaşar. Onu heyvani instinkt hesab edib, kamala çatmasına mane olmasının qarşısını alar. (Tebyan)
İmam Əli (ə) buyurur: "Nə zaman ağıl kamala çatar, həvəslər azalar".
Həzrət (ə) başqa yerdə buyurur: "Hər kimin ağılı kamil olar, heyvani şəhvətə qarşı etinasız olar".
Ağıl insanın hisslərini kontrol edən bir üzvdür. Ona görə də ağıl hər nə qədər kamil olarsa, insanı daha çox qoruyar və çəkindirər. İnsan da həqiqətləri daha rahat şəkildə dərk edə bilər. İnsan bəzən elə bir ağıl kamalına çatar ki, günah etməz və bu haqda heç düşünməz belə - peyğəmbərlər kimi.
İsmət əslində bəsirətin ən pik nöqtəsinə çatmaqdır. Bəsirətli insan günahın pis nəticələrini görə bilir. Möhkəm iradəsi ilə ondan çəkinir.
Ona görə də demək olar ki, cinayətkarların əksər hissəsi ağıldan kəm insanlardırlar. Günah onların ağıl çırağını söndürə bilmişdir. Ona görə də həqiqətləri düzgün dərk edə bilmirlər.
"Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur". ("Həcc" 46).
Hər nə qədər cəmiyyətin agahlığı yüksələrsə, cinayətlərin sayı da azalar. Əksinə hər nə qədər az olarsa, cinayətlər və günahlar da artar.
İmam Əli (ə) buyurur: "Ağıl - başıucalığın və insanın zahiri və batini gözəlliyinin mənbəyidir". Yəni, ağıl bütün çirkinlikləri insandan uzaqlaşdırar.
İmam (ə) buyurur: "Ağılın ən üstün dərəcəsi - nəfsani istəklərdən uzaq olmaqdır".
İmam (ə) buyurur: "Aqil o kəsdir ki, həvəsinə itaətsizlik edər və Allaha itaət edər".
İmam (ə) buyurur: "Ağılın gücü insanı çirkin işdən saxlayar".
Həzrət (ə) buyurur: "O kəs ki, ağlını nəfsi həvəslərdən üstün bilər, işləri düzgün və yaxşı olar".
Ona görə də deyə bilərik ki, əgər ağıl çırağı həmişə yanar olarsa, çox az insan nəfsani istəklərinin ardınca gedər.
İmam (ə) buyurur: "Aqil o kəsdir ki, günahlardan çəkinər və özünü eyblərdən pak edər".
Milli.Az