Pul salfetdən də ucuz oldu...

8 Fevral 2016 17:42

Son aylar Venesuelada baş verən kəskin inflyasiya və milli valyutanın sürətlə dəyərdən düşməsi ölkədə pul qıtlığı yaradıb. Nəticədə xaricdən ölkəyə təyyarələrlə pul daşınır.

Fins.az-ın "The Wall Street Journal" nəşrinə istinadən yaydığı məlumata görə, son bir neçə ayda ölkəyə milli valyuta - bolivarla yüklənmiş 30 təyyarə gəlib. Venesuala prezidenti Nikolas Maduro 2015-ci ilin yayından indiyədək azı 5 milyardlıq banknotun hazırlanması barədə sifariş verib. Əlavə daha 10 milyard banknotun çapı üçün isə danışıqlar aparılır.
 
Pul salfet kağından da ucuzdur

 
Venesuala Mərkəzi Bankının məlumatına görə, son 1 ildə dövriyyədəki əskinasların  sayı 1,5 dəfə artaraq 12 milyard bolivarı keçib. İndi isə ölkə iqtisadiyyatını yüksək inflyasiyadan qorumaq üçün əlavə banknotlara ehtiyac yaranıb və son nəticədə ölkədəki nağd pul kütləsinin həcmi daha 2 dəfə artacaq. Özü də 2, 5, 10 və 20 bolivarlıq pulların çapı həmin pulların özündən baha başa gəldiyinə görə, yeni pullar 50 və 100-lük nominalda sifariş edib. Yeri gəlmişkən, ölkədə pul o qədər ucuzlaşıb ki, 2 bolivarlıq əskinaslar salfet kağızından da ucuzdur.
 
Pulu xaricdə çap etdirir

 
Ən pisi də odur ki, Venesuela lazım olan pulu özü çap edə bilmir. Çünki ölkədə banknot hazırlamaq üçün lazımi kağız və metal yoxdur. Buna görə də, hökumət pulu xaricdə, istənilən qiymətə sifariş verməyə məcburdur. Hazırda bu məsələ ilə bağlı Böyük Britaniya, Almaniya, Kanada, ABŞ, Fransa və İsveçrə şirkətləri ilə əməkdaşlıq edilir. Çünki 10 milyardlıq sifarişi yerinə yetirmək üçün bir şirkətin imkanları kifayət etmir və bu baxımdan Venesuelanın düşdüyü vəziyyət bir sıra liderlərin diqqətini cəlb edib.
 
720% inflyasiya olacaq
 
İqtisadçılar hesab edirlər ki, belə vəziyyətdə dövriyyəyə yeni pulların buraxılması Venesuelada böhranı daha da dərinləşdirə və inflyasiyanı sürətləndirə bilər. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, bu il ölkədə qiymət artımı 720%-ə çatacaq və dünyada ən yüksək göstərici olacaq.
 
Yeri gəlmişkən, 2015-ci ilin ilk 9 ayında ölkədə inflyasiya 141% olub. 4-cü rübdə isə qiymətlər daha 68% qalxıb.
 

Dolları "imperialistlər" bahalaşdırıblar
 
Belə vəziyyətdə ölkədə xarici valyuta - xüsusilə dollar sürətlə bahalaşır. Bu həftə Venesuelanın "qara bazarı"nda ABŞ dollarının məzənnəsi ilk dəfə 1000 bolivarı keçib. Hakimiyyət bəyan edir ki, yüksək inflyasiya ölkədə sabitliyi pozmaq qərb imperialistlərinin fəaliyyətinin nəticəsidir.
 
Gəlirlərinin 96%-i neftdəndir
 
Xatırladaq ki, Venesuelanın əsas gəlir mənbəyi neftdir. Ölənin xarici ixracdan qazandığı hər 100 dolların 96 dolları neftin payına düşür. Ölkədə satılan malların 70%-i isə xaricdə istehsal olunanlardır.

Milli.Az