Naxçıvana bilet satışı özbaşınalığı xəbərinə rəsmi aydınlıq gətirildi

5 Fevral 2016 13:19

Milli.Az xəbər verir ki, avtosfer.az-ın məlumatına görə, "Azərbaycan Hava Yolları" ("AZAL") Naxçıvana uçan təyyarələrə biletin qiymətini qaldırmaq üçün maraqlı addım atıb. Atılan bu addım son günlər Naxçıvana gedən sərnişinlərin süni qiymət artımı ilə üzləşməsinə səbəb olub. Sərnişinlərin Avtosfer.az-a verdikləri məlumata görə, 50 manatlıq bilet tapmaq indi çox çətindir. Bəzi işbazlar isə həmin biletləri hava limanındakı sərnişinlərə 100 manata təklif edirlər. Bir qədər xahiş-minnətdən sonra bileti ən yaxşı halda 70 manata satırlar: "Təsəvvür edin ki, kassada bilet yoxdur, amma kimsə sənin qolundan tutub kənara çəkir və deyir ki, bilet lazımdırsa, bu qiymətə düz-qoş edə bilərəm. Başa düşmək olmur, kassada satılmalı olan biletlər ayrı-ayrı adamların əlinə necə keçir? İşbazlar Naxçıvana bilet tapmayanların şəxsiyyət vəsiqəsinin fotoşəklini telefonla çəkir və 15 dəqiqədən sonra bilet gətirib verirlər. Kassalarda isə bildirirlər ki, Naxçıvana bilet yoxdur, qurtarıb. Bəs bu adamlar haradan tapıb əldə satırlar? Xeyir-şər məclislərinə tələsənlər, hərbi xidmətlə bağlı məzuniyyəti başa çatıb geri qayıtmalı olan hərbçilər vaxtında mənzil başına çatmaq üçün məcbur qalıb 50 manatlıq bileti 70-100 manata almalı olurlar".

Sərnişinlərin bildirdiyinə görə, "AZAL" Naxçıvana təyyarə biletinin qiymətini qaldırmaq istəyir. Onu da bu yolla etməyə çalışır. Yəni, bir növ, insanları buna alışdırır ki, gələcəkdə qiymət artımına hazırlıqlı olsunlar...

Məsələnin dəqiqləşdirilməsi üçün Milli.Az "Azərbaycan Hava Yolları" ("AZAL") QSC-yə sorğu ünvanlayıb. "AZAL"ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Milli.Az-a bildirib ki, hal-hazırda Bakı-Naxçıvan reysi üzrə təyyarələrin biletlərin satışı ilə bağlı heç bir qıtlıq yoxdur:

"Vətəndaşlar biletləri kassalarda tam sərbəst şəkildə 50 manata ala bilərlər. Biletlərin satışında da heç bir qıtlıq yoxdur. Əgər həqiqətən deyildiyi kimi hər hansı neqativ olubsa, biz bu məsələni ciddi şəkildə araşdıracağıq və tədbirlər görəcəyik. Biletlərin qiymətlərin artılmasının planlaşdırılmasından da söhbət gedə bilməz".

İlkin İzzət
Milli.Az