Ən yaxşı nehrə yağı

4 Fevral 2016 11:17

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Göyçay rayon sakini Mehriban Süleymanova düz 42 ildir, nehrə yağı hazırlamaqla məşğuldur. Bir qayda olaraq nənə nəvələrini də ətrafına yığaraq nehrəyə tökdüyü qatığı çalxalamağa başlayır. Mehriban nənə nehrə çalxalandıqca tez-tez yağın hazır olub-olmadığını yoxlayır. Onun bildirdiyinə görə, nehrə çalxalamaq böyük səbr tələb edir. Yağın başa gəlməsi üçün 1 saatdan artıq zaman lazımdır. Məhz bu müddətdən sonra nehrədəki qatıq yağa çevrilir.

Bu işi qaynanasından öyrənən Mehriban Süleymanovanın sözlərinə görə, nehrə yağının hazırlanması üçün fərqli üsullardan istifadə olunur. Lakin gildən düzəldilən küp qabda hazırlanan yağın dadı tam başqadır.

"Motorla olan nehrələrdə tez olur. Amma bunda vaxtında olur, sapsarı olur. Bu saxsıdır, dədə-babadan qalma saxsı nehrədir. Onda lap yaxşı olur, tamında, sonra tortasında, yeməyində çox yaxşıdır", - deyə rayon sakini Mehriban Süleymanova bildirib. Mehriban nənə deyir ki, 3 gündən bir nehrə yağı hazırlamaqla məşğul olur. Artıq olanda isə hətta yağı satdığını da deyir.

Bildirək ki, nehrə yağının bir kiloqramı hazırda 6 manata satılır.

Milli.Az