Azərbaycan Xarici İşlər Nazirliyinin Kollegiyası "Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişiklik edib.
Milli.Az APA-ya istinadən bildirir ki, dəyişiklik vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi ilə əlaqədardır. Bu, Azərbaycan prezidenti İlham Əliyevin "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" 2015-ci il 31 avqust tarixli fərmanının icrası ilə bağlıdır. Həmin fərmana əsasən hazırda yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış "ASAN Xidmət" mərkəzlərində və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarında yeni qaydada verilir. Arayış "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə, elektron qaydada tərtib edilir, arayış vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən hazırlanır və vətəndaşın müraciət etdiyi gün təxirə salınmadan verilir.
Təlimata əsasən konsul qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı və vərəsəliyin açıldığı vaxt miras qoyanın ölümü haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi ilə təsdiq edilir. İndiyə qədər mirasın açıldığı yer miras qoyanın yaşayış yeri haqqında müvafiq təşkilatlardan və ya ölənin iş yerindən verilən arayış, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənədlə təsbit olunub. Dəyişikliyə əsasən isə bundan sonra mirasın açıldığı yer miras qoyanın yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənədlə təsbit olunacaq. Vərəsələrdə həmin sənədlər olmadıqda, konsul vərəsəliyin açıldığı yerin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surətini tələb edir.
Milli.Az