Fazil Mustafa: "Partiyaların birləşməsindən söhbət gedə bilməz"
1 Mart 2010 12:48
Bu barədə Milli.Az xəbər portalına açıqlamasında BQP sədri Fazil Mustafa bildirib.
Qeyd edək ki, BAXCP sədri Qüdrət Həsənquliyev Milli.Az-a açıqlamasında bildirmişdi ki, Azərbaycanda fəaliyyət göstərən 10-15 partiya ilə birləşmələri tamamilə mümkündür. "Bura Ədalət və Böyük Quruluş partiyalarını da aid edə bilərəm"- o əlavə etmişdi.
Fazil Mustafa isə deyir ki, partiyaların birləşməsi məsələsinə normal yanaşmır. "Çünki partiyalar hansısa şəkildə bir ideya və taktika daşıyıcılarıdır. Hər bir partiya cəmiyyətin işində, ictimai-siyasi proseslərdə iştirak etmək üçün baxışları uyğun gələn insanları bir araya gətirib, siyasi proseslərə yönəldir. BAXCP və Ədalət Partiyası ilə bizim hədəflərimizdə, məqsədlərimizdə, xüsusən də Azərbaycanın gələcək modeli ilə bağlı müəyyən fərqlər var. Elə bu fərqliliklər olduğu üçün biz ayrı-ayrı partiyalar formatında çıxış edirik"- partiya sədri bildirir.
F.Mustafa düşünür ki, partiyaların birləşməsindən deyil, seçki bloku və ya konkret seçki hədəfi ətrafında birləşməsindən söhbət gedə bilər. "İndiki məqamda bu daha məqbuldur. Düzdür, hər iki partiyada dünya görüşü və baxışlarıyla bizə yaxın olan insanlar var. Yəni tam ziddiyətdə olan partiyalar deyilik. Bununla belə, indi söhbət uzlaşmadan getməlidir, qovuşmadan yox"- qeyd edir.
Partiyalar arasında seçki bloku ilə bağlı danışıqların hələ başlamadığını bildirən F.Mustafa bütövlükdə əməkdaşlıq ideyasına normal yanaşdığını deyir. "Hazırda danışıqlar getmir. Amma bütövlükdə belə bir ideya var və biz də buna çox normal yanaşırıq. Amma partiyada seçkiylə bağlı qərarları nizamnaməyə uyğun olaraq Ali Məclis verir. Ali Məclisin iclası bu ayın sonunda olacaq və seçkiyə qatılmaq, kiminlə bloka gedib-getməmək məsələsinə orada baxılacaq. Ola bilsin seçki ərəfəsində, haradasa seçkiyə 2 ay qalmış bu və ya digər formatda seçki bloku haqqında düşünək."
Partiya sədri onu da vurğulayır ki, əməkdaşlıq edəcəkləri halda belə, seçkiyə ayrı-ayrılıqda qatılmaları istisna deyil. "Hər iki partiya və sədrləri ilə çox yaxşı münasibətlərimiz var. Baxışlarımızda da müyyən yaxınlıqlar var. Bununla belə, ola bilsin elə siyasi blok formatı tapılsın ki, orada təmsil olunsaq da, seçkidə ayrı-ayrılıqda iştirak edək. Yəni konkret seçki hədəfləri müyyənləşdirib, onun ətrafında birləşmək də mümkündür"- deyə bildirir.
Yaşar
Milli.Az