İnsanı başqalarına qarşı kinli edən amillər hansılardır?

28 Yanvar 2016 22:20

İnsan müxtəlif ruhi hallara malik olan bir varlıqdır. Bəzən məhəbbət və dostluq qəlbində qələbə çalır, bəzən də kin və düşmənçilik. Elə bir iş yoxdur ki, insan onu yerinə yetirsin, məgər o halda ki, nəticəsi ya məhəbbət olar, ya da düşmənçilik.

İnsanın mənfi ruhi hallarından biri də kin və küdurətdir. Kin bəsləyən insan qarşı tərəfi rüsvay etmək üçün fürsət axtarır. Kin qəlbin bir halıdır, ancaq əgər əmələ çevrilərsə, düşmənçilik adlanar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,hədislərimiz kinin meydana gəlməsinin bir çox amillərini bizə tanıtmışdılar. Bu amillər insanda qəzəb yaradır və kin bəsləyən insan bu qəzəbini zahir edə bilmir, onu gizli saxlayır. Demək olar ki, bu həmin zahir olmayan qəzəbdir ki, sonradan insanın qəlbində kinə çevrilir.

Kinə səbəb olan amilləri tanıyaq:

1. Düşmənçilik ilə qarışmış elmi bəhslər. İnsanın qəlbində kinin yaranmasına səbəb olan amillərdən biri - düşmənçilik ilə qarışmış elmi bəhslərdir. İslam dini bu cür bəhsləri bəyənmir və qadağan edir. Bu cür elmi bəhslərdə heç bir tərəf o birisinin sözünü qəbul etmir və nəticədə kinə səbəb olur.

2. Həddən artıq gözləntilər. Hədislərimiz buyurur ki, əgər insan din qardaşından həddən artıq gözləntiləri olsa və o, həmin əməlləri yerinə yetirməsə - onu məzəmmət edər. Bu məzəmmət etmək də qarşı tərəfdə kin yaradar. Bu məsələ iki dost, müəllim və şagird, valideyn və övladı, ərlə arvad arasında ola bilər.

3. Malik olduğu fəzilətlə öyünmək. Bəzən insan başqaları yanında söhbət edən zaman elə bir fəziləti ilə iftixar edir ki, qarşı tərəf ona malik deyildir. Hətta onu əldə etməsi üçün imkanı belə yoxdur. Nəticədə bu insana qarşı kin bəsləməyə başlayır. İmam Əli (ə) bu haqda buyurur: "Elmini ona meyli olmayan kəsin yanında bəyan etməkdən və həmçinin keçmişi iftixaredici olmayan birinin yanında keçmiş şərafət və məqamını bəyan etməkdən çəkin. Belə ki, bu məsələ onun sənə kin bəsləməsinə səbəb olar".

4. Qeybət. Qeybət möminin abırını apardığı üçün, qeybət edən şəxsi öz düşməni bilir. Baxmayaraq ki, həmin şəxsin dedikləri doğrudur, ancaq o, həmin şəxsə kin bəsləyər. Çünki abrını aparmışdır. İmam Əli (ə) buyurur: "Qeybətdən çəkin. Çünki Allahın və insanların qəzəb və düşmənçiliyində qərar tutmağına səbəb olar və savablar məhv olar".

5. İnsanların dediklərində nöqsan axtarmaq. İnsanların dediklərində nöqsan axtarmaq dostluğu aradan aparar, ürəkləri bir-birindən uzaqlaşdırar. Nəticədə kin meydana gələr. İmam Əli (ə) buyurur: "Qulp qoymaqdan və düşmənçilikdən çəkinin. Həqiqətən bu ikisi din qardaşlarının ürəyini xəstə edər və hər ikisinin üzərində nifaq cücərər".

6. Lənət və nifrin. Lənət və nifrin qarşı tərəfdə kin yaradar.

7. Söyüş. Söyüş söymək qarşı tərəfdə kin yaradar. Bu cür insanın dostu yerinə, düşməni çox olar. Həzrət Peyğəmbər (s) buyurur: "İnsanları söyməyin ki, onların düşmənçiliyini əldə etməyəsiniz".

8. Məsxərə etmək. Əgər insan başqasını məsxərə etsə və həmin şəxs də özünü müdafiə edə bilməsə, kin meydana gələr.

9. Tamah. Əgər kiminsə malına tamah etsək və istədiyimizi bizə verməsə, ona qarşı kin bəsləyərik. İmam Səccad (ə) buyurur:"Mən bütün xeyirləri onda gördüm ki, gərək insanların əlində olan hər şeyə tamahı kəsəsən".

Milli.Az