Əli Həsənov: “Səfər Əbiyev verdiyi bəyanatın məsuliyyətini bilir”
1 Mart 2010 12:17
Bu açıqlamanı bazar ertəsi jurnalistlərə Prezident Administrasiyanın İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib. Onun fikrincə, müdafiə naziri Səfər Əbiyevin müharibə ilə bağlı bəyanatına siyasi şərh verməyə ehtiyac yoxdur.
Əli Həsənov deyib ki, Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü istiqamətində aparılan danışıqların potensialının bitmədiyini düşünür və ona görə də bu danışıqlarda iştirak edir. Amma Azərbaycan nə zaman hiss etsə ki, danışıqlar potensialı tükənib, danışıqlar yalnız danışıq xətrinə aparılır, o zaman Azərbaycan özünün ixtiyarında olan bütün vasitələrlə özünün ərazi bütövlüyünü, suveren və pozulmuş hüquqlarını bərpa etmək istiqamətində addımlar atacaq.
Prezident Administrasiyasının rəsmisi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırda Praqa prosesi çərçivəsində və Madrid prinsipləri ətrafında aparıldığını deyib: "ATƏT həmsədrlərinin təklifləri hər iki respublikaya təqdim olunub və bu təkliflər ətrafında fikir mübadiləsi aparılır. Lakin danışıq aparan tərəflər bundan artıq məlumat verməyiblər. Bundan sonrakı proseslər necə olacaq, hansı mərhələdə bu təkliflərin razılaşdırılması gözlənilir, bu barədə bundan artıq heç nə bilmirəm".
Xatırladaq ki, müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Fransanın Azərbaycandakı səfiri Qabriel Kelleri qəbul edən zaman Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini diqqətə çatdırıb. Nazir qeyd edib ki, 15 il ərzində diplomatlar bu problemlə əlaqədar konkret bir nəticə ortaya qoya bilməyiblər. Artıq Azərbaycan daha 15 il də gözləyə bilməz. İndi söz hərbindir və bu təhlükə getdikcə yaxınlaşmaqdadır. İşğalçı Ermənistan Azərbaycan torpaqlarını azad etməzsə, Cənubi Qafqazda böyük müharibənin başlayacağı qaçılmazdır.
Əli Həsənov İranda Azərbaycan bayraqlarının yandırılmasına da münasibət bildirib. Onun sözlərinə görə, İranda Azərbaycana qarşı fəaliyyət göstərən elə qüvvələr var ki, iki dövlət arasında münasibətlərin normal olmasında maraqlı deyillər və bu münasibətlərin pozulması istiqamətində cəhdlər göstərirlər: "Azərbaycan tərəfi olaraq belə cəhdlərin qarşısının alınması üçün fəaliyyət göstəririk".
Şöbə müdiri İran tərəfindən belə cəhdlərin qarşısının alınması üçün kifayət qədər tədbir görülmədiyindən təəssüfləndiyini deyib. Onun sözlərinə görə, İranın Azərbaycanda yayımlanan "Səhər" telekanalının ayrı-ayrı verilişləri Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, dövlətin həyatında baş verən prosesləri inkar etməyə, mahiyyətini dəyişməyə və saxtalaşdırmağa xidmət edir: "Belə cəhdlərə qarşı biz dövlət olaraq səsimizi qaldırırıq və lazımi instansiyalara iradımızı bildiririk".
Əli Həsənov onu da qeyd edib ki, dövlətlərlə normal münasibətlərin saxlanması Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.