"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri, Milli Məclisin deputatı, şairə Qənirə Paşayeva tanınmış modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova və Azərbaycan İctimai Televiziyasının çəkiliş qrupu ilə birlikdə Tailanda etdiyi səfər barədə Trend-ə danışıb. Səfər Azərbaycanın Türkiyədəki səfirliyinin köməkliyi ilə təşkil edilib.
- Qənirə xanım, Tailanda səfər zamanı hansı məsələlər müzakirə edildi?
- Səfərin əsas məqsədi Azərbaycanın, ölkənin iqtisadi inkişafı və onun regionda lider rolu, turizm potensialı, qədim mədəniyyəti və tarixi, incəsənəti və ədəbiyyatının təbliğatı, Dağlıq Qarabağ münaqişəsi həqiqətlərinin çatdırıması olub. Təəssüf ki, Cənub-Şərqi Asiya ölkələri bu barədə az məlumatlıdır. Əhalisinin 10 faizə yaxını müsəlman olan təqribən 70 milyonluq Tailand böyük iqtisadi potensiala malikdir və regionda lider mövqelərdən birini tutur, bir çox müfuzlu təşkilatların üzvüdür. Bu, Azərbaycanın beynəlxalq arenada gələcəkdə dəstəklənməsi üçün çox vacibdir. Xüsusilə turizm sahəsinin inkişafını qeyd etmək istərdim. Təsəvvür edin ki, hər il ölkəyə təqribən 30 milyon turist gəlir! Bu, turizm sahəmizin inkişafı üçün onların təcrübəsinin əldə edilməsi baxımından vacibdir.
Səfər çərçivəsində Tailandın paytaxtı Banqkokda ölkənin Tayland Kralı ailəsinin üzvləri, Kraliça Sirikitin şəxsi katibləri Thanpuying Pharani Mahanonda, Thanpuying Supornphen Laungther, Kraliça Sirikit İnstitunun və Fondunun rəhbərləri ilə görüşümüz olub.
Baş nazirin müavini Prajin Juntoqla , "Chang Rayda" Kral Layihələri Mərkəzinin rəhbəri Poobet Muangmoonla, İslam Mərkəzinin rəhbəri və Milli Assambleya (Tailand parlamenti) komitəsinin sədri Samart Malulimlə , "Cherntawan International Meditation Center"in rəhbəri, "Vimuttayalaya Institute"un təsisçisi və dini lideri V.Vajiramedhi, Tailandın Yazıçılar Birliyinin sədri Burapa Arampee, PEN-klubun rəhbəri xanım Sumitra Channgao, dünya şöhrətli yazıçı Naovarat Pongpaiboon, mədəniyyət və incəsənət xadimləri, bəzi QHT və KİV nümayəndələri ilə vacib görüşlər keçirildi. Ölkənin bölgələrindəki rəsmi şəxslərlə və yaradıcı ziyalıların nümayəndələri ilə maraqlı görüşlər baş tutdu. Səfərimiz Tailandın qabaqcıl nəşrlərində və telekanallarında geniş işıqlandırıldı.
Görüşlərdə Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət yetirildi. Məlumat verildi ki, Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına görə başlayıb. Dağlıq Qarabağ və ona bitişik 7 rayon - Azərbaycanın 20 faiz ərazisi- Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır, ölkədə təqribən 1 milyon qaçqın var. Erməni işğalçıları tərəfindən qədim arxitektura və memarlıq abidələrinə qarşı vandalizm aktları törədilib, Dağlıq Qarabağda etnik təmizlik aparılıb, dinc Azərbaycan əhalisinə qarşı kütləvi qırğın törədilib. 1992-ci il fevralın 26-da Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Xocalı şəhərinin əhalisinə qarşı törətdiyi soyqırım isə bəşəriyyətə qarşı cinayətdir. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar və indiyədək ATƏT-in Minks qrupunun himayəsi və Rusiya, Fransa, ABŞ-ın həmsədrliyi ilə hələ ki uğursuz sülh danışıqları aparılır. BMT-nin Təhlükəsizlik Şurasının işğal edilmiş Dağlıq Qarabağ və ona bitişik ərazilərin azad edilməsi üzrə 4 qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilmir.
Ölkələr arasında iqtisadi, turizm və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıq üçün böyük marağın olduğu qeyd edilib. Birgə layihələrin reallaşdırılması üzrə vacib məsələlər müzakirə olunub. Görüşlərdən sonra tərəfimizdən ingilis dilində "Azərbaycan həqiqətləri" film kataloqu və kitablar, Dağlıq Qarabağdakı müharibənin əsl səbəbləri, Xocalı soyqırımı, Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti haqqında müxtəlif ədəbiyyat materialları, Gülnarə Xəlilovanın milli ornamentlər ilə əl işi pannosu hədiyyə edilib.
- Yaxın vaxtlarda hansı birgə layihələri reallaşdırmağa hazırlaşırsınız?
- Təəssüf ki, Tailandda ölkəmiz barədə demək olar heç nə bilmirlər. KİV nümayəndələri ilə görüşdə Azərbaycan barədə materialların daha çox nəşr və nümayiş etdirilməsi arzumuzu bildirdik. Ölkəmizdə də demək olar oxşar vəziyyətdir. Tailand haqqında bənzər ədəbiyyat, kitab və məqalələr demək olar yoxdur. Bu məsələnin həll edilməsi üçün bir sıra birgə layihələr reallaşdırılacaq.
Layihə çərçivəsində başlanğıc mərhələdə Tailand haqqında bəhs edən Azərbaycan dilində kitabların və Azərbaycan haqqında tay dilində kitabların buraxılması təşkil ediləcək. Mən Tailand haqqında kitab hazırlayacağam, orada bu gözəl ölkə, onun tarixi, mədəniyyəti, ənənələri və turizmi barədə təəssüratlarım yer alacaq. Gülnarə Xəlilova isə rəssam-tərtibatçı olacaq. Mənim "Qarabağ hekayələri" adlı kitabım tay dilinə tərcümə ediləcək. Həmin kitab daha əvvəl Türkiyədə dərc edilib və təqdim edilib. Türk dilində buraxılan kitaba tanınmış ictimai xadimlərin, mədəniyyət və incəsənət, yaradıcı ziyalıların nümayəndələrinin xatirələri və düşüncələri daxil edilib. Nəşrin buraxılmasında əsas məqsəd Dağlıq Qarabağ, onun tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, Azərbaycanın bu regionunun Ermənistan tərəfindən işğalınadək vətəndaşların adi həyatı haqqında həqiqətləri xalqlara hekayə formasında çatdırmaq, işğalın bütün dəhşətlərini və Xocalıdakı soyqırımı göstərməkdir.
Tay dilində ikinci nəşr Nizami, Fizulu, Nəsiminin və müasir klassiklərin seçilmiş əsərlərinin antologiyası olacaq. Tayların şərq poeziyası və musiqisinə böyük sevgisi var. Məsələn, buddistlərin dini lideri Vajiramedhi ilə görüşdə məlum oldu ki, o, sufizmin böyük pərəstişkarıdır və XIII əsrin görkəmli filososofu və sufi şairi Cəlaləddin Ruminin yaradacılığına vurulub. O hətta qeyd edib ki, onun haqqında kitab yazıb və orada qeyd edib ki, İslam sülh dinidir. Kitabların dərc edilməsindən başqa, Tailanda səfərimiz barədə film çəkiləcək.
- Tayları ölkəmizdə xüsusilə nə maraqlandırdı?
- Tailandda multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olması faktı böyük maraq doğurdu. Xalqımız qədimdən bəri tolerantlığı, dözümlülüyü və digər dinlərə və mədəniyyətlərə hörməti həyat tərzinə çevirməklə bu prosesə əhəmiyyətli töhfə verib. Buna görə də Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi təsadüfi deyil və dərin tarixi köklərə əsaslanır. Azərbaycan qədimdən bəri müxtəlif mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlərarası və sivilizasiyalararası həmrəylikdə qabaqcıl rol oynayıb, dərin tarixi baza formalaşdırıb. Ölkəmizdə dini və milli zəmində heç vaxt qarşıdurma olmayıb. Azərbaycan cəmiyyətində dözümlülük ölkədə hazırda beynəlxalq ictimaiyyətin diqqətini nümunə kimi cəlb edən unikal tolerant mühit yaradıb. Azərbaycanda multikulturulizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün zəruri siyasi və iqtisadi şərtlər var. Səfər çox faydalı və məlumatverici oldu - bir-birimizdən çox şey öyrənə bilərik.
- Tailand nümayəndələrinin ölkəmizə səfəri planlaşdırılırmı?
- Bu ilin martında Novruz bayramında Tailanddan mədəniyyət və incəsənət xadimlərinin, yazıçı və jurnalistlərin səfəri planlaşdırılıb. Səfərdən məqsəd onların təkcə Bakı və ölkənin bölgələri üzrə ekskursiya keçirə bilmələri deyil, həm də parlaq bayramın, xalq adət və ənənələrinin şahidi olmalarıdır. Onlar evlərinə qayıdarkən öz təəssüratlarını bölüşəcəklər, materiallar və kitablar yazacaqlar, telekanallarda gözəl ölkəmiz barədə verilişlər göstərəcəklər. Bu səfərlər şübhəsiz ki, ölkələrimizin və xalqlarımızın gələcəkdə yaxınlaşmasına təkan verəcək.
Milli.Az