Azərbaycan yeni iqtisadiyyata keçir: nou-hau dövrü başlandı

19 Yanvar 2016 22:38

"Know how" ifadəsinin hərfi mənası "istehsalatın sirri"dir. Azərbaycan iqtisadiyyatı da dünya ölkələrini saran ağır maliyyə və iqtisadi böhranın çağırışlarını qəbul edir, çətinlikdən çıxmaq üçün antiböhran proqramının həyata keçirilməsineə başlanır. 

Artıq iqtisadiyyatımızda nou-hau zamanıdır və əvvəlki statik fəaliyyət, yalnız büdcədən ayrılan vəsaitlər hesabına layihələrin həyata keçirilməsi ilə bağlı təsəvvürlərlə vidalaşmaq zamanıdır.
Büdcə xilaskar, az qala bütün günahları bağışlayan ali Tövbə məkanı deyil artıq.
Azərbaycanın dövlət büdcəsi mədaxillərini artıracaq. Bu, düyna bazarlarında xam neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və gəlirlərin azalması şəraitində paradoks kimi səslənə bilər, fəqət belədir.
Sirr, bəhs etdiyim kimi nou-hau strategiyasında, bir də iqtisadiyyat və fizika qanunlarındadır.

Maliyyə entropiyası və ya qənaətin təkanı

Prezident İlham Əliyevin dünən keçirdiyi toplantıdakı çıxışı əslində proqram nitqi, fəaliyyət taktikasının bəlirlənməsi idi.
Manatın devalvasiyası, qiymətlərin bahalaşması şəraitində dövlətin başçısının məhz vətəndaşların yanında olduğunu, vətəndaşların rifahını düşündüyünü və bu səbəbdən də dövlətin maraqlarını fərdlərin mənafeləri ilə bərabər tutduğunu hər kəs gördü.
Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə ümumdünya iqtisadi böhranının Azərbaycana mənfi təsirlərinin müşahidə olunduğu və enerji resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü hazırkı dövrdə həyata keçiriləcək yeni iqtisadi siyasətin əsas konturlarını müəyyən etdi. Dövlət başçısı qarşıdan gələn dövrdə görüləcək işlərlə bağlı dövlət strukturlarına müvafiq tapşırıqlar verdi. 

Enerji resurslarının qiymətinin kəskin aşağı düşməsi təbii proses deyil və süni şəkildə stimullaşdırılır. Hətta güclü iqtisadiyyata və maliyyə resurslarına malik ölkələr belə bundan ciddi əziyyət çəkirlər. Hazırda ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının üzləşdiyi problemlər, həmçinin dünyanın aparıcı iqtisadiyyatlarından olan Fransada fövqəladə iqtisadi vəziyyətin elan olunması bunu əyani şəkildə təsdiq edir. 
Azərbaycan büdcəsinin əhəmiyyətli hissəsinin enerji resurslarının satışından əldə olunan gəlirlər hesabına formalaşdığına görə, neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatına və maliyyə sisteminə mənfi təsir göstərir. 

Bununla yanaşı, Azərbaycan son 10 ildə iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirməklə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmağa müəyyən dərəcədə müvəffəq olub. 

Buna görə də həm Azərbaycan ümumdünya iqtisadi böhranından ən az əziyyət çəkən ölkə olmuş, həm də Azərbaycanın milli valyutası mənfi meyllərə ciddi və uzunmüddətli müqavimət göstərməyi bacarıb. Hər halda bir sıra qonşu ölkələrdə, o cümlədən Rusiya və Qazaxıstanda devalvasiyanın Azərbaycandan xeyli əvvəl həyata keçirilməsi və milli valyutaların "üzən məzənnəyə" buraxılması bunu deməyə tam əsas verir. 
Hazırda Azərbaycanda qeyri-neft sektoru inkişaf dövrünü yaşasa da, neftin qiymətinin aşağı düşməsi şəraitində ölkənin mövcud tələbatını təmin etmək iqtidarında deyil.

İndi bir tərəfdən yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün çevik tədbirlər həyata keçirilməli, digər  tərəfdən də prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır. 
Buna görə də İlham Əliyev deyir ki, "Tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkə iqtisadiyyatı yeni nəfəs alacaq, iqtisadi fəallıq artacaq, insanların sosial müdafiəsi lazımi səviyyədə təmin ediləcək". 

Termodinamikada "entropiya" anlayışı var. Yəni hər hansı sistemin elementləri müəyyən qaydaya nə qədər az tabedirsə, həmin sistemin zəifləməsi və çökməsi şansı bir o qədər artıqdır.
İstənilən iqtisadiyyat entropiya qanunlarına tabedir. İqtisadiyyata dövlət müdaxiləsi, nəzarəti olmazsa, sistem zəifləyir, sonucda inflyasiya, hiperinflyasiya, deflyasiya və resessiyalar yaşanır, yəni bahalaşma, sürətli bahalaşma, təhlükəli ucuzlaşma və sonucda iqtisadiyyatın durğunluğu müşahidə olunur.

Azərbaycan iqtisadiyyatında başlanan nou-hau dönəminin 8  əsas prinsipi var:
1. Sahibkarlığın fəaliyyətinə dəstəyin artırılması
2. Əhalinin sosial təminatının gücləndirilməsi
3. İqtisadiyyatın tam yeni, ən mütərəqqi sistemə keçirilməsi və innovativ modellərin tətbiqi
4. Maliyə-bank sisteminə dəstək
5. Kənardan investisiyaların cəlb olunması ilə sərmayədarlara həddən artıq rahat və asudə iş imkanlarının yaradılması
6. Qeyri-neft sektorunun intensivləşdirilməsi və yerli istehsalın artırılması
7. İstehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi
8. "Post-neft erası"nın çağırışlarının adekvat dəyərləndirilməsi.

İqtisadiyyatımızın yeni sistemə keçirilməsi üçün zəruri sayılan amillər, yəni regionların inkişafı, müasir iqtisadi və sosial infrastrukturun yaradılması, nəqliyyat infrastrukturunun müasir tələblərə cavab verməsi və s. artıq təmin olunub. Məhz bu amillərin inkişafı sayəsində qeyri-neft sektoru güclənir və ölkənin bir sıra məhsullara daxili tələbatı ödənir.
2004-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi və müasir cəmiyyət quruculuğuna dair mühüm qərar qəbul olunması və son 10 il ərzində müxtəlif istiqamətlər üzrə zəruri tədbirlər həyata keçirilməsi hazırkı dövrdə effektli iqtisadi-maliyyə və sosial siyasətin yürüdülməsinə etibarlı zəmin yaradıb. 

Yeni sistem isə ölkənin idxaldan asılılığının minimuma endirilməsini, yerli mallarının tərkibində işlədilən xarici komponentlərin daxildə istehsalını təşkil olunmasıdır.
Məqsəd həmin məhsulların qiyməti xeyli aşağı salmaqdır.
Bunun üçünsə zəruri komponentlərin öklə daxilində istehsalı normal səviyyəyə çatdırılana qədər ilkin addıim qismində bəhs etdiyimiz məhsulların idxalına vergi və gömrük güzəştləri tətbiqi nəzərdə tutulub.

Ərzaq təhlükəsizliyi və tikinti - hər iki sahə diqqətdədir

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə fermerlərə, iş adamlarına kreditlərin verilməsi davam etdiriləcək. Bu il ən azı 250 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulur. Sahibkarların yerli istehsala yatıracağı vəsaitlər nəzərə alınmaqla, iqtisadiyyatın real sektoruna investisiyaların həcmi 1 milyard manata yaxın olacaq. 
Prezident İlham Əliyev də hesab edir ki, iş adamlarımız ilk ilk növbədə Azərbaycana sərmayə qoymalıdırlar. 

Belə şəraitdə daxili bazarda istehsal məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün tədbirlər paketi hazırlanığb.  Yaradılan iri fermer təsərrüfatları, taxılçılıqla məşğul olan təsərrüfatlar və yeni yaradılacaq müəssisələr qısa müddət ərzində bu problemin həllinə kömək göstərəcək. 
Bank sektorunun tənzimlənməsi prosesi başa çatandan sonra bank sektoru qeyri-neft sektoruna xüsusi diqqət göstərməlidir. Bundan başqa, qtisadi fəallıq bütün sferaları, o cümlədən tikinti sektorunu da əhatə edəcək. İş adamlarının böyük tikinti layihələrini icra etmələrinə tam şərait yaradılacaq.
Tikinti inkişafın əsas göstəricilərindən biridir və iş yerlərinin təmin olunmasında önəmli rol oynayır. Dövlət başçısı hesab edir ki, iş adamlarına qarşı əsassız tələblər yığışdırılmalı, tikinti sektoru tam sərbəst şəkildə inkişaf etməlidir. Digər tərəfdən ipoteka xətti ilə böyük tikinti layihələri icra edilməli, bu sahədə təxirəsalınmaz tədbirlər görülməlidir. 

Bu addımlar həm mövcud vəziyyətə uyğun, həm də gələcək baxımından əhəmiyyətli hesab oluna bilər.

Dollarlaşma mərəzindən qurtuluş

Qonşu ölkələrin valyutası arasında Azərbaycan manatı ən çox müqavimət göstərən valyuta oldu. Qaçılmaz addım olan devalvasiyanın səbəbləri xaricdə formalaşmış və Azərbaycanda daxili vəziyyətlə heç bir əlaqəsi yoxdur. Neftin qiymətinin kəskin şəkildə aşağı enməsi, qonşu ölkələrdə milli valyutaların dəyərdən düşməsi və bunun bir neçə dalğası Azərbaycanın valyuta bazarında ajiotaj yaratdı.
Halbuki, Azərbaycanda gedən dollarlaşma prosesinin heç bir iqtisadi əsası yoxdur. 

Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistanda da milli valyutalar ABŞ dolları və avro ilə müqayisədə əhəmiyyətli dərəcədə ucuzlaşıblar. Hətta Rusiyada defoltun mümkünlüyü məsələsi müzakirə olunur. 
Azərbaycanda isə devalvasiya absurd ajiotaj yaratdı, valyuta mübadiləsi məntəqələrinin qarşısına növbələr yarandı.
Bunun bir səbəbi var: psixologiyada daşlaşmış, yanlış və fəsadlı təsəvvürlərlə yanaşı, əhalinin tam əksəriyyətinin çağdaş iqtisadiyyatın tələbləri ilə normalarından bixəbər olması.

"Dollar almaq istəyirəm" deyənlərin total çoxluğu ABŞ dollarının özünün də kurs itkilərinə məçruz qaldığını bilmirdilər. Onlar avronun dollarla müqayisədə 32 faiz geriləməsindən də xəbərsizdirlər. Lakin psixoloji amillər məntiqi üstələdiyindən manatını satıb dollar almaq istəyənlər indi özlərini udmuş sayırlar.
Yanılırlar və bunu bir müddət sonra anlayacaqlar, lakin onda həmin adamlar indiki kursla aldıqları dolların bir müddət sonra, manatın mövqelərini bərpa etməyə başlamasından sonrakı kursun tədiyyə qiyməti arsındakı fərqindən uduzmuş olacaqlar.
Manatın müqavimət potensialı çoxdur. Hətta düşünüləndən də çox.

Ölkənin xarici borclarının toplam həcmi ümumdaxili məhsulun 12 faizini təşkil edirsə, valyuta ehtiyatları 40 milyard dollara yaxındırsa - manatın mövqelərinin bədbin dəyərləndirilməsi sadəcə, məntiqsizlikdir.
Azərbaycandan fərqli olaraq nə Rusiyada, nə də Qazaxıstanda dollarlaşma ajiotajı yaşanmır. Əksinə, dollara tələbatın sürətli artımı da müşahidə olunmur.

Manatın mövqelərinin qısamüddətli geriləməsi və zəifləməsi dollar alışlarında individlərin psixoloji davranış motivlərinə görə artım yaradıb.
Bunun iqtisadiyyatın və xüsusilə də maliyyə sisteminin vəziyyəti ilə üzvi əlaqəsi də yoxdur.
Ən azı ona görə ki, iqtisadi göstəricilər təsdiq edir: Azərbaycan iqtisadiyyatının vəziyyəti möhkəmdir və müsbətdir. Hətta böhranlı illərdə Azərbaycan iqtisadiyyatı inkişaf edib, ümumi daxili məhsul, qeyri-neft sektoru, sənaye istehsalı, kənd təsərrüfatı artıb. Azərbaycanın güclü valyuta ehtiyatları vardır, xarici dövlət borcu isə çox aşağı səviyyədədir. 
Ölkəmiz güclü maliyyə imkanına, yaxşı investisiya şəraitinə malikdir ki, bu da həm iqtisadiyyatın, həm də maliyyə bazarının kifayət qədər canlanması üçün mühüm şərtlərdir.  

Yeni sistemin ilk mərhələsi

İqtisadi dayanıqlıq, xarici borcun aşağı səviyyədə olması nəzərə alınaraq xarici maliyyə bazarlarından lazım olan həcmdə valyuta resursları Azərbaycana cəlb olunacaq. Xarici valyuta bazarlarından əlavə valyuta resurslarının cəlb edilməsi Azərbaycan üçün heç bir problem yarada bilməz.

Çünki Azərbaycanın xarici borcu kifayət qədər aşağıdır və ÜDM-in cəmi 11-12 faizini təşkil edir. Əksər dünya ölkələrində bu göstərici çox yüksəkdir, hətta bəzi ölkələrin xarici borclanması 100-150 faiz təşkil edir. Belə bir vəziyyətdə Azərbaycan hökuməti xarici valyuta bazarlarından əlavə valyuta resursları cəlb edə bilər və bunun ölkənin iqtisadi-maliyyə sistemi üçün təhlükəsi minimal səviyyədədir. 
Eyni zamanda milli manata etimad bərpa olunacaq. İlkin addım kimi qanunvericilikdə dəyişikliklər ediləcək, inkişaf etmiş ölkələrin təcrübəsinin Azərbaycanda da tətbiq olunması nəzərdə tutulacaq. 

Özəlləşdirilməyə start verildi

Azərbaycanda geniş özəlləşdirilmə proqramı hazırlanacaq. Həmin proqram həyata keçirilərkən yerli iş adamları ilə yanaşı, xarici investorlar da prosesə aktiv cəlb olunacaqlar. Özəlləşdirmə proqramı tam şəffaf şəkildə reallaşdırılacaq, beynəlxalq ekspertlər bu işə cəlb olunacaqlar. Yerli və xarici investorlar üçün elə şərait yaradılacaq ki, onlar böyük maraq və həvəslə bu prosesdə iştirak etsinlər. 

Milli Məclisin gözlənilən iclası

Bu gün Milli Məclisdə bu istiqamətdə qanunvericilik təşəbbüsləri müzakirə olundu və millət vəkiləri yeni iqtisadi strategiyanı, daha doğrusu, Azərbaycanın yeni iqtisadiyyata keçidi dəstəklədilər.
Yeni qanunvericilik təşəbbüslər maliyyə sektorunda və valyuta bazarında az öncə bəhs etdiyimiz addımların atılmasını nəzərdə tutur, müsbət dəyişikliklər vəd edir.

Artıq anlamaq gərəkdir ki, manatın məzənnəsinin sabit saxlanması təkcə hökumətdən asılı deyil, vətəndaşlar da bu məsələdə bağlı hökumətlə bir istiqamətdə fəaliyyət göstərməlidirlər. 

Yeni strategiya, nou-hau taktikası vətəndaşların sözügedən proseslərdə aktiv inkişafını nəzərdə tutur. Məsələn, əhali tərəfindən milli manatın dərhal kütləvi şəkildə xarici valyutaya konvertasiyası ilkin dövrdə vətəndaşlar üçün sərfəli ola bilər. Lakin uzunmüddətli perspektivdə bu, milli manata etimadın azalmasına, dollarlaşma prosesinin güclənməsinə, bank sisteminin problemlərlə üzləşməsinə, daha sonra maliyyə sisteminin və valyuta bazarının ciddi zərbə almasına və vətəndaşların özlərinin əziyyət çəkməsinə səbəb ola bilər.    

Yəni indi dollar alıb yığan vətəndaş əslində iqtisadiyyatı zəiflətməyə çalışmaqla yanaşı, öz maliyyə imkanlarını və rifah səviyyəsini yxaın perspektivdə aşağı salmağa yönəlmiş addımlar atır.

Sosial siyasətdəki irəliləyişi də unutmayaq. Son iki gündə maaşlar, pensiyalar, hərbçilərə və veteranlara ödənişlərin artırılması ilə bağıl fərmanlar imzalandı, yeni iş yerlərinin açılması şərti səsləndirildi. Bunlar işsizlik və yoxsulluğun azaldılması, ölkənin sosial infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən genişmiqyaslı işlərdir.

Pensiyaların və əmək haqlarının 10 faiz qaldırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılmış önəmli addımdır. Neftlə zəngin olan ölkələrin, bu gün neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində maaşların artırılması müşahidə edilməyib. Əmək haqlarının artırılması uşun dövlət büdcəsindən 100 milyonlarla manat vəsait xərclənəcək. İl ərzində bu məsələyə yenidən baxılacağı istisna edilmir. 

Azərbaycan dövləti insanların sosial müdafiəsi məsələlərini daim diqqətdə saxlayıb və bundan sonra da belə olacaq.
Hazırkı vəziyyətdə atılan bu addım ciddi sosial təşəbbüsdür. Hakimiyyət insanları düşünür və ilk növbədə əhalinin rifah halının yüksəldilməsi üçün addımlar atır. 

Neft hasil edən və ya mövcud durumdan əziyyət çəkən heç bir ölkədə belə sosialyönümlü addımlar atılmır. Bu fakt bir daha əyani şəkildə təsdiq edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində 2016-cı ildə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək. Həyata keçirilən yeni iqtisadi siyasətin nəticəsində Azərbaycanda iqtisadi islahatlar dərinləşəcək, iqtisadi və maliyyə sistem sabitləşəcək və şəffaflaşacaq, bank sektoru mövcud durumdan çıxacaq və onun  davamlı inkişafı təmin ediləcək, milli manata etimad bərpa olunacaq, biznes mühiti daha da yaxşılaşacaq və işgüzar sferada fəallaşma baş verəcək, bütün bürokratik əngəllər maksimum aradan qaldırılacaq və iş adamlarına daha da yaxşı şərait yaradılacaq, dövlət idarəçilik sistemi daha da təkmilləşəcək və onun səmərəliliyi artacaq, əhalinin sosial rifahı yüksələcək.  

Yeni iqtisadi münasibətlərə keçdik. İqtisadiyyatımızda geniş islahatlar, rekonstruksiya və inkişafın sürətləndirilməsi dövrü başlanıb.
Bütün bu işlərin mərkəzində məhz bizlər, Azərbaycan vətəndaşları dururuq.

Elçin Alıoğlu
Milli.Az