Muğam üçlüyü İbrahim Tatlısəsin mahnısına klip çəkdirdi
1 Mart 2010 09:17
2003-cü ildə yaradılan və bir sıra tədbirlərdə iştirak edən, beynəlxalq festivallarda qalib olan üçlük milli musiqimizin təbliğatı istiqamətində çalışır. Lakin onların ilk klipi türk musiqisinin kralı kimi tanınan İbrahim Tatlısəsin son hitlərindən olan "Hadi-hadi"nin instrumental variantına həsr edilmişdi. Burada millilikdən uzaq olmaq istəməyən musiqiçilər ekran işini Elmira Rəhimovanın ifasında tanınan "Gecə yaman uzundur" musiqisinin sintezi ilə maraqlı ediblər. Buna baxmayaraq, tədbirdə iştirak edən bir çox qonaqlar üçlüyü milli musiqimizə, yaxud milli rəqslərimizdən birinə müraciət etmələrini daha məqsədə uyğun hesab etdilər.
Bəstəkar Vaqif Gərayzadə öncə ekran işinin MTV kanalına çıxarılmasını tövsiyə edərək, üçlüyün yaradıcılığında milli çalarlara üstünlük verməsini tövsiyə etdi. Müəlliminin fikrini davam etdirən müğənni Röya həm dost, həm də əməkdaş saydığı üçlüyün ilk kliplərində bütöv bir milli musiqinin olmamasına irad tutdu. Eyni zamanda vurğuladı ki, onların növbəti işi yəqin ki, müğənninin özü ilə olacaq. Nadir Qafarzadə isə bir qədər ürəkyanğısı ilə danışdı: "Əziz qızlar, Azərbaycan musiqisi rəhmətə gedir. Siz Azərbaycanca çalın, biz də Azərbaycanca oxuyaq".
Sənət adamlarının fikrinə bir qədər başqa prizmadan yanaşan Mədəniyyət və İncəsənət Universitetinin dekanı Vamiq Məmmədəliyev öncə vurğuladı ki, respublikada tar çalan çoxdur, lakin üçlüyün ifaçısı olan Humay qədər çalışqan və sənətini sevən ifaçı, özü də qadın ifaçı yoxdur.
Humay isə öz növbəsində bildirdi ki, rejissor Rüfət Nəzərlinin ekranlaşdırdığı bu klipdə vacib məqam udla kamançanın üçlükdə bir araya gəlməsidir. Eyni zamanda burada istər geyimləri, istərsə də, çalğıda milli çalarlar üstünlük təşkil edir:
"Burada fikirlər səsləndi ki, klipi sərhəddən kənara çıxarmağa səy göstərək. Biz bu barədə hələ instrumental əsəri hazırlayarkən düşünmüşük. Bu səbəbdən orada Azərbaycan ladına uyğun və Şərq üslubuna yaxın olan varinatı seçmişik. Aparılan danışıqlar artıq başa çatmaq üzrədir. Güman ki, tezliklə ilk klipimizin görüntüləri qonşu ölkənin telekanallarında da yayımlanacaq".
Sonda öyrəndik ki, "Humay qızlar üçlüyü"nün növbəti klipi də çəkilib və montaj işləri görülür. Bu barədə ətraflı məlumat veriləcək.
Xədicə
Milli.Az