Milli.Az-da "Həftəsonu qiraət": Bəyaz qar üstünə qan
27 Fevral 2010 19:35
Oxucularımızı indiyə qədər heç yerdə dərc olunmamış kiçik həcmli ədəbi-bədii əsərlərini (şeir, hekayə, esse və s.) [email protected] ünvanına göndərməyə dəvət edirik.
Oxucularımızın maraqlı yazıları saytda "Həftəsonu qiraət" bölməsində yerləşdiriləcək.
Bəyaz qar üstünə qan
Nə bilsin, onsuz da yuxusuz qalan
Ana son laylanı çalır bu gecə.
Arzuyla, diləklə, xoş xəyallarla
Körpə balasıyla qalır bu gecə.
Nə bilsin o körpə, ana qoynunda
Vətəndən vətənə pənah aparır.
Axrıncı aşrımın son addımında
Analı günləri bitir, qurtarır.
Nə bilsin o qoca, baba yurduna
Dünən ayaq basıb, çörək tapanlar
Qanlı əlcəyini geyib bir səhər
Adi insanlığı atar, tapdalar.
Nə bilsin ayazlı, ulduzlu gecə
Bəyaz qar üstünə qan yağacaqdır.
Dağların buzunu yuyub-əridən
Bahar yox, odlanan min bir ocaqdır.
Nə bilsin yuxuya gedən qayalar
Səhəri açacaq ah-nalələrlə.
Günahsız körpəni qoruduğuyçün
Tək-tənha qalacaq min güllələrlə.
Nə bilsin uzağı yaxın eyləyən
Aşrımlar, dolaylar, gizli cığırlar
Azadlıq,qurtuluş, həyat yolunda
Dönüb olacaqlar əbədi məzar.
Brest, 24.02.2010
Milli.Az