Azərbaycan xaricdən 26 milyon dollarlıq taksi avtomobilləri alacaq
4 Mart 2011 12:12
Yaxın vaxtlarda Azərbaycan Böyük Britaniyanın "Manganese Bronze" şirkətindən taksi avtomobilləri alacaq. Bunun üçün Azərbaycan tərəfi Britaniya şirkətinə 16 mln. funt sterlinq (təxminən 26,1 mln. ABŞ dolları) ödəyəcək. "Manganese Bronze" şirkətinə istinadən Milli.Az-ın verdiyi məlumata görə, göstərilən vəsait hesabına Azərbaycana min taksi avtomobilinin gətirilməsi nəzərdə tutulur.
Taksilər Çinin "Geely Automobile Holding"i tərəfindən istehsal olunacaq və "Manganese Bronze" şirkətinə göndəriləcək.
Sifariş Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhərində taksi xidmətlərinin təkmilləşdirilməsi məqsədi ilə təsis olunmuş "Baku Taxi Company" şirkəti tərəfindən verilib. Sifarişin 2011-ci il noyabrın sonuna qədər tam reallaşdırılması planlaşdırılır. Taksi xidmətlərinin təkmilləşdirilməsi proqramı Britaniyanın "TX4 London Taxis" qrupu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Artıq aprel ayında 100 avtomobildən ibarət ilk partiyanın Bakıya çatdırılması planlaşdırılır.
Qeyd edək ki, "Manganese Bronze" şirkəti "TX4 London Taxis" üçün bir sıra beynəlxalq (Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Küveyt) sifarişlər həyata keçirib.
Milli.Az